RU

Kamran Bayramov: Suverenlik dövlətin əsas dayağı və milli birliyin təməlidir

Azərbaycan şanlı Zəfəri ilə həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa etməyə nail oldu. 30 il ərzində davam edən işğal dövründə Prezident İlham Əliyev beynəlxalq tribunalar vasitəsilə ölkəmizin prinsipial və dəyişməz mövqeyini dəfələrlə bəyan edərək, bir qarış torpağın belə düşmənə verilməyəcəyini, işğalla heç vaxt barışmayacağımızı açıq şəkildə Ermənistana və onun havadarlarına çatdırdı.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Vətən müharibəsindən əvvəlki dövrdə də Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çıxışlarında qətiyyətlə bildirirdi ki, Azərbaycan ərazisində heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. 2016-cı ilin aprel döyüşlərində Lələtəpənin azad olunması və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hərbi toqquşmalar bir daha sübut etdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq. Lakin Ermənistan bu mesajlardan nəticə çıxarmadı, əksinə, Azərbaycana qarşı təxribatları davam etdirdi, erməni rəsmiləri isə xalqımıza qarşı təhqiramiz və təxribat xarakterli bəyanatlarla çıxış etdilər. 2020-ci il sentyabrın 27-də Ermənistan atəşkəs rejimini növbəti dəfə pozaraq cəbhəboyu mövqelərimizi və Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının yaşayış məntəqələrini ağır artilleriya ilə atəşə tutdu. Həm hərbi qulluqçular, həm də mülki vətəndaşlar, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin təcavüzünü dayandırmaq və torpaqlarımızı azad etmək məqsədilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal ordumuza əks-hücum əmri verdi.
Deputat diqqətə çatdırıb ki, sonrakı hadisələr göstərdi ki, 44 günlük Vətən müharibəsində məğlub olaraq kapitulyasiya aktını imzalayan Ermənistan, eləcə də Qarabağdakı separatçı qruplar nə müharibədən, nə də verilən ciddi mesajlardan dərs çıxarmaq niyyətində deyildilər. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirmək əvəzinə, Ermənistan gizli yollarla Qarabağda fəaliyyət göstərən separatçılara silah-sursat ötürməyə davam edirdi. 

Bununla yanaşı, bölgədə qalan erməni silahlı dəstələri vaxtaşırı təxribatlar törədir, mina terrorunu davam etdirmək məqsədilə 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaları ərazilərimizə yerləşdirirdilər. Separatçılar eyni zamanda Azərbaycan ərazilərində ekoloji terror həyata keçirir, qanunsuz şəkildə təbii sərvətləri talamağa cəhd göstərirdilər.
Azərbaycan hökumətinin silahlı birləşmələrin ərazidən çıxarılması ilə bağlı haqlı tələblərinə və regionda yaşayan ermənilərə reinteqrasiya çağırışlarına baxmayaraq, Ermənistan və separatçılar təxribat xarakterli fəaliyyətlərini daha da artırırdılar. Hətta bu qüvvələr separatçı iddialardan əl çəkmir, özlərinə saxta “prezident” belə seçirdilər.
K.Bayramov vurğulayıb ki, Qarabağda qalmış erməni silahlı dəstələri 2023-cü il sentyabrın 19-da növbəti genişmiqyaslı hərbi təxribat və terror hücumları həyata keçirdilər. Azərbaycan Ordusu bu təxribatların qarşısını almaq, üçtərəfli Bəyanatın müddəalarını icra etmək və ölkəmizin Konstitusiya quruluşunu bərpa etmək məqsədilə bölgədə lokal antiterror əməliyyatlarına başladı. Cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar ağ bayraq qaldıraraq təslim oldular və beləliklə, separatizmin kökü kəsildi.  Azərbaycan Ordusu antiterror əməliyyatı zamanı yüksək peşəkarlıq göstərərək yalnız legitim hərbi hədəfləri zərərsizləşdirdi. Heç bir mülki şəxs xəsarət almadı və mülki obyektlərə ziyan dəymədi. Nəticədə, 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı və qondarma rejiminin “rəhbəri” Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri sayəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs olundu və Azərbaycan dövlət suverenliyini tam təmin etdi. Zəfər tariximiz Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Bayrağımızın yüksəldilməsi ilə ərazi bütövlüyümüzün tam bərpası ilə yadda qaldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində dövlətimizin suverenliyi təmin edildi. 44 günlük Vətən müharibəsi və 23 saat 43 dəqiqəlik antiterror əməliyyatları ilə öz gücümüz hesabına əldə edilən bu qələbə, ərazi bütövlüyünü bərpa etməkdə çətinlik çəkən digər ölkələr üçün də nümunə oldu.  Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun keçirdiyi bu antiterror əməliyyatı suveren dövlətimizin gücünü və lazım gəldikdə ədaləti bərpa etmək qabiliyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
K.Bayramov əlavə edib ki, bu qısa, lakin həlledici əməliyyat Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə təmin olunması ilə nəticələndi. Məhz, bu möhtəşəm tarixi hadisənin nəticəsi olaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr “Dövlət Suverenliyi Günü” elan edildi. Bu gün təkcə qələbənin rəmzi deyil, həm də xalqımızın iradəsinin, dövlətimizin gücünün və hüququn qələbəsinin simvoludur.

Избранный
13
1
ikisahil.az

2Источники