RU

Antiterror tədbilərinin keçirilməsi tarixi zərurət idi



Azərbaycanın beynəlxalq konvensiyalarla tanınmış legitim hüququndan istifadə edərək, keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməsindən artıq bir il keçir. Birmənalı olaraq demək lazımdır ki, həmin tədbir ümumilikdə Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin bərqərar olması istiqamətində atılmış ən mühüm addımlardan biri oldu. Bununla belə, bəzi anti-Azərbaycan əhval-ruhiyyəli Qərb dövlətləri bu gün də ölkəmizi beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunması ilə nəticələnmiş həmin hadiəyə görə qınamağa çalışır, Azərbaycanın demonizasiyası məqsədilə müxtəlif səylər göstərirlər. Halbuki, istər 2020-ci ildə ölkəmizin apardığı II Qarabağ savaşının, istərsə də 2023-cü ildə keçirilmiş anti-terror tədbirinin baş verməsinə görə ən böyük məsuliyyəti də məhz həmin qüvvələr özləri daşıyırlar. Əgər Azərbaycan ərazilərinin 30 il davam edən işğalı dövründə həmin Qərb dairələri qərəzli mövqelərdə durmasaydılar, xalqımızı işğal və öz dədə-baba torpaqlarının itirilməs faktı ilə barışdırmaq üçün səylər göstərməsəydilər, erməni faşistlərinin xalqımıza qarşı törətdikləri hərbi cinayətlərə, qətliamlara göz yummasaydılar, qəsbkarları yeni ərazilərin işğalına təhrik etməsəydilər və ən nəhayət, Ermənistanı BMT qətnamələrinin icrasına məcbur etsəydilər bu zaman əlbəttə ki, hərbi əməliyyatlara da heç bir ehtiyac qalmazdı. Lakin bütün bunlar baş vermədi. Buna görə də münaqişənin sülh yolu həlli imkanlarının artıq tam tükəndiyinə əmin olduqdan sonra Azərbaycan Vətən müharibəsinə başladı və cəmi 44 günə parlaq tarixi Qələbə qazanaraq, onilliklər boyunca uzanan problemi həll etdi. Lakin Ermənistan bu acı məğlubiyyətindən lazım olan dərsi almadı. Yenə də məlum Qərb dairələrinin təhrikilə Ermənistan növbəti üç il ərzində özünün silahlı qüvvələrinə aid hərbi birləşmələri Azərbaycanın Qarabağ bölgəsində saxlamaqla gərginliyin artmasına zəmin yaradırdı. Bu birləşmələrin ölkəmizə qarşı ard-arda törətdikləri silahlı diversiya aktları Azərbaycan tərəfində həm hərbçilər, həm də mülki vətəndaşlar arasında itkilərlə müşayiət olunurdu. Xarici havadarlarının dəstəyi ilə Ermənistan Azərbaycan ərazilərindəki hərbi birləşmələrini insan qüvvəsi və müxtəlif silahlarla daha da gücləndirməyə çalışırdı. Məhz bütün bunlara görə, Azərbaycanın keçən il sentyabr ayının 19-da başladığı anti-terror tədbirləri Ermənistanın ölkəmizə qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin cavabı kimi gözlənilən idi.
Azərbaycan hətta antiterror əməliyyatlarının gedişində belə qarşı tərəflə danışıqlara başlamağa hazır olduğunu dəfələrlə bəyan etmişdi: “Vacib məqamlardan biri budur ki, Azərbaycan hətta antiterror tədbirinin gedişi zamanı da Qarabağın erməni əhalisinin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün dialoqa dəvətini davam etdirirdi. Bunun üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalı idi. Bu halda antiterror tədbirləri də dayandırılacaqdı. Lakin görünür separatizmin sonu məhz Azərbaycan əsgərinin əli ilə gəlməliydi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbəriyi ilə Şanlı Ordumuz bir sutkadan da az bir vaxta erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur etdi. Cəmi 23 saat davam edən antiterror əməliyyatı dövlətimizin və ordumuzun gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bu gün isə, bir vaxtlar torpaqlarımızda yaratdıqları qondarma rejimin marionet liderləri Bakıda təcridxanada oturub öz aqibətlərinin necə olacağı barədə düşünürlər. Onların paytaxtımıza qədər sürüb gələcəklərilə xalqımızı təhdid etdikləri tankları isə, artıq neçə müddətdir ki, Hərbi Qənimətlər Parkının ekspozisiyasında öz layiqli yerlərini tutublar. Bütün bunlara görə də biz hamımız, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Həm Vətən müharibəsinin gedişində, həm sonrakı üç il ərzində, həm də keçən ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü



Избранный
38
1
aia.az

2Источники