RU

PFL rəsmisi Azərbaycan kubokunun final matçının tez keçirilməsinin səbəbini açıqlayıb

"Azərbaycan Kubokunun final matçının tez keçirilməsi klubların pik formada olduqları vaxta təsadüf edəcək".

Operativ Media xəbər verir ki, bunu PFL-in texniki-idman direktoru Elgiz Abbasov püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, komandaların daha çox istirahət imkanı qazanacaqlarını vurğulayıb:

"İlk növbədə "Qarabağ"ın zəfərini vurğulamalıyıq. Klubun hər bir əməkdaşını təbrik edirik. Azərbaycan Kuboku 34 komandanın iştirakı ilə keçiriləcək. Komandalar mərhələli şəkildə mübarizəyə qoşulacaqlar. Kubokun final oyunu Azərbaycan çempionatının bitməsinə 2 tur qalmış, mayın 13-də baş tutacaq. Bunun səbəbi var. Oyun komandaların intensiv və pik formada olacaqları vaxta təsadüf edəcək. Eyni zamanda milli komandaların oyunlarından öncə daha çox istirahət imkanı əldə edəcəklər".

PFL rəsmisi final matçının "Neftçi Arena"ya salınmasının səbəbini açıqlayıb:

"İnfrastruktur məsələlərini nəzərə alaraq final görüşünün "Neftçi Arena"da keçirilməsinə qərar verdik. Klub rəhbərliyi ilə səmərəli görüş keçirdik. Bu məsələdə bizə tam dəstək göstərəcəklər. Stadion 9 minə yaxın azarkeş tutur. Üstəlik, bir sıra yenilənmə işləri də aparılıb".

Qeyd edək ki, Azərbaycan Kubokunda 34 komanda iştirak edəcək. 1/4 finala qədər qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Daha sonra ev-səfər prinsipi tətbiq olunacaq. Azərbaycan Kubokunun final matçı mayın 13-də "Neftçi Arena"da təşkil olunacaq.

Избранный
31
operativmedia.az

1Источники