RU

Yalnız brend məhsullar almaq istəyirsiniz? - Psixoloji problemləriniz ola bilər

Son illər Azərbaycanda diqqətçəkən bir psixoloji tendensiya müşahidə olunur – “brend alma xəstəliyi”. Gündəlik ehtiyacdan daha çox, sadəcə loqo və marka sevgisinə görə alış-veriş edən insanlar sayca artır. Bu, təkcə şəxsi büdcəyə zərbə vurmaqla qalmır, həm də cəmiyyətin istehlak davranışlarını dəyişir. İctimaiyyət arasında “prestij xəstəliyi” adlanan bu hal artıq mütəxəssislərin də müzakirə mövzusuna çevrilib.

 

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Manset.az-a açıqlamasında bu davranışın kökündə yatan psixoloji nüanslardan danışıb.



"İnsanların brend əşyaları almaq istəklərinin olması problem deyil. Problem istədiyi əşyanı almağa gücü çatmayanda keçirdiyi narahatlıqdır. İnsanların davamlı olaraq brend əşyalar almaq istəyi özünü ifadə formasıdır. Brend əşyalar almayanda özünü heç kim hesab edir, şəxsiyyətində natamamlıq yaranır. Əgər kimsə hansısa brend əşyanı əldə edə bilmədiyi üçün psixoloji halın nizamsızlığını yaşayırsa buna normal baxa bilmərik. Yəni bu psixoloji narahatlıq onun iş, şəxsi və sosial həyatına mənfi təsir edirsə, bu, anormal haldır. Ən bahalını almaq istəyi insanda mən də varam deməyidir. İnsan düşünür ki, o ən bahalı əşyanı əldə etsə, cəmiyyətdə onun şəxsiyyəti özünü göstərəcək. Çünki həmin şəxslərin ətrafı da elə olur”.

Klinik psixoloq bildirib ki, rəqəmsal dünyada dırnaqarası fenomenlərin təbliğ etdikləri bahalı həyat tərzi insanlarda yalançı xoşbəxtlik yaratdır. Hər şey görüntü olaraq təqdim olunur:

“Sosial platformalarda insanlar özünü xoşbəxt göstərirlər. Real həyatda var olmayan insanlar rəqəmsal dünyada varlı olmaq istəyirlər. Avtomatik yaranan düşüncələrin reallığını sorğulaya bilmirlər. Emosional olaraq yaranmış istəklər düşüncəni dağıdır. İstədiyini əldə bilməyən insanlar isə başqalarına nifrət edirlər. Yaranmış nifrət adekvat olmur. Alış-veriş zamanı insan özünə lazım olandan daha artığını alırsa, bu onun maddi yükünün yaranmasıdır. Alış-veriş pis bir fəaliyyət deyil amma bunun düşüncə pozuntusu olduğu və asılılığa çevrildiyi zaman pis vərdişə çevrilə bilər. Oniomaniyadan əziyyət çəkən insanlar var. Onlar psixoloji hallarını qiymətləndirə bilmirlər. Onlarda özünü tənqid yoxdur. Başqasına yox dediyimiz kimi özümüzə də yox deməyi bacarmalıyıq”.

 

Fidan Vəlisoy 

Избранный
41
manset.az

1Источники