RU

"Qarabağ səfərdə "Benfika"ya qalib gələrək Çempionlar liqası tarixində möhtəşəm sensasiyaya imza atdı-Video

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Qarabağ"ın səfərdə "Benfika" ilə baş tutan görüşü futbol dünyasında əsl sensasiya ilə qarşılanıb. Ən mahir futbol ekspertləri "Qarabağ"ın səfərdə "Benfika"ya ən azı 3 top fərqi ilə məğlub olacağını proqnozlaşdırmışdılar. Həqiqətən də "Qarabağ" "Benfika" ilə müqayisədə daha zəif təsir bağşılayırdı.Bu da təsadüfi deyildi. Bruno Lajenin komandası "Benfika" ötən yay dünya çempionatında "Bavariya" üzərində minimal hesablı qələbə (1:0) qazanmışdı. "Benfika" eyni zamanda Portuqaliya Superkubokunda "Sportinq"lə görüşdə də qalib gəlib - 1:0. Ardınca Çempionlar Liqasının qrup mərhələsində iki dəfə "Nitsa"nı 2:0 hesabı ilə məğlub edən və cavab matçında (səfərdə 0:0, evdə 1:0) Aktürkoğlunun vurduğu qol sayəsində "Fənərbağça"nın müqavimətini qıran "qırmızılar" Çempionlar Liqasının vəsiqəsinin iki mərhələsini keçib. Bu oyunlarda "Benfika" öz qapısından bir qol belə buraxmamışdı. Bütün bunlar da meydan sahiblərinin gücündən və möhtəşəm oyunundan xəbər verirdi.

"Qarabağ" isə klub tarixində ikinci dəfə Çempionlar Liqasının əsas püşkatma mərasiminə çıxıb. 8 il əvvəl Qurban Qurbanovun komandası “Atletiko”ilə iki dəfə heç-heçə oynayaraq onları şoka salmışdı. Azərbaycan komandası Çempionlar Liqasının ümumi mərhələsinə gedən yolda “Şelburn” (ümumi 4:0), “Şkendiya” (6:1) və “Ferensvaroş”u (5:4) turnirdən kənarlaşdırıb. Bununla belə "Benfika"nın "Qarabağ"dan güclü olduğu aydın idi. Üstəlik "Qarabağ"ın hücum xətti Juninyonun gedişindən sonra zəif təsir bağışlayırdı. Oyundan əvvəl keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bütün hallarda güclü rəqibə qarşı cəsarətlə oynayacaqlarını bildirmişdi. Rəqib komandanın baş məşqçisi Bruno Laje isə üstün və sürətli oyunları ilə "Qarabağ" üzərində qələbə qazanacaqlarına ümid etdiyini vurğulamışdı.

Oyunun ilk dəqiqləri də göstərdi ki, "Benfika" asanlıqla "Qarabağ"a qalib gəlmək niyyətindədir. Oyun başlayan kimi sürətli hücuma keçən meydan sahibləri qonaqların qapısı ağzında təhlükəli vəziyyətlər yaratmağa başladılar. Bu tezliklə öz nətəcəsini verdi. Oyunun 6-cı dəqiqəsində Barreneçea rəqib meydanında baş verən çaşqınlıqdan istifadə edərək hesabı açdı. Bundan 10 dəqiqə sonra Pavlidis ikinci topu "Qarabağ"ın qapısından keçirərək komandasının böyük hesabla qələbə qazanacağına şübhə yeri qoymadı. Bununla belə ruhdan düşməyən "Qarabağ"ın oyunçuları tədricən meydanda vəziyyəti bərabərləşdirdilər. Bu da tezliklə öz nəticəsini verdi.

Kadinin ötürməsindən sonra Duran sinəsi ilə topu Leandro Andradeyə ötürdü və o, sərrast zərbə ilə topu meydan sahiblərinin qapısından keçirdi və hesab arasındakı fərqi azaltdı. Bu qol "Benfika"nın oyunçularında çaşqınlıq yaratdı və onları ehtiyatla oynamağa məcbur etdi. Bundan istıfadə edən "köhlən atlar"ın oyunçuları rəqiblərini qapı ağzına sıxışdırdılar. Belə hücumlardan birində Kadinin güclü zərbəsi qapı tirini silkələdi. Hücumların digər birində isə Kadinin ötürməsindən sonra qapıçı ilə üzbəüz qalan Duran əlverişlı vəziyyətdən istifadə edə bilməyərək topu qapıçı Trubinin üstünə vurdu. Birinci hissənin son dəqiqələrində isə Yankoviçin zərbəsindən sonra yalnız Trubinin reaksiyası meydan sahiblərini 100 faizli qoldan xilas etdi

Fasilədən sonra da "Qarabağ" hücumları davam etdirdi. Oyunun 47-ci dəqiqəsində Yankoviçdən əla ötürmə alan Duran Silvanı aldadaraq qapıçı meydançasına daxil oldu və çətin vəziyyətdə olmasına baxmayaraq ustalıqla topu qapının uzaq küncünə vurdu. Top qapı dirəyinə toxunaraq tora daxil oldu və hesab bərabərləşdi. " Benfika" meydanda üstünlüyü ələ almaq istəsə də buna nail ola bilmədi.

"Qarabağ"ın növbəti hücumlarından birində Mustafazadə başı ilə topu 3-cü dəfə meydan sahiblərinin qapısından keçirdi. Lakin “ köhlən atlılar”ın mərkəz müdafiəçisi tərəfindən vurulan qol aşkar ofsayd səbəbindən hesaba alınmadı.

Oyunun 86-cı dəqiqəsındə Zubir əla ötürmə ilə Aleksey Kaşuku əlverişlı qol vəziyyətinə çıxardı. Kaşuk yerində çevrilərək güclü zərbə ilə topu qapının uzaq küncünə göndərərək komandasını hesabda irəli çıxardı. Bu qol da lissabonlular üçün belə demək mümkünsə daha bir "soyuq duş" oldu. Qalan dəqiqələrdə və hakim tərəfindən oyuna əlavə edilən 5 dəqiqədə "Benfika"hücuma atılsa da hesabda tarazlığı bərpa edə bilmədi.

Beləliklə “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində səkkiz il əvvəlki nəticəni cəmi bir oyunda geridə qoyaraq qrupa qayıdışını sensasiyalı dönüş qələbəsi ilə qeyd elədi.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika” üzərində 3:2 hesablı qələbədən sonra təşkil olunan mətbuat konfrasında deyib ki, öncə futbolçularımı təbrik edirəm: "Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdilər. Biz məğlub da ola bilərik. Oyun başlayanda üstünlük rəqib tərəfdə idi. 0:2-dən sonra oyunu çevirmək heç də asan görünmürdü. Vurduğumuz ilk qol qələbə qazanmağımıza kömək oldu. Amma bu o demək deyil ki, “Benfika” bizdən zəif idi. Böyük bir qələbə qazandıq”.

“Benfika”nın (Portuqaliya) baş məşqçisi Brunu Laje UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilkturunda komandasının “Qarabağ”a məğlubiyyətindən (2:3) sonra “Sport TV”yə müsahibəsində deyib:

“İstədiyimiz nəticə bu deyildi. Oyuna çox yaxşı başladıq, ilk 30 dəqiqədə mükəmməl futbol oynadıq. Amma rəqibin ilk qolu bizi bir qədər ruhdan saldı. Bundan sonra komandaya özünü tapmaq və oyunda qalmaq çətin oldu. Buraxdığımız iki qol bizə çox baha başa gəldi. Bizim kimliyimizə – necə müdafiə olunduğumuza, sıx oynamağımıza baxanda, bu səhvlər ağır nəticə verdi. Nəticə arzuladığımız kimi olmadı, bu da uğursuz bir axşam deməkdir”.

"Qarabağ" Çempionlar Liqasında növbəti matçını oktyabr ayının 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Təmsilçimiz Danimarkanın "Kopenhagen" klubunu qonaq edəcək.

Əziz MUSTAFA

Избранный
34
50
oxumeni.az

10Источники