RU

"Qarabağ"ın qələbəsi "Benfika" üçün "soyuq duş" oldu - Portuqaliya mətbuatı

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanaraq Azərbaycan klub futbolunun tarixinə qızıl səhifə yazdı. Ağdamlılar I turda səfərdə Portuqaliyanın "Benfika" komandasını 3:2 hesabı ilə məğlub etdilər. "Köhlən atlar" görüşün 16-cı dəqiqəsində 0:2 hesabı ilə geridə olarkən inanılmaz geridönüş etdilər.

Ağdam klubunun qələbəsi azarkeşlər üçün əsl bayrama çevrildi. Bundan əlavə, Avropanın bütün aparıcı idman nəşrləri t'msil,imizin uğuru haqqında yazdı. Portuqaliyada matçın nəticəsi geniş rezonans doğurdu və "Benfika" azarkeşlərini şoka saldı.

Redaktor.az ''Report''a istinadən Portuqaliyanın aparıcı KİV-lərinin "Qarabağ"ın qələbəsi haqqında icmalını təqdim edir.

Ölkənin ən nüfuzlu gündəlik qəzetlərindən biri olan "Público" qeyd edib ki, görüşün ilk dəqiqələrində "Benfika"nın oyunu qüsursuz görünürdüsə, "Qarabağ"ın təzyiqi altında Portuqaliya klubu paramparça oldu. Nəşr yazır ki, "Benfika" azarkeşləri öz komandasının oyunundan açıq şəkildə narazılıqlarını bildiriblər.

"Público" "Qarabağ"ı "Benfika"nın özünün gözlənilmədən xəstələndiyi "dərman"la müqayisə edib: "Oyundan əvvəl Azərbaycan çempionatında yeddinci yerdə olan komandanın "qırmızılar"ın son vaxtlarda üzləşdikləri bəlalara qarşı mükəmməl çarə olacağını təsəvvür etmək asan idi. İlk dəqiqələrdən sonra bu təəssürat daha da gücləndi: aşkar pressinq çatışmazlıqları olan Azərbaycan klubu rəqibə istədiyi kimi oynamağa imkan verdi. Lakin birdən hər şey dəyişdi - və "dərman" xəstəliyə çevrildi".

Ölkənin ən qədim qəzetlərindən biri olan "Diário de Notícias" öz materialında "Benfika"nın baş məşqçisi Brunu Laje və onun oyunçularını fit və ağ dəsmallarla (baş məşqçinin istefasına çağırış - red.) yola saldıqları faktını diqqətdən kənarda qoymayıb ki, bu da oyundan dərhal sonra işdən çıxarılan məşqçi üçün vəziyyəti daha da çətinləşdirib.

"Qarabağ" Çempionlar Liqası matçını "Luş"da ("Eştadiu da Luş", "Benfika"nın ev stadionu - red.) əsl kabusa çevirdi, gözlənilmədən 3:2 hesabı ilə qalib gələrək "qırmızılar"ın azarkeşlərində əsəb pozuntusuna səbəb oldu", - qəzet vurğulayıb.

Məşhur gündəlik qəzet olan "Jornal de Notícias" (JN) Ağdam klubunun qələbəsinin tamamilə gözlənilməz olduğunu, "Qarabağ"ın "Benfika" üçün "rahat rəqib" kimi qəbul edildiyini vurğulayıb: "Brunu Lajenin komandası yeni başlayanlar üçün səciyyəvi olan səhvlərə yol verdi və Çempionlar Liqasında ən rahat rəqiblərdən biri üzərində qələbə qazanmaq üçün parlaq fürsəti əldən verdi".

"Correio da Manhã" qəzeti oyun haqqında kifayət qədər təmkinli material dərc etsə də, başlıq bunu tam kompensasiya edib: "Hesabda dönüş: "Benfika" Luşda "soyuq duş"dan sonra "Qarabağ"a məğlub oldu".

"Observador" nəşri "Qarabağ"ın qələbəsini inanılmaz adlandırıb: "Şərq komandası geridönüşü tamamladı - beş rəqiblə əhatə olunmuş bir oyunçu xüsusi müqavimət olmadan dəqiq zərbə endirərək hesabı 3:2 etdi".

Избранный
28
1
redaktor.az

2Источники