RU

Genetik fərqlər piylənmənin təsirlərini dəyişə bilər TƏDQİQAT

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 16 sentyabr, AZƏRTAC

Nyu-Yorkdakı İkan Tibb Məktəbi və Kopenhagen Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu piylənmənin insanlara niyə fərqli təsir etdiyini araşdırıb.

AZƏRTAC xəbər verir ki, tədqiqat “Təbiət təbabəti” jurnalında dərc olunub. Tədqiqatda müəyyən olunub ki, bəzi genetik variantlar insanlarda artıq çəkiyə səbəb olsa da, diabet və ürək xəstəliyi kimi ağır problemlərin qarşısını ala bilir.

Tədqiqatçılar 452 mindən çox insanın genetik məlumatını analiz edərək 205 bölgədə piylənməyə baxmayaraq daha sağlam metabolizmlə əlaqəli variantlar aşkarlayıblar. Onlar genetik risk balı hazırlayıb və müəyyən ediblər ki, yüksək balı olan şəxslər daha çox piylənməyə meylli olsalar da, yüksək qan təzyiqi və xolesterin kimi problemlərə daha az məruz qalırlar. Maraqlıdır ki, bu qoruyucu təsirlər artıq uşaqlarda da görünür. Belə uşaqlarda piylənmə ehtimalı yüksək olsa da, metabolik xəstəliklərin əlamətləri müşahidə olunmur.

Alimlər piylənmənin vahid xəstəlik deyil, səkkiz fərqli alt növdən ibarət olduğunu da müəyyən ediblər. Bu nəticələr gələcəkdə həkimlərə riskləri daha yaxşı proqnozlaşdırmağa və fərdi müalicə üsulları hazırlamağa kömək edə bilər. Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu tapıntılar piylənmənin zərərsiz olduğu anlamına gəlmir. Əksər insanlar hələ də sağlamlıq problemləri ilə üzləşirlər. Düzgün qidalanma və fiziki aktivlik sağlamlıq üçün əsas qalır.

Araşdırma, əsasən, Avropa mənşəli insanlarla aparılıb, lakin gələcəkdə daha fərqli populyasiyalar üzərində də yoxlanılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
azertag.az

2Источники