RU

Regionun sabitlik və inkişaf xəritəsi: 3+3 modeli

Yeniazerbaycan portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Cənubi Qafqaz üçün yeni əməkdaşlıq formatı...

Post-müharibə dövrünün reallıqları arasında münasibətlərin normallaşması, bölgədə yeni iqtisadi sistemin qurulması və əlaqələrin yeni müstəvidə formalaşdırılması kimi faktorlar da yer almaqdadır. Bu istiqamətdə illərdir ki, davam edən və özünün məntiqi nəticəsinə yaxınlaşan proses müsbət trayektoriyalı inkişaf xəttinə malikdir. Vaşinqton görüşü ilə yeni mərhələyə qədəm qoyan sülh prosesi özlüyündə Cənubi Qafqazın stabil və sabit ünvan kimi şöhrət qazanmasına, tanınmasına, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapmasına  yol açır. Bu isə həm də region ölkələri arasında əməkdaşlığa yeni bir ölçü qazandırır. Müharibədən ötən 5 ildə bütövlükdə region üçün yeni perspektivlər açılması istiqamətində mühüm addımlar atılır - Azərbaycanın yürütdüyü siyasətin hədəfi məhz buna yönəlib. Bizim əsas prioritetimiz Cənubi Qafqaz üçün yeni inkişaf tempi qazandırmaqdır. Azərbaycanın qətiyyəti və sülhpərvər mövqeyi ilə Cənubi Qafqaz dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yer qazanır.

Moskva prosesi dəstəkləyir...

Yeri gəlmişkən, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Rusiya Ermənistan-Azərbaycan münasibətlərində əldə olunan tərəqqini alqışlayır. O deyib: “Bununla belə, Bakı və İrəvanın qarşısında qalan fikir ayrılıqlarını aradan qaldırmaq, xüsusən də ədalətli əsaslarla sülh sazişi imzalamaq, sərhədin delimitasiyası və demarkasiyasını başa çatdırmaq, nəqliyyat kommunikasiyalarını açmaq, bütün bunları hər iki ölkənin, həmçinin regionun ən böyük siyasi və iqtisadi qonşuları olan Rusiya, İran, Türkiyə kimi dövlətlərin maraqlarına uyğun şəkildə etməklə bağlı görüləcək çox iş var”.

M.Zaxarova vurğulayıb ki, “3+3” regional əməkdaşlıq platforması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərinin və Cənubi Qafqazın digər aktual mövzularının müzakirəsi üçün yaxşı vasitədir. Bu platformaya Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə daxildir.

Rusiya XİN-in nümayəndəsinin sözlərinə görə, Moskva azərbaycanlı və erməni həmkarlarından bu platformanın üzvü olan ölkələrin xarici siyasət idarələrinin növbəti iclasının yeri və tarixlərinin tezliklə razılaşdırılması üzrə fəal addımlar gözləyir. O, uğur əldə etmək üçün Rusiyanın tərəfdaşlarına lazımi köməklik göstərməyə hazır olduğunu təsdiqləyib.

İnkişaf və əməkdaşlıq üçün mühüm çağırışlar...

Hazırki mərhələ regionda indiyə qədər formalaşan əməkdaşlıq platformalarını daha da təkmilləşdirir - bugünədək bölgədə formalaşdırılan Azərbaycan - Gürcüstan - Türkiyə, Rusiya - İran - Azərbaycan və bu kimi üçlü, Azərbaycan - İran - Türkyə - Rusiya kimi dördlü əməkdaşlıq platformaları həm miqyasına, həm də hədəfələrinə görə genişlənir. “3+3” formatı kimi müəyyənləşdirilən və Azərbaycan ilə Türkiyənin təşəbbüsü ilə həyata keçirilən platforma isə əsasən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunmasını, regional əməkdaşlıqların möhkəmləndirilməsini özündə ehtiva edir. Qeyd edək ki, “3+3” formatında ilk iclas Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsindən 2021-ci il 10 dekabr tarixində Moskvada keçirilmişdi. İkinci tədbir isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda reallaşdı. Moskva toplantısında iqtisadiyyat, energetika, ticarət, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, təbii ehtiyatlar, təhsil, mədəniyyət, turizm kimi sahələr üzrə əməkdaşlığın perspektivi nəzərdən keçirilmişdisə, Tehranda baş tutan beştərəfli görüşdə regional kommunikasiya məsələsi də müzakirə predmetinə çevrilmişdi. 2024-cü ilin oktyabrında isə tədbir İstanbulda baş tutdu.

 Qeyd edək ki, bu seriyadan olan görüşlərin iqtisadi nəticələri isə daha böyük coğrafiya üçün maraq və əhəmiyyət kəsb edir. Çünki Cənubi Qafqazda yaranan əməkdaşlıq platformalarının miqyası yalnız 6-lıq ölkələri ilə məhdudlaşmır. Bu və ya digər şəkildə TDT, BRICS, ŞƏT, hətta Avropa Birliyinin diqqətini özünə cəlb edən bu əməkdaşlıq müstəvisinin əhəmiyyəti böyük ölçü ilə qiymətləndirilir - bu formatın uğurlu sferaya qədəm qoyması özlüyündə Zəngəzur dəhlizinin (TRİPP) reallaşmasını, münasibətlərin normallaşmasını, bölgənin yeni iqtisadi trendə çevrilməsini və beynəlxalq tranzit qovşağa transformasiyasını gerçəkləşdirir. Bu baxımdan, gərgin siyasi mövcudiyyətdə platformanın irəliyə atdığı hər bir addım böyük bir region üçün müsbət dividendlər vəd edir.

Azərbaycan isə bütün hallarda istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə qlobal səmərəsini düşünür - ölkəmiz üçün bölgənin ümumi inkişaf tempinin yüksəlməsi əsas hədəfdir. Məhz ölkəmizin səyi nəticəsində Cənubi Qafqaz yeni iqtisadi-siyasi nizamın ən mühüm elementlərindən biri qismində çıxış edir. Həm Şərqin, həm də Qərbin geosiyasi maraq dairəsində olan coğrafiyamızı “vazkeçilməz” edən məhz burada yaradılan sabitlik faktorudur. Azərbaycanın iradəsi ilə qətiləşən sabitlik isə iqtisadi əməkdaşlığın əsas təməl prinsiplərindən biri qismində çıxış edir.

İqtisadi inteqrasiyanın və siyasi dialoqun əsas lokomotivi...

Vaşinqton görüşləri və sülh sazişinin paraflanması göstərdi ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar İrəvan tərəfindən də qəbul olunur. Ölkəmizin qətiyyəti ilə sülh sazişinin müddəalarını qəbul edən Ermənistan “3+3 formatı”nın yeni əməkdaşlıq platforması kimi fəal müstəvi şəkli almasına da tərəfdardır. Təsadüfi deyildi ki, Vaşinqton görüşlərindən, xüsusilə Zəngəzur dəhlizinin (TRİPP) açılması ilə bağlı razılaşmadan az sonra Ermənistanın siyasi hakimiyyəti “3+3” formatlı görüşlərlə bağlı mövqe ortaya qoydu. Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İranın IRNA agentliyinə müsahibəsində bildirmişdi ki, Cənubi Qafqazda kommunikasiyaların blokdan çıxarılmasına dair razılaşma “3+3” formatında dialoqda yeni səhifə açıb, bu formatda növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsi planlaşdırılır. “Hesab edirik ki, bu dialoq formatı regional, xüsusən də nəqliyyat və infrastruktur kommunikasiyaları sahəsində olan layihələrin müzakirəsi üçün əlverişli platformaya çevrilə bilər”, - o bildirmişdi. Kostanyan Azərbaycan və Ermənistan arasında münasibətlərdə son hadisələrin, eləcə də regionda nəqliyyat marşrutlarının bərpasına dair fundamental razılaşmanın dialoq üçün, o cümlədən “3+3” çərçivəsində yeni fəsil açdığını vurğulamışdı.

Beləliklə, 3+3 formatı regionda sabitliyin, əməkdaşlığın və tərəqqinin yeni xəritəsini yaradır. Bu platforma təkcə təhlükəsizlik zəmanəti deyil, həm də iqtisadi inteqrasiyanın, siyasi dialoqun və mədəni yaxınlaşmanın əsas lokomotivinə çevrilir. Azərbaycanın təşəbbüsü və fəal rolu isə formatın gələcək uğurlarını şərtləndirən mühüm amildir. 3+3 modeli həm bölgə dövlətlərinin maraqlarını uzlaşdırır, həm də regional güc mərkəzinin yaranmasına real zəmin yaradır.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
1
yeniazerbaycan.com

2Источники