RU

"Qarabağ" "Benfika"nı necə məğlub etdi? - ANALİZ

"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsində "Benfika"nı məglub etməsi dünya gündəmini zəbt edib. Xarici mütəxəssislər oyun haqda fikirlərini səsləndirirlər.

Operativ Media xəbər verir ki, türkiyəli futbol analisti Eray Can Gencer Azərbaycan təmsilçsinin qələbəsini "X" sosial media hesabında təhlil edib.

O, bu qələbəni çox böyük uğur adlandırıb.

"Oyun başlayandan etibarən “Qarabağ”ın “Benfika”nın yarımmeydançasında göstərdiyi davranış əslində bütün oyunun tonunu müəyyənləşdirirdi. Daha ilk andan etibarən bütün komanda yüksək intensivliklə press edərək “Benfika”ya açıq mesaj vermək istəyirdi: “Bu oyunu sənin istədiyin ritmdə oynamayacağıq.” Rəqibi dar zonalara sıxışdıraraq səhvə məcbur edir, topu qazandıqda isə onu uzaqlaşdırmaq və ya müdafiəyə çəkilmək haqqında düşünmürdülər. Əksinə, dərhal oyunu öz nəzarətlərinə almaq üçün topa sahib olur və öz oyun fəlsəfələrini meydana diktə etməyə başlayırdılar. Bu, sadəcə oyun planı deyil, eyni zamanda açıq bir meydan oxuma idi: “Sənə təslim olmayacağam, bu oyunu öz fəlsəfəmə uyğun oynayacağam və bunu sənə qəbul etdirəcəyəm.” Məhz bu düşüncə ilə oyuna başlamaları və bunu rəqibə hiss etdirmələri səbəbindən geri düşsələr belə, matçı çevirmək üçün inam və motivasiya tapırdılar.

“Qarabağ”ın “Benfika” səfərində orta mövqe xəritəsi əslində çox şeyi izah edir. Bu qədər kompakt və cəsarətli yanaşma, dəyəri özündən təxminən 14 dəfə artıq olan komandaya qarşı tam mənada bir meydan oxumadır. “Arxaya çəkilib gözləməyəcəyəm, oyunu sənin meydanında da oynayaram” mesajını ən aydın şəkildə verir. Komanda boyunu qısa saxlayaraq meydanı daraldır, blokları bir-birinə yaxınlaşdırır və bununla da həm “Benfika”nın ötürmə variantlarını məhdudlaşdırır, həm də meydanda özünəinam nümayiş etdirir.

“Recovery per minute” – yəni top itkisindən sonra komandanın topu nə qədər tez və hansı tezliklə geri qazandığını göstərən göstərici – bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Buradakı dəqiqələr üzrə rəqəmlər bunu deyir:

1–15-ci dəqiqələrdə “Benfika”nın göstəricisi 0.34, “Qarabağ”ın isə 0.33-dür. Yəni demək olar ki, bərabərdir. Bu, “Qarabağ”ın səfərdə belə eyni intensivliklə press edə bildiyini göstərir.

İkinci hissənin 61–75-ci dəqiqələri arasında “Benfika” 0.29, “Qarabağ” isə 0.27-dir. Fərq yenə çox azdır.

Son bölümdə (76–90) “Qarabağ” 0.30, “Benfika” isə 0.31-dir. Yəni oyunu buraxmadılar, əksinə sona qədər eyni şiddətlə mübarizə apardılar.

 

“Qarabağ” Çempionlar Liqasının daimi iştirakçısı olan “Benfika”ya qarşı səfərdə top itkisi sonrası mübarizədə geri qalmadı. Burada “recovery” yalnız müdafiə deyil; həm də cəsarətin, inamın və qətiyyətin göstəricisidir.

PPDA (Passes Allowed Per Defensive Action) – rəqibin oyun qurarkən neçə ötürmə etməsinə icazə verildiyini göstərir. Dəyər nə qədər aşağıdırsa, pressin intensivliyi bir o qədər yüksəkdir. “Qarabağ” “Benfika”ya qarşı səfərdə sadəcə hesabı qorumağa çalışmadı, oyunu diktə edən tərəf oldu. Xüsusilə 61–75-ci dəqiqələrdə, hesab 2:2 olmasına baxmayaraq, rəqibin oyun qurmasına daha az imkan verən tərəf kimi önə çıxdılar. Normalda səfərdə oynayan komandaların bu anlarda daha kontrollu davranması gözlənilirdi, lakin “Qarabağ” planından imtina etmədi; komanda şəklində hərəkət edərək, inam və intizamla meydanda cəsarətli kimliyini göstərdi.

Topa sahib olma və ötürmə dəqiqliyi göstəriciləri də “Qarabağ”ın oyun fəlsəfəsini aydın şəkildə izah edir. Bu rəqəmlər bizə deyir ki, “Qarabağ” topu qazandıqda ondan düzgün istifadə etdi. Ümumi göstəricidə “Benfika” 53% ilə bir qədər üstün görünür, amma fərq minimaldır. Xüsusilə ilk hissədə “Qarabağ” 49% göstərici ilə topa demək olar ki, bərabər sahib olub. Bu isə səfərdə tamamilə geriyə çəkilmədiyinin sübutudur.

Ötürmə dəqiqliyinə baxanda mənzərə daha da diqqətçəkicidir: “Qarabağ” 81–82% göstəriciyə sahib olduğu halda, “Benfika” 84%-də qalıb. Yəni ötürmə keyfiyyətində də demək olar ki, bərabər çıxış ediblər. Hətta 31–45-ci dəqiqələr arasında “Qarabağ” 86%-ə yüksələrkən, “Benfika” 80%-də qalıb. Deməli, onlar yalnız müqavimət göstərməyiblər, topa sahib olduqda ondan daha düzgün yararlanıblar.

İndi sizi 71-ci dəqiqəyə aparım… “Qarabağ” burada topu qazandıqdan sonra qurduğu üçbucaqlar, oyunçuların bir-birinə yaxınlığı, qısa əlaqələr, sakitlik və soyuqqanlılıqla hərəkət edir. Bütün bunların nəticəsində “Benfika” səfərində düz 1 dəqiqə 14 saniyə topa sahib olurlar və bu müddətdə 27 ötürmə reallaşdırırlar. Hesabın 2:2 olduğu anda, üstəlik səfərdə belə bir tablo ortaya qoymaq Qurban Qurbanovun necə böyük taktiki ustad olduğunu, futbolçularının isə nə qədər özünəinamlı və plana sadiq olduğunu sübut edir.

xG – yəni qol gözləntisi – isə oyun boyu kimin daha çox təhlükə yaratdığını göstərir. Göründüyü kimi, “Qarabağ” “Benfika” səfərində yalnız hesab baxımından yox, qol gözləntisində də rəqibinin önündə olub. Yəni oyunu “Benfika”dan daha təhlükəli şəkildə başa vurublar. Bu da “Qarabağ”ın cəsarətli oyun fəlsəfəsinin və ortaya qoyduğu planın ən bariz sübutudur.

Xüsusilə 30-cu dəqiqədən sonra mənzərə tamamilə dəyişir. “Qarabağ” yalnız oyunu tarazlamır, həm də nəzarəti ələ alır. Bununla yanaşı, təhlükəli vəziyyətlər yaratmağa davam edir. Oyunboyu “Benfika”dan daha yüksək qol gözləntisi ilə matçı tamamlamaları da onların nə qədər təhlükəli oynadıqlarının və rəqibi hansı çətin vəziyyətə saldıqlarının ən aydın göstəricisidir.

“Qarabağ”ın bu gün meydanda nümayiş etdirdiyi cəsur futbol klubun uzunmüddətli strategiyasının məhsuludur. Bu strategiya Qurban Qurbanovun yüksək səviyyəli taktiki düşüncəsi ilə həyata keçir. Bəlkə də başqa komandaların seçməyəcəyi futbolçular burada sistemin bir parçasına çevrilir, dəyər qazanır və komandaya müsbət təsir göstərirlər. Bu hekayənin harada bitəcəyi bəlli deyil, amma yaratdıqları təsir və Azərbaycan xalqına yaşatdıqları qürur doğrudan da təqdirəlayiqdir".

Избранный
16
operativmedia.az

1Источники