RU

Netanyahu-Tramp görüşündə nələr razılaşdırılacaq? - ŞƏRH

İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri beynəlxalq medianın diqqət mərkəzindədir. Səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşün baş tuta biləcəyi iddia olunur.

Bu görüş baş tutarsa, Yaxın Şərqdəki siyasi balanslara və ABŞ-İsrail münasibətlərinə təsiri böyük ola bilər.

Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-a bölüşən politoloq Züriyə Qarayeva bildirib ki, Netanyahunun səfərinin əsas səbəbi İsrailin Yaxın Şərqdəki mövqeyini daha da möhkəmləndirməkdir. Onun sözlərinə görə, hazırda Qəzza əməliyyatları davam edir və İsrail ABŞ-dan həm siyasi, həm də hərbi dəstəyini artırmasını istəyir:

“Bu səfər həm də Trampın yenidən gündəmə gətirdiyi Yaxın Şərq siyasəti ilə bağlı məsləhətləşmələr üçün fürsət yaradır. Netanyahu üçün Vaşinqtonla yaxın münasibət daxili siyasətdə də mövqeyini gücləndirmək imkanı deməkdir”.

Politoloq qeyd edib ki, Tramp-Netanyahu görüşü baş tutarsa, ilk növbədə Qəzza münaqişəsi və İranın bölgədəki təsiri masada olacaq. İsrail ABŞ-dən əlavə maliyyə yardımı və müasir silah sistemləri əldə etməyə çalışacaq. Eyni zamanda iki lider regional sabitlik, ərəb dövlətləri ilə normallaşma prosesi və enerji əməkdaşlığı barədə də fikir mübadiləsi apara bilər. Z.Qarayeva hesab edir ki, bu görüş həm də ABŞ-nin İsrailə verdiyi strateji zəmanətlərin yenidən təsdiqlənməsi anlamına gələ bilər.

Züriyə Qarayeva:  Liderlər regional sabitlik, enerji əməkdaşlığı barədə də fikir mübadiləsi apara bilər

“Əgər görüş baş tutarsa, bu, Vaşinqtonun İsrailə açıq dəstəyinin daha bir göstəricisi kimi qəbul ediləcək” deyən həmsöhbətimiz bildirib ki, region ölkələri, xüsusilə də İran və ərəb dünyası bunu təzyiq kimi görəcək. Onun sözlərinə görə, ABŞ isə İsraillə tərəfdaşlığını gücləndirərək Yaxın Şərqdə mövqeyini daha da möhkəmləndirmək niyyətindədir:

“Bu proses bölgədə gərginliyin artmasına da səbəb ola bilər, çünki tərəflərin maraqları toqquşur”.

Zülfü Məmmədov

Избранный
46
1
bakivaxti.az

2Источники