ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Deputat: “Xalqla üz-üzə qalan, yaxası əldə olan deputatdır, nə nazir, nə komitə sədri, nə də başqasıdır”
Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Toplantıda komitənin payız sessiyası üçün iş planının layihəsi açıqlanıb. Komitə sədri, deputat Zahid Orucun rəhbərliyi ilə keçirilən iclasda deputatlar təkliflər səsləndiriblər. Z.Oruc əvvəlcə “Qarabağ” futbol klubunu Çempionlar Liqasının final mərhələsinin ilk görüşündə Portuqaliyanın “Benfika” klubu üzərində səfərdə qələbəsi münasibətilə təbrik edib. Deputat bildirib ki, “hər kəs bilir ki, futbol da artıq siyasiləşib”.
“"Qarabağ" futbol kulubunu parlamentəki deputatlar da izləyir. İzləyənlərdən biri də mən idim. Dünən seçildiyim dairədə də insanların gec saatlar olmasına baxmayaraq necə sevindiyinin şahidi oldum. Bu qürurverici haldır. Ağdam klubunu zəfər münasibətilə təbrik edirəm", - komitə sədri deyib.
“Bank vətəndaşın vəziyyətini nəzərə almadan ona küllü miqdarda kredit verirsə, nəticəsini də bilməlidir”
Deputat Arzuxan Əlizadə çıxışında deyib ki, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərdə problemlər var: “Yaz sessiyasında qanun layihəsi qəbul etdik. Söhbət "Xüsusi icra məmurları haqqında" qanundan gedir. Statistik məlumatlar onu deməyə əsas verir ki, məhkəmə qərarları təxminən 50 faiz icra olunmur. Hesab edirəm ki, bununla bağlı ciddi problemlər var. Ona görə də, payız sessiyası dövründə bu məsələlər xüsusi olaraq diqqətdə saxlanmalıdır".
Komitə sədri Z.Oruc isə deputat həmkarının çıxışına reaksiya verərək bildirib ki, məhkəmə qərarlarının 50 faizinin icra olunmamasının səbəbi banklarla bağlıdır: “Bank vətəndaşın vəziyyətini nəzərə almadan ona küllü miqdarda kredit verirsə, nəticəsini də bilməlidir. Anlamalıdır ki, onu almaqda çətinlik çəkəcək. Burada problem onların üzərinə düşür və məhkəmə sistemini buna görə qınaya bilmərik. Nə qədər ki, bank sistemimiz bu faizlərlə və şərtlərlə çalışır, yəni əmlak, girov və maaş təminatı olmayan kreditlər verir, problemlər də olacaq. 340 mindən artıq yerinə yetirilməyən məhkəmə qərarı məhz o sistemlə bağlıdır”.
Komitə sədri: “Son dərəcə təhlükəli və qeyri-milli təbliğatın üzərindədirlər"
İclasda məcburi köçkün vətəndaşların hüquqları məsələsinə də toxunulub. Deputat Razi Nurullayev deyib ki, son zamanlarda qaçqın və məcburi köçkünlərlə bağlı cəmiyyətdə ayrı-seçkilik yaradılıb: “Minlərlə insan da bu kampaniyaya qoşulub. Qarabağa milyonlarla insan qayıdacaq. Prezident İlham Əliyev də onlarla dəfələrlə görüşüb. Məcburi köçkün olduqdan sonra dövlət də onları başının üzərində saxlayıb. Amma bir-iki adama görə bu məsələnin bu cür qabardılması mənfi haldır və qəti şəkildə qınayıram".
Z.Oruc da məsələyə münasibət bildirərkən deyib ki, belə kampaniyalar düzgün deyil: “Cənab Prezidentin çox az hallarda kövrək halını ekranda göstərdiyi olubsa, bu da məcburi köçkünlərlə əlaqədardır. Ölkə başçısı hər zaman bildirib ki, onlar çox ağır və məhrumiyyətli şəraitlərdə yaşayıblar. On illər ərzində yerli insanlarımız ilə hər şeylərini itirmiş məcburi köçkünlər ətlə dırnaq kimi bir-birinə bağlı yaşayıblar. On illər ərzində bu dövlət "torpaqları azad etməyəcək" deyənlər, indi də "o torpağı köçkünlərə verməyəcək" sözü ilə son dərəcə təhlükəli və qeyri-milli təbliğatın üzərindədirlər".
“Qaçqınkom”un adının dəyişdirilməsi təklif edildi
Z.Oruc eyni zamanda, deyib ki, Böyük Qayıdışla bağlı ayrıca platforma yardılmalıdırr: “Suallara birbaşa cavab veriləcək struktur yaradılmalıdır ki, qaranlıq qalan məsələlər asanlıqla həllini tapsın. Həmçinin Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin adı dəyişdirilməsi lazımdır. Bu komitənin adı elə Böyük Qayıdış Komitəsi olsa, daha yaxşı olar”.
Deputat: “20-30 il bundan əvvəlki məcburi köçkünün yaşadığı həyat tərzinə sonrakı dövrdə yaşadığı həyat tərzi üst-üstə düşürmü?”
“Bu gün keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıdırlar. Dövlət nə mümkündürsə, onu da edir. Amma gəlin açıq danışaq, 20-30 il bundan əvvəlki məcburi köçkünün yaşadığı həyat tərzinə sonrakı dövrdə yaşadığı həyat tərzi üst-üstə düşürmü? Yəni, şəhərdə yaşayıb, böyüyüb və indi müasir dövrün tələblərinə cavab verən yerlərə qayıdırlar. Amma kənd həyatı onu qane etmir. Ona görə bu problemi də həll etməliyik”. Bu sözləri isə deputat Naqif Həmzəyev səsləndirib. Millət vəkili bildirib ki, “biz məcburi köçkünü məcbur etməməliyik ki, get orada yaşa. Əgər yaşayırsa, onu o həyat tərzinə alışdırmalıyıq”.
Deputat Bəhruz Məhhərrəmov isə məcburi köçkünlər məsələsində şəhid adından istifadə edənlərə tənqid səsləndirib: "Şəhidlər məsələsini siyasi alət roluna çevirmək olmaz. Bu məsələ birbaşa olaraq inzibati qaydada həll olunmalıdır. Onların Şəhidlər Xiyabanında tərbiyəsizlik edən ərəblərdən heç bir fərqi yoxdur, hətta daha pisdir".
“Milli Məclisin plenar iclaslarının birində onların adını çəkəcəm”
Deputat Səyyad Aran çıxışında məmurları tənqid atəşinə tutub. Millət vəkili məmurların zənglərə cavab verməməsindən çikayətlənib: "Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər. Nəticədə bizim camaatla bağlılığımıza, onların sullarına, problemlərinə diqqətlə yanaşmağımız çətinləşir. Xalqla üz-üzə qalan, yaxası əldə olan deputatdır, nə nazir, nə komitə sədri, nə də başqasıdır. Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən? Yaxşı, sən çox mühüm işlərlə məşğulsan. Amma deputatın yazdığı məktub xalqın arzusu, istəyi və problemi ilə bağlıdır, cavab verməlisən. Siz deputatdan da keyfiyyətli və səmərəli şəraitə maliksiniz, niyə cavab vermirsiniz? Onlar da deyir ki, işimiz çoxdur. Axı sizin köməkçiniz var. Axşam qayıdıb gələndə sənə zəng edən adamların, o cümlədən deputatların adını görürsən. Bəs bu köməkçilər nədən ötrüdür? Zəng edin, görün deputat nə istəyir? Bunu edə bilərsən axı. Milli Məclisin plenar iclaslarının birində onların adını çəkəcəm. Bizim hamımız xalqa görə nazirik, deputatıq, icra başçısıyıq və s”.
“Bakıdan - Bakıya göndərilən məktublara da 1 ay sonra cavab verilir”
“SSRİ-də məktublara 1 ay sonra cavab verilirdi. O dövrdə bu tendensiya normal hesab olunsa da, müasir dövrdə qəbuledilməzdir. SSRİ-də ərazi də böyük idi, texnologiya da inkişaf etməmişdi, ona görə məktublar sahibinə gec çatırdı. Plenar iclasda təklif etməyi düşünürəm ki, məktublara 10 gün ərzində cavab verilməsi ilə bağlı məsələ qaldırılsın. Bakıdan - Bakıya göndərilən məktublara da 1 ay sonra cavab verilir. Lap hansısa məmur özü yox, köməkçiləri məktublara cavab versin, amma məktuba vaxtında baxılsın. İndi onlayn göndərilən məktublara da gec cavab verilir, baxmayaraq ki, həmin gün yazdığımız mətn qarşı tərəfə çatır”, - deyə millət vəkili qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.