RU

İnsan mənşəli qlobal istiləşmə Avropada ölüm nisbətlərini artırdı

İnsan mənşəli qlobal istiləşmə Avropada ölüm nisbətlərini artırdı

Böyük Britaniyadakı İmperial Kollec Londonun (Imperial College London) tədqiqatçıları açıqlayıb ki, bu yay Avropada qeydə alınan isti hava ilə bağlı ölümlərin üçdə ikisi insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmədən qaynaqlanıb. İyun–avqust aylarında həddindən artıq istilər səbəbindən ümumilikdə 24 min 400 nəfər dünyasını dəyişib. Onlardan 16 min 500-nün ölümü istixana qazlarının yaratdığı əlavə istiləşmə ilə əlaqələndirilib.

Araşdırma Avropadakı 854 böyük şəhərdə aparılan sürətli analiz nəticəsində ortaya çıxıb. Nəticələr göstərib ki, iqlim dəyişikliyi şəhərləri orta hesabla 2,2 dərəcə daha isti edib və ölüm nisbətlərini nəzərəçarpacaq dərəcədə artırıb.

Imperial Kollecdən iqlim alimi Friderike Otto bildirib ki, fosil yanacaqların yandırılmasından qaynaqlanan istiliklə artan ölümlər arasında səbəb-nəticə zənciri danılmazdır. Otto vurğulayıb ki, son onilliklərdə fosil yanacaqlar yandırılmasaydı, bu gün ölənlərin böyük əksəriyyəti hələ də həyatdaydı.

Ən çox yaşlılar təsirləndi

Alimlər şəhərlərdə temperatur ilə ölüm nisbəti arasındakı əlaqəni nəzərə alaraq əlavə ölümləri modelləşdirib və iqlim dəyişikliyinin yaşanmadığı fərziyyəvi bir ssenari ilə müqayisə ediblər. Nəticələrə görə, ölümlərin 68 faizi birbaşa əlavə istiyə bağlıdır.

Ölənlərin 85 faizi 65 yaşdan, 41 faizi isə 85 yaşdan yuxarı olub. Araşdırmanın müəlliflərindən epidemioloq Qaryfallos Konstantinoudis deyib ki, ölümlərin böyük əksəriyyəti evlərdə və xəstəxanalarda mövcud sağlamlıq problemləri olan şəxslərin dözümlülük həddini aşması ilə baş verir, lakin ölüm sənədlərində istilik nadir hallarda qeyd olunur.

Mütəxəssislərdən xəbərdarlıq

Mütəxəssislər bildirirlər ki, istilik hələ də ictimai sağlamlıq baxımından yetərincə ciddi qəbul edilmir. Konstantinoudis vurğulayıb ki, heç kim qasırğa və ya güclü yağışda işləməyə məcbur edilmir, amma ölümcül istilər hələ də kifayət qədər ciddi qarşılanmır.

2003-cü ildə Avropada 70 min nəfərin həyatına son qoyan istilik dalğasından sonra şəhərlərin daha hazırlıqlı olduqları qeyd olunur, lakin artan temperatur və yaşlanan əhali təcili xidmətlərin imkanlarını hələ də çətinləşdirir.

Wellcome səhiyyə qurumundan mütəxəssis Madlen Tomson bildirib ki, məlumatlar göstərir ki, Avropada heç bir şəhər həddindən artıq istilərdən qaynaqlanan ölümlərə qarşı immunitetə malik deyil: “Əgər hərəkətə keçməsək, vəziyyət daha da ağırlaşacaq.”

Tomson əlavə edib ki, fosil yanacaqlardan sürətlə imtina olunmalı və yaşlılar, həmçinin risk qrupunda olan əhali üçün qoruyucu siyasətlər həyata keçirilməlidir.

Избранный
14
afn.az

1Источники