ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Futbolda dünyanın ən öndə gedən klublarının baş məşqçilərinin uşaq kimi sevindiyinin şahidi olmuşuq. Hətta əhəmiyyətsiz qola çılğınlıq nümayiş etdirənlər də az deyil. Amma “Qarabağ” tarixi qələbə qazanır, dünya mediası bunu böyük bir hadisə kimi təqdim edir, klubun baş məşqçisi Qurban Qurbanov isə yaşananları çox soyuqqanlılıqla qarşılayır. Sadə bir məsələyə alışıb-yanan insanlar üçün Qurban hocanın sakitliyi adamı özündən çıxara bilər. Yaxud da futbol bir kənarda qalar, onun dincliyi isə müsbət mənada müzakirə mövzusuna çevrilər.
Mümkündür ki, insanlar düşünsün: bəlkə, Qurbanov hadisənin fərqində deyil, bəlkə, yaşananların şokundadır. Amma biz Qurban hocadan danışırıqsa, əminik ki, o, hər şeyin fərqindədir, yaşananlardan şoka düşməyəcək xarakterə sahibdir.
Özü “Benfika” ilə matçdan öncə yetirmələrinə “oyundan həzz almalıyıq, bura Çempionlar Liqasıdır” deyib. Lakin futbolçularına cəsarətli olmağı da tapşırıb. Təbii ki, Qurban Qurbanovun da emosiyaları var, biz onun sevinc göz yaşları görmüşük. Hərçənd üzünü gizlətməyə çalışdığını etiraf etsə də, insanların nəzərindən qaçmayıb. Beləliklə, hocanın da hisslərinə həmişə hakim kəsildiyini deyə bilmərik. Amma biz də etiraf etməliyik ki, sevincin gətirdiyi göz yaşları bu illər ərzində cəmi 2, ya 3 dəfə Qurban Qurbanovun üzündə görünüb.
Keçək əsas mətləbə: hər uğurlu sonluğun ardınca təcrübəli mütəxəssis “məsuliyyətimiz artdı” deyə nəticəni şərh edir. Bunu sualdan yayınmaq, özünü sığortalamaq naminə demədiyi aydındır. Çünki yaxşı bilir ki, narazı və narahat azarkeşlər xırda nüanslara belə fanatik mövqe bildirirlər. Adından göründüyü kimi AZAR-keş. Deməli, doğrudan da böyük düşünür, uzaq görür və üzərinə düşən vəzifənin daha da ağırlaşdığını hesab edir.
Elə bu gün hava limanında səmimi açıqlaması bunu deməyə əsas verir. "Bu nəticə "Qarabağ"ı transferə görə qınayanlara cavab idimi?" sualına isə təcrübəli mütəxəssisin reaksiyası: "İnanın ki, bu cavablar haqqında düşünmürük. Bu, dünya futbolunda gedən normal prosesdir. İstənilən klubun azarkeşi istəyir ki, daha artığı olsun. Mən bunu çox normal qarşılayıram. Biz buna hansısa formada cavab verməyə çalışarıqsa, bizim heç zaman uğurumuz olmayacaq. Biz sadəcə öz işimizlə məşğul oluruq, istənilən fikrə pozitiv yanaşırıq. Yazanlar, deyənlər bizim azərbaycanlılarımızdır. Onlar çox istəyirlər ki, biz daha uğurlu nəticələr əldə edək. Onları tam başa düşürəm. Bu cür qələbələr bizi daha da böyüdür və belə komandalara qarşı inamlı oynamağa imkan yaradır".
Azərbaycan adına durmadan çalışan, Azərbaycan futbolundan böyük klub inşa etməyi bacaran hoca! Sevincini emosional şəkildə büruzə verməməyinin səbəblərindən biri də bu ola bilər: Qarşıda görüləsi çox işlər var, sevinmək hələ tezdir. Halbuki yuxarıda qeyd etmişdik: futbolçularına “oyundan həzz alın” demişdi. Özü də qələbədən, qoldan zövq alıb çox rahatlıqla sevinə bilərdi. Klub uduzsa belə, onu heç kim qınamayacaqdı və buna heç kimin haqqı da yoxdur.
Dünya o böyük insandan danışır. Biz də – “mənim azərbaycanlılarım” dediyi kəsim də ondan danışırıq. Ola bilsin, “Qurban Qurbanov niyə sevinmir?” sualının cavabı da buradadır: məsuliyyətlə növbəti oyunlar, hadisələr haqqında planlar hazırlayır. Duruşunu pozmadan vüqarını komandasına da sirayət edir. Demək istəyir ki, sevinin, həzz alın, amma qarşıdakı möcüzələrə hazır olun.Samir Mirzə
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.