RU

İkinci əl avtomobillər kəskin bahalaşacaq KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin ilk 8 ayında Azərbaycana 733 milyon dollar dəyərində 37 min 183 ədəd hibrid mühərrikli avtomobil idxal edilib.

KONKRET.az xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalı dəyər ifadəsi ilə 345,2 milyon dollar və ya 89%, miqdar ifadəsi ilə isə 23 min 679 ədəd və ya 175,3% (2,7 dəfə) artıb.

Ötən ilin eyni dövründə xaricdən 387,9 milyon dollar dəyərində 13 min 504 ədəd hibrid avtomobil gətirilmişdi.

1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 2025-ci ilin 8 ayının nəticələrinə görə orta hesabla 19 min 715 dollar (33 min 516 manat) olub ki, bu da son bir ildə 9 min 35 dollar (15 min 360 manat) və ya 31,4% ucuzlaşma deməkdir.

2024-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 28 min 750 dollar (48 min 875 manat) olub.

Son 2-3 ildə hibrid avtomobillərin ƏDV və gömrük güzəştləri nəticəsində böyük həcmlərdə idxalı baş verdi.

Bu da həm qiymətləri aşağı saldı, həm də ölkədə avtoparkın yenilənməsini sürətləndirdi. Nəzərə aıaq ki, 2026-cı ilin 1 yanvarından yeni avtomobillərə tətbiq edilən ƏDV-nin (18%) güzəşt müddəti başa çatır.

Bu da o deməkdir ki, ƏDV güzəşti uzadılmasa, avtomobil bazarında bahalaşma baş verəcək.

Bu bahalaşma xüsusilə ikinci əl avtomobilləri daha çox əhatə edə bilər.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, ƏDV bərpa olunarsa, idxal olunan yeni hibridlərin qiyməti avtomatik olaraq təxminən 15–20% artacaq:

“Çünki yalnız ƏDV deyil, əlavə xərclərin -logistika, gömrük, marja qiyməti artacaq. Belə vəziyyətdə isə insanlar daha ucuz alternativ kimi ikinci əl bazara yönələcək.

Tələb artdıqca ikinci əl avtomobillərin qiymətləri də qalxacaq. Bahalaşma miqyası bir neçə amildən asılı olacaq:

– Möhlətin uzadılıb-uzadılmaması (uzadılmasa, təsir daha sərt olacaq);

– Yeni avtomobil idxalının həcmi (azalsa, ikinci əl maşınların qiyməti daha çox qalxacaq);

– Əhalinin alıcılıq gücü (tələb yüksək qalsa, qiymət artımı qaçılmazdır).

Ümumilikdə isə idxal kəskin azalarsa (məsələn, hibrid gətirənlərin sayı çox düşərsə), ikinci əl avtomobillərdə bahalaşma 20%-ə qədər çıxa bilər. Yəni 2026-cı ildən etibarən möhlət uzadılmasa, ikinci əl hibrid avtomobillərin kəskin bahalaşması qaçılmaz olacaq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
14
konkret.az

10Источники