Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Əminə Ağazadə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanabe Katsuya ilə görüşüb.
Newscenter.az xəbər verir ki, səfiri salamlayan millət vəkili ona ölkəmizdə diplomatik fəaliyyəti müddətində uğurlar arzulayıb.
Görüş zamanı hazırda ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdiyi qeyd olunub, 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından bəri ötən 30 ildən artıq müddətdə Azərbaycan Respublikası və Yaponiya dövləti arasında siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil və bir çox digər sahələrin inkişaf etdiyi diqqətə çatdırılıb.
Söhbət zamanı cənab səfirə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Azərbaycan–Yaponiya münasibətlərinin inkişafına göstərdiyi diqqəti xüsusi olaraq qeyd edilib. Bidirilib ki, cənab Prezidentin ölkəmizə rəhbərliyi dövründə iki ölkə arasında siyasi dialoq güclənmiş, iqtisadi, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq yeni mərhələyə yüksəlmişdir.
Görüşdə Azərbaycanla Yaponiya arasında münasibətlərin inkişaf etdirilməsində ölkə parlamentlərinin rolu xüsusi vurğulanıb. Cənab səfir iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının sıx münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Həmçinin dost və tərəfdaş ölkələrimiz arasında bir sıra ənənəvi sahələrdə olduğu kimi, yeni istiqamətlər üzrə də əməkdaşlığın genişlənməsi prespektivləri müzakirə edilib, əlaqələrin daha da inkişafı üçün yaxşı imkanların olduğu vurğulanıb.
Qeyd olunub ki, gələcəkdə də dostluq qruplarının qarşılıqlı səfərləri, yeni təşəbbüsləri və birgə layihələri xalqlarımızın rifahına xidmət edəcəkdir. Bizim ortaq məqsədimiz Azərbaycan–Yaponiya münasibətlərini daha da gücləndirmək və strateji tərəfdaşlıq ruhunu daha yüksək səviyyəyə qaldırmaqdır.
Qeyd edək ki, səmimi keçən görüşdə səfiri səfirliyin əməkdaşları müşaət edib. Görüşün sonunda birgə fotoşəkillər çəkilib.
Süleyman