RU

Aliment, borc, mənzil davası – Məhkəmə qərarları niyə kağız üzərində qalır?

Azərbaycanda məhkəmə qərarlarının icrasında hələ də problemlər qalmaqdadır. Rəsmi statistikaya görə, çıxarılan qərarların təxminən yarısı yerinə yetirilmir. Bu isə vətəndaşların hüquqlarının bərpasında ciddi maneələr yaradır.

Milli Məclis artıq məsələ ilə bağlı addım ataraq “Xüsusi icra məmurları haqqında” qanun qəbul edib. Ekspertlərin fikrincə, yeni mexanizmlər icra prosesini sürətləndirməli və effektivliyi artırmalıdır.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən vəkil Ruslan Mustafazadə bildirib ki, problemlər bütün işlərdə deyil, müəyyən spesifik hallarda ortaya çıxır: Dördpendirli pizza

“Qərarların icrası zamanı bəzi spesifik işlər var ki, onlarda problem yaranır. Yəni bu, bütün qərarların icrasında problem yaranır demək deyil. Elə işlər var ki, yaranan problem uzun illər davam edir. Hazırkı dövrdə daha çox aliment məsələlərinin icrasında müəyyən problemlərlə qarşılaşırıq. Çünki bəzi vətəndaşlar ödəniş prosesindən qəsdən yayınırlar. Düzdür, bu hallarda qanuna uyğun olaraq həmin şəxslərə qarşı müəyyən tədbirlər görülür. Məsələn, axtarış elan edilir, inzibati protokol tərtib olunur, həbs və digər lazımi tədbirlər həyata keçirilir. Borcla bağlı işlərdə də oxşar problemlərlə qarşı-qarşıya qala bilirik”.

Vəkil ən çox rast gəldiyi hallardan birinin isə məcburi köçkünlərin mənzillərdə yerləşdirilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb:

“Ən çox öz təcrübəmdə rastlaşdığım hallar məcburi köçkünlər gələn vaxtda Sumqayıt şəhərində müəyyən mənzillərin zəbt olunması ilə bağlı olub. Hazırda da bu məsələ gündəmdədir və sosial şəbəkələrdə də paylaşılıb, müzakirələrə səbəb olub. Həmin mənzillərin əksəriyyəti Sovet dövründə zavod və fabriklərin maliyyə ayırması ilə tikilən binalar idi. Onlar siyahıya əsasən həmin müəssisələrin işçilərinə paylanılmışdı. 1992–1993-cü illərdə həmin şəxslərə mənzillərə köçmək üçün order verilmişdi və qərarlar birbaşa İcra Hakimiyyətlərinə təqdim olunurdu. Lakin həmin dövrdə məcburi köçkünlərin axını başladı və boş mənzillərdə onlar yerləşdirildi. Nəticədə order verilən şəxslər öz mənzillərinə köçə bilmədilər”.

Onun sözlərinə görə, sonradan ev sahibləri məhkəmələrə müraciət etsələr də, icra prosesi baş tutmayıb:

“1998-ci ildən sonra order verilən sahibkarlar iddia qaldırdılar ki, məcburi köçkünlər həmin evlərdən çıxarılsın və onlar ailələri ilə birlikdə yerləşsinlər. Məhkəmə iddiaları qəbul etsə də, icra prosesi həyata keçirilmədi. Çünki məcburi köçkünlərin oradan çıxarılması yeni problemlər yaradırdı - onların başqa mənzillərə yerləşdirilməsi məsələsi gündəmə gəlirdi. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İcra Hakimiyyətləri və Ədliyyə Nazirliyinin əlavə yerlərin ayrılması ilə bağlı büdcələri olmadığı üçün bu sahədə işlər görə bilmirdilər. Bu günə qədər də həmin qərarların əksəriyyəti icrasız qalıb. Vətəndaşlar gözləyirlər ki, məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra həmin mənzillərə qayıda bilsinlər”.

Vəkil hesab edir ki, icra məmurlarının kifayət qədər səlahiyyətləri var:

“Mən düşünürəm ki, icra məmurlarının kifayət qədər səlahiyyətləri var. Onların imkanları var ki, icra prosesini həyata keçirməyən şəxslərlə bağlı axtarış elan edilsin, ölkədən çıxışına qadağa qoyulsun. Bununla yanaşı, əmlaka həbs qoyulması ilə bağlı da məhkəməyə müraciət edə bilərlər. Sadəcə, bu sahədə bacarıqlı və işgüzar icra məmurlarının sayını artırmaq lazımdır”.

Aydan Hacı 


Telegram kanalımız
Избранный
108
yenisabah.az

1Источники