AZ

“Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının və UNESCO-nun ixtisaslaşmış qurumunun üzvü Milena Nəbiyevanın “Əsrlərin sədasında xalça sehri” adlı fərdi sərgisi açılıb.

Hafta.az xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru Əminə Məlikova sərgi barədə məlumat verib. O diqqətə çatdırıb ki, sərginin Azərbaycan Milli Xalça Muzeyində keçirilməsi rəssamın yaradıcılığında milli xalça kompozisiyaları və ornamentlərinə geniş yer verməsi ilə əlaqədardır.

“Sərgidə müəllifin müxtəlif dövrlərdə ərsəyə gətirdiyi qırxdan çox əsəri təqdim olunub. Azərbaycan xalça kompozisiyalarının, ornamentlərinin mühüm yer tutduğu əsərlərdə milli memarlıq, təbiət və çiçək motivləri müasir rəssamlıq dili ilə əks etdirilib. Təqdim olunan “Cənnət bağından heyva”, “Bazar səhəri”, “Malıbəyli”, “Aşiq olmaq”, “Sevgi buketi”, “Özünəinam buketi” və digər əsərlər bu baxımdan xüsusilə maraqlıdır. Onlarda keçmişin estetik kodları çağdaş təfəkkürlə qovuşur, naxışların dili ilə tariximizə, Azərbaycanın zəngin mədəniyyətinə dərin ehtiram ifadə edilir. Rəssamın əsərləri bugünədək Bakı, Paris, Ankara və Sankt-Peterburq şəhərlərində keçirilən sərgilərdə nümayiş olunub. “Əsrlərin sədasında xalça sehri” sərgisi isə onun Azərbaycan mədəni irsini rəng, naxış və yeni ideyalarla ifadə etdiyi sənət yolunda növbəti mərhələdir”,- deyə Ə.Məlikova əlavə edib.

Xalq rəssamı, professor Arif Hüseynov rəssam haqqında fikirlərini bölüşərkən deyib: “Orijinal bədii yanaşması ilə seçilən Milena Nəbiyeva əvvəlcə naxışları kətana köçürür, sonra həmin zəngin fon üzərində əsas süjeti qurur. Bu üsulla xalça motivlərinin Azərbaycanın memarlıq abidələri, doğma bölgələrin təbiət mənzərələri, nemətləri ilə mükəmməl vəhdətini yaratmağa nail olur”.

Millin Məclisin deputatı Razi Nurullayev, Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyeva müəllifin yaradıcılığı və sərginin əhəmiyyətindən söhbət açıblar.

Daha sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgi sentyabrın 21-dək davam edəcək.

Seçilən
1
6
hafta.az

7Mənbələr