RU

Siyavuş Kərimi ilk dəfə Milli Konservatoriyadan getməsindən danışıb: "Düzdür səhvimiz olub, amma..." - MÜSAHİBƏ

BAKI, 18 sentyabr. TELEQRAF

Azərbaycan Milli Konservatoriyasının sabiq rektoru, Xalq artisti Siyavuş Kərimi "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Siyavuş müəllim, sizcə, bu gün Azərbaycanda musiqi sənətinin inkişaf səviyyəsi hansı mərhələdədir?

- Azərbaycan musiqi sənəti hər zaman yüksək səviyyədə olub. Çünki onun fundamental əsasları, dərin kökləri bu sənəti daim zirvələrə aparan əsas amillərdəndir. Musiqimizin müxtəlif janrları mövcuddur. Bu gün klassik musiqi ifaçılığında, simfonik musiqi sahəsində yaxşı sənətkarlarımız var. Eyni zamanda, milli musiqimiz, muğam ifaçılığımız inkişaf edir. Dövlətin musiqi sənətinə göstərdiyi diqqət və dəstək - muğam evlərinin inşası, mədəniyyət ocaqlarının yaradılması bu sahənin yaşamasına və inkişafına mühüm töhfələr verir.

Hesab edirəm ki, Azərbaycan musiqisi böyük bəstəkar Üzeyir Hacıbəylinin qoyduğu möhkəm təməllərə əsaslanaraq daim inkişaf yolunda olacaq, yeni-yeni nailiyyətlər əldə edəcək. Mən buna inanıram. Çünki uzun illərdir bu sahə ilə məşğul olmuşam və indi də fəaliyyətimi davam etdirirəm.

- Siz çağdaş musiqi sənətində beynəlxalq layihələrin müəllifisiniz, uğurlara imza atmısınız. Sənətinizlə bağlı daha hansı arzularınız və planlarınız var?

- Arzularım tükənməzdir. Adətən, bir arzu digərini doğurur. Bir arzunu əldə edəndə başqa bir arzu yaranır. Amma çox istərdim ki, musiqimizin təbliğat sistemində onun ən gözəl nümunələri səslənsin. Biz gənclərimizin gələcəyini gözəl musiqi ilə formalaşdırmalıyıq. Çünki bizim gələcəyimiz gənclərimizlə bağlıdır. Onlar düzgün musiqi təhsili almaq imkanı əldə etməlidirlər.

Musiqi janrları və istiqamətləri çoxdur, bunun inkişafa da, tənəzzül də aparan yolları var. Ona görə gənclərin düzgün musiqi tərbiyəsi alması vacibdir. Bu isə zövqlü və məqsədyönlü musiqi tədrisinin və təbliğatının aparılması ilə mümkündür - istər sosial əbəkələrdə, istər televiziyada, istərsə də konsert salonlarında.

- Sizə “Orkestr adam” deyirlər. Bu ifadə necə yaranıb? Bu cür müraciəti bəyənirsinizmi?

- Artıq bu ifadəyə öyrəşmişəm. Tələbəlik illərimdə əsasən milli alətlərin ifaçısı olsam da, həmişə digər alətləri də öyrənməyə maraq göstərirdim. Nəfəsli alətlər, digər klassik alətlər... Xeyli alətdə ifa etməyi bacarırdım. Bilirdim ki, hərbi xidmət zamanı bu biliklərim mənə lazım olacaq. Elə də oldu. Mən hərbi orkestrdə də çalışmalı oldum.

Mənə “Orkestr adam” deyəndə normal qarşılayıram. Çünki bu, hər kəsin bacara biləcəyi bir şey deyil.

- Televiziyaların musiqimizin təbliğindəki rolu barədə nə düşünürsünüz? Sizcə, bayağı musiqinin efirdə üstünlük təşkil etməsinin səbəbi nədir, bunun qarşısını almaq üçün nə etmək lazımdır? Bu məsələdə televiziyanı günahkar sayanlar da az deyil.

- Mən tamaşaçını da, televiziyaları da başa düşürəm. Televiziyada ən azı 300-500 adam çalışır. Hər biri ailəsinə çörək aparmaq üçün oradadır. Televiziya rəhbərliyi düşünür ki, əməkdaşlarının maaşı normal olmalıdır, bunun üçün daha çox reklam gəliri lazımdır. Reklam verənlər isə daha geniş auditoriyaya malik televiziyaları seçirlər. Bu zaman kanallar arasında geniş auditoriya uğrunda yarış başlayır.

Əlbəttə, geniş auditoriya qazanmaq üçün ictimaiyyətin ən sevimli kanalına çevrilmək tələbi yaranır. Bu isə birbaşa ictimaiyyətin mədəni səviyyəsindən asılıdır. İctimaiyyət daha çox nəyi sevir - simfonik əsərləri, toyxana çal-çağırını, yoxsa ciddi Azərbaycan musiqisini? Faiz nisbətində baxanda görürsən ki, yüksək səviyyəli musiqilər cədvəldə son yerləri tutur. Bu səbəbdən televiziya kanalları məcbur qalırlar ki, tamaşaçının istəyinə uyğun efir siyasəti qursunlar.

Toy musiqiləri, qalmaqallar, ailə problemləri, bunlar daha çox izlənir. Mən heç vaxt toy musiqisini pisləmək istəmirəm. Toy gözəldir, hər kəsə toy arzulayıram. Amma bu, ümumi musiqi zövqünü formalaşdırmamalıdır. Azərbaycanın müxtəlif bölgələrinin özünəməxsus mədəniyyəti var və biz onların hamısına hörmət edirik. Çünki onlar Azərbaycan mədəniyyətinin çeşidləıridir. Bəzi şəxslər öz bölgələrindən olan tanışlarını efirə çıxarmaq üçün imkanlarından istifadə ediblər. Bu da bəzən keyfiyyət baxımından uyğun olmayan ifaların efirə çıxmasına səbəb olur. Hətta belə mənzərədə korrupsiya halları da ortaya çıxır. Kim gəldi, özünün şəxsi və ya bölgə mədəniyyətini televiziyada nümayiş etdirir.

Unutmamalıyıq ki, cəmiyyətin böyük hissəsi televiziya qarşısında əyləşir. Televiziya əslində bir müəllim funksiyasını daşımalıdır. Əgər kimsə televiziyaya çıxırsa, ictimaiyyət bunu belə qəbul edir: "Deməli, bu ifaçı dövlət tərəfindən qəbul olunub, deməli, belə olmaq lazımdır".

Efirlərə həm yaxşı, həm də zəif səviyyəli ifalar yol tapa bilir. Necə deyərlər, zövqlər müxtəlifdir, biri al sevir, o biri şal. Bu şəraitdən də sui-istifadə edənlər öz toy bizneslərini formalaşdıdılar. Bütün bu hallar bir-birinə zəncirvari şəkildə bağlıdır.

Ümumiyyətlə, mədəniyyətimiz cəmiyyətə düzgün aşılanmalıdır. Artıq vurğuladığım kimi, övladlarımız bizim gələcəyimizdir. Onlar cəmiyyətin təqdim etdiyi dəyərlərlə böyüyür. Mən istəyirəm ki, övladlarım ağıllı, düşüncəli musiqi dinləsinlər.

Ulu öndər Heydər Əliyev mədəniyyət sahəsinə çox diqqət yetirirdi. Bilirdi ki, ölkənin gələcəyini onun mədəniyyəti həll edəcək. Mədəniyyəti qavramış insan iqtisadiyyatda da, siyasətdə də gərəkli və layiqli kadr olacaq. Gözəl teatrlarımız, konsert salonlarımız, ümumiyyətlə, müasir mədəniyyət məkanlarımız olmalıdır.

- Telekanallarımızda bədii şuralar var, məsələn, AzTV və İTV-də. Sizcə, onlar öz işlərini lazımi səviyyədə görürlərmi?

- Doğrusu, mən hazırda bu məsələ ilə məşğul deyiləm. Amma vaxtilə AzTV-də Bədii Şuranın üzvü olmuşam. "Hər televiziyanın öz bədii şurası var" fikri ilə razılaşmıram. Həmçinin, "hər televiziyada mütləq bədii şura olmalıdır" düşüncəsi də mənə görə əsassızdır.

Bədii Şura ölkə üzrə vahid olmalıdır və onun verdiyi qərarlar bütün televiziya məkanlarına şamil edilməlidir. Əgər mən bir televiziya kanalına deyirəmsə ki, “burada bu cür kontent olmasın", amma başqa kanalda eyni şey yayımlanırsa, tamaşaçı sadəcə o birinə keçəcək. Yəni qanun, qayda və keyfiyyət meyarları bütün telekanallar üçün eyni olmalıdır.

Televiziya ictimai rəyə təsir edir və burada fərdi yanaşmalar yox, ümummilli mədəni siyasət əsas götürülməlidir.

- Musiqi sənətində istedad neçə faiz rol oynayır?

- İnsan özünü tamamilə musiqiyə həsr edəndə nəsə alına bilər. Yox, sənətə yarımçıq yanaşırsansa, "həm burada, həm orada olmaq" istəyirsənsə, bu, nəticə verməyəcək.

Bəzi insanlar musiqi sahəsinə əyləncə kimi baxırlar. Halbuki musiqi böyük elmdir, ciddi sənətdir. Musiqi insanı ağlada, güldürə, düşündürə, oynada, bir sözlə, yerindən tərpədə bilir.

Eyni zamanda musiqi təhsili çox vacibdir. Bəzən valideynlər uşaqları musiqi məktəbinə yazdırır. Məcbur edirlər, amma uşaq istəmir. Lakin 2-3 il musiqi ilə məşğul olan bir uşağın zehni inkişafı digərlərindən fərqli olur. Ona görə musiqi təhsili önəmlidir. Nobel mükafatı laureatlarının bir çoxu musiqi təhsili alıb. Bu, təsadüfi deyil.

- Siz özünüz haqqında "dünya səviyyəli musiqiçi" ifadəsini qəbul edirsinizmi?

- Xeyr. Mən adi musiqiçiyəm.

- Azərbaycandan dünya səviyyəli sənətkarlar çıxıbmı?

- Əlbəttə, Rəşid Behbudov, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dünya səviyyəli sənətkarlarımız var.

- Özünüzü bu korifeylərin davamçısı hesab edirsinizmi?

- Mən bu korifeylərin ancaq xidmətçisi ola bilərəm. Onlar əlçatmazdır. Məşhur insanı cəmiyyət formalaşdırır. Onun əməyini, istedadını cəmiyyət görüb dəyərləndirir. Özümə "mən beləyəm" deyə bilmərəm. Amma bunu edənlər var!

- Milli Konservatoriyanın rektorlu vəzifəsindən ayrıldıqdan sonra fəaliyyətiniz necə davam edir?

- Hazırda təqaüddəyəm, evdə çalışıram. Yeni bir əsər üzərində iş gedir, xarici ölkələrdən bir çox təkliflər var. Əsər hazır olduqdan sonra danışmaq daha asan olacaq. 30 ilə yaxındır, Norveçlə əməkdaşlıq edirəm. Texniki baxımdan studiya imkanlarımı da bərpa etmək fikrindəyəm ki, işlərimi daha keyfiyyətlə ərsəyə gətirə bilim.

- Son olaraq “Nəsimi” operasını təqdim etdiniz...

- Yenə elə bir əsər gözlənilir.

- Siyavuş müəllim, Milli Konservatoriyadan ayrıldığınız zaman tələbələrinizlə vidalaşanda duyğusal anlar yaşadığınız. O günlər sizdə hansı hissləri oyatdı?

- Əlbəttə, çətin anlar idi. Yaratdığım ali məktəbdən ayrılırdım. Orada nə baş verir, mənim adımla bağlıdır. 24 il ərzində digər universitetlərin 100 illik fəaliyyətini qısa müddətdə həyata keçirdim. Azərbaycanın ən maraqlı ali təhsil müəssisələrindən birinin əsasını qoya bildim, onu formalaşdırfdım. Təfərrüata varmaq istəmirəm.

- Milli Konservatoriyanın təhsil sistemi ilə maraqlanırsınızmı?

- Nəinki maraqlanıram, hər gün məlumat alıram. Konservatoriya mənim övladım kimidir. Məsələn, ana öz qızını ailə qurarkən necə maraqlanırsa, mən də eyni hissləri yaşayıram. Hələ ki bu haqda danışmaq istəmirəm.

- 23 illik rektorluq fəaliyyətiniz haqqında ən sevincli və kədərli anlar hansılardır? Nələri unuda bilmirsiniz?

- Orada keçirdiyim heç nəyi unuda bilmirəm. Hər gün bir nailiyyət idi. Mən ən güclü musiqi bilicilərini oraya toplamışdım. Düzdür, səhvlərim də olub. Özlərini bilici kimi göstərən, amma heç nə anlamayan adamlar da gəlib düşmüşdü aramıza. Nəinki aramıza düşmüşdülər, hətta vəzifə də vermişdim onlara. Həyatda belə hallar olur.

Əsas məsələ odur ki, orada böyük nailiyyətlər əldə olunurdu. Oradakı fəaliyyətin səviyyəsi heç yerdə göstərilə bilməzdi. Çünki yüksək səviyyə mənim üçün çox vacib məsələdir.

Ümid edirəm ki, Konservatoriya mənim dövrümdəki ən yüksək səviyyəsini indi də qoruyub saxlaya biləcəklər. Bilirəm ki, hər şey gec-tez öz yerini tapır.

- Tələbələrinizlə görüşürsünüzmü?

- Nəinki görüşürəm, onlar hər gün mənə zəng edirlər. Mən də deyirəm ki, oxuyun və yaxşı təhsil alın. Əsas məsələ budur. Hər halda Milli Konservatoriya mənim nəzarətimdən kənarda deyil.

- Haqqınızda deyilir ki, çox ədalətli rektor olmusunuz. “Ədalətli rektor” anlayışı sizin üçün nədir?

- Mənim iş otağımın qapısı hər kəs üçün açıq idi. Əgər tələbə mənim yanıma gəlirdisə, deməli, onun problemi var idi. Əgər haqlı idisə, ona kömək edirdim. Haqsız idisə, bunu da açıq şəkildə deyirdim. Biz ora sadəcə maaş almağa və ya yuxarıda oturub əmr verməyə gəlməmişik. Biz ora tələbələrlə görüşməyə, onlara nəinki musiqi təhsili verməyə, eyni zamanda keyfiyyətli insan olmağı öyrətməyə gəlmişdik. Əsas məsələ budur.

- O günləri xatırlayanda özünüzü necə hiss edirsiniz?

- Nostalji hisslər var, təbii ki. Amma mən başa düşürəm ki, bunu həyatımızın kredosu etmək düzgün deyil. Ona görə də belə bir prinsip seçmişəm: öz işinlə məşğul ol və Azərbaycan musiqisini həmişə zirvədə saxla.

- Milli Konservatoriyanın hazırkı rəhbəri Kamilə Dadaşzadə ilə münasibətiniz necədir?

- Kamilə xanımla münasibətimiz normaldır. O, mədəni bir qadındır. Düzdür, biz tez-tez görüşmürük və mən artıq Milli Konservatoriyaya getmirəm. Amma rastlaşanda salamlaşırıq.

- Suallarımız bitdi, vaxt ayırdığınız üçün təşəkkür edirik. Əlavə fikriniz varsa buyurun.

- Təşəkkür edirəm. Bəzi məsələlərin dəyişməsini istərdim. Məsələn, müəllim, alim, musiqiçi 65 yaşına çatdıqda işdən çıxarılır. Niyə? Axı 65-70 yaş aralığı müəllimin ən gözəl, çiçəklənən dövrüdür. Bu onun ən peşəkar tədris illəridir. Necə ola bilər ki, 27-28 yaşlı gənc müəllim 65 yaşlı müəllimdən daha çox bilsin?..

O yaşda müəllimin böyük həyat və pedaqoji təcrübəsi olur. Söhbət təkcə uşaqlara ədəbiyyat və ya riyaziyyatı öyrətməkdən getmir. Söhbət insan yetişdirməkdən gedir. Əsas məsələ budur.

Təbii ki, elmi biliklər də vacibdir. Məsələn, aktyor 65 yaşından sonra teatrdan getməlidirsə, bəs yaşlı obrazı kim canlandırmalıdır? Gənc aktyora qrim vurub yaşlı obraz kimi onu səhnəyə çıxarırlar. Amma o, həmin yaş dövrünü yaşamayıb, onu hiss edə, canlandıra bilməz. Bu isə təbiiliyin itməsinə səbəb olur.

Azərbaycan mədəniyyəti dünyanın ən gözəl mədəniyyətlərindən biridir. Bu gün başqa xalqların mədəniyyət səviyyəsinə baxıram və bəzən həsəd aparıram, nə qədər böyük inkişaf var! Qazaxlara, özbəklərə baxın, onların hamısı bizim mədəniyyətə ilahi bir mədəniyyət kimi baxırlar. Mən öz mədəniyyətimin gücünü və dəyərini bilirəm. Çox ümid edirəm ki, hər şey yaxşı olacaq.

Избранный
27
teleqraf.com

1Источники