RU

Azərbaycan Milli Xalça Muzeyində “Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılıb

 

 

Finss.az - Sentyabrın 17-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının və UNESCO-nun ixtisaslaşmış qurumunun üzvü Milena Nəbiyevanın “Əsrlərin sədasında xalça sehri” adlı fərdi sərgisi açılıb.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Xalq rəssamı, professor Arif Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyeva, millət vəkili Razi Nurullayev çıxış edərək rəssamın yaradıcılığı və sərginin əhəmiyyətindən danışıblar.

Sərgidə müəllifin müxtəlif dövrlərdə ərsəyə gətirdiyi 40-dan artıq əsər təqdim olunur. Azərbaycan xalça kompozisiyalarının, ornamentlərinin mühüm yer tutduğu bu əsərlərdə milli memarlıq, təbiət və çiçək motivləri müasir rəssamlıq dili ilə əks etdirilib.

Orijinal bədii yanaşması ilə seçilən Milena Nəbiyeva öncə naxışları kətana köçürür, sonra həmin zəngin fon üzərində əsas süjeti qurur. Bu üsulla xalça motivlərinin Azərbaycanın memarlıq abidələri, doğma bölgələrin təbiət mənzərələri, nemətləri və s. ilə mükəmməl vəhdətini yaratmağa nail olur. Sərgidə təqdim olunan “Cənnət bağından heyva”, “Bazar səhəri”, “Malıbəyli”, “Aşiq olmaq”, “Sevgi buketi”, “Özünəinam buketi” və digər əsərlər bu baxımdan xüsusilə maraqlıdır. Onlarda keçmişin estetik kodları çağdaş təfəkkürlə qovuşur, naxışların dili ilə tariximizə, Azərbaycanın zəngin mədəniyyətinə dərin ehtiram ifadə edilir.

“Əsrlərin sədasında xalça sehri” sərgisinin Azərbaycan Milli Xalça Muzeyində keçirilməsi rəssamın yaradıcılığında milli xalça kompozisiyaları və ornamentlərinə geniş yer verməsi ilə əlaqədardır. Muzey xalça mövzusuna müraciət edən rəssamları daim dəstəkləyir və bu sərgi də həmin diqqətin bariz nümunəsidir.

Qeyd edək ki, rəssamın əsərləri bugünədək Bakı, Paris, Ankara və Sankt-Peterburq şəhərlərində keçirilən sərgilərdə nümayiş olunub. “Əsrlərin sədasında xalça sehri” sərgisi isə onun Azərbaycan mədəni irsini rəng, naxış və yeni ideyalarla ifadə etdiyi sənət yolunda növbəti mərhələdir.

Sərgi sentyabrın 21-dək davam edəcək.

Избранный
9
5
fins.az

9Источники