RU

Məhsa Əmini etirazları: İranın hər yerində qadınlar artıq məcburi hicab qaydalarına meydan oxuyur

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Cəmi 22 yaşı olan Məhsa Əmini üç il əvvəl isti bir yay günü Tehrana çatanda, bir neçə saat içində zorla həbs olunacağını, polis avtobusunda döyüləcəyini və daha sonra İranın pis ad çıxarmış əxlaq polisi nəzarətində olduqca şübhəli şəraitdə həyatını itirəcəyini ağlına belə gətirməzdi.

Bütün bunlar başörtüyünün altından görünən bir neçə saç telinə görə idi.

Onun ölümü ölkəboyu ildırım sürəti ilə yayılan etiraz dalğasına səbəb oldu.

Aksiyalar sonradan "Məhsa hərəkatı" və ya "qadın, həyat, azadlıq" kimi tanındı.

İranda Məhsa Əmini etirazları: Ölənlərin sayı artır

Etirazlar Əmininin ölümündə məsul olanların cəzalandırılması tələbi ilə başlasa da, tezliklə qadın hüquqları və daha geniş siyasi dəyişikliklər üçün bir ictimai hərəkat halını aldı.

Şüarlar daha çox azadlıq istəyindən tutmuş dini hakimiyyətin devrilməsi və onilliklərdir davam edən təzyiqlərə görə məsul şəxslərin mühakimə olunması tələbinə qədər müxtəlif idi.

Məhsa Əmini, İranın qərbində yerləşən Kürdüstan vilayətinin Saqqız şəhərindən qohumlarını görmək və gəzmək üçün paytaxta gəlmişdi.

Onun faciəvi ölümü dəyişiklik tələbini alovlandırdı.

O vaxtdan bəri İran, ruhanilərin təsəvvür belə etmədiyi bir dəyişikliyə şahid oldu.

Cəmi üç il ərzində ölkənin ən ucqar yerlərindəki qadınlar belə, məcburi hicab qaydalarına açıq şəkildə meydan oxumağa başladılar.

İranın şəriət qanunlarına görə, qadınlar saçlarını örtmək üçün başörtüsü, bədən cizgilərini gizlətmək üçün isə "manto" deyilən uzun, geniş və tünd rəngli paltar geyinməyə məcburdurlar.

2006-cı ildən bəri, rəsmi adı "Rəhbərlik Patrulları" (Gasht-e Erşad) olan əxlaq polisi bu qaydaların icrasına nəzarət edir.

Lakin 2022-ci ildəki hadisələr bütün bunları sarsıtdı.

Hicab qanunlarına qarşı əvvəllər də müqavimət vardı, amma bu, dağınıq idi və əsasən, Tehran və digər böyük şəhərlərlə məhdudlaşırdı.

İndi isə çoxlu qadınlar 40 ildən artıq tətbiq olunan sərt qaydalara tabe olmur, nə geyinəcəklərinə və necə görünəcəklərinə özləri qərar verirlər.

Çoxlu sayda qadının açıq şəkildə geyindiyi rəngarəng libaslar, köynəklər, cinslər və ətəklər olduqca mühafizəkar İran cəmiyyətində Məhsa Əmininin ölümünün necə böyük sarsıntı yaratdığının göstəricisidir.

İranlı vəkil və gender bərabərliyi fəalı Samaneh Savadi deyir: "Bu, heç vaxt, sadəcə, bir parça bezlə bağlı deyildi. Bu, dövlətin qadınların bədənləri və seçimləri üzərində nəzarəti ilə bağlıdır. Bu nəzarətin qadınların həyatına diktə etməsi, işini, təhsilini, münasibətlərini və hər şeyini formalaşdırması ilə bağlıdır".

Bəs mühafizəkar İran cəmiyyətinin təməli sarsıldı, yoxsa bunlar, sadəcə, kosmetik dəyişikliklərdir?

Avstraliyanın Melburn Universitetinin Yaxın Şərq üzrə mütəxəssisi Dr. Dara Conduit SBS kanalına açıqlamasında belə deyir: "[Bu etirazlar] qəfil ortaya çıxmadı."

Conduit əlavə edir:

"İrandakı qadın hərəkatı ən azı son 20 ildir ki, qadın məsələlərini siyasiləşdirmək, qadınlara daha çox azadlıq qazandırmaq üçün ciddi səylər göstərir. Bu səylər 2000-ci illərin əvvəllərindəki 'Bir milyon imza' kampaniyası ilə başlayıb, 2010-cu illərdəki 'Gizli azadlığım' kampaniyasına qədər uzanır."

Və görünən odur ki, bunların müəyyən nəticələri olub.

Üç il əvvəlki etirazların ən nəzərə çarpan təsiri qadınların artıq İran ictimaiyyətində daha çox görünməsidir.

BBC-yə danışan gənc bir qadın deyir: "Başımı örtmədən, şalvar və qısa gödəkçə geyinərək küçəyə çıxıram. Heç kim bir söz demir".

İranda yaşamayan, amma tez-tez ölkəyə səfər edən Şadi deyir: "Cəmiyyət tamamilə dəyişib. İrana son səfərimdə başörtüsü taxmadım".

Başqa bir qadın, Məryəm isə deyir: "Artıq hava limanı təhlükəsizliyindən başörtüsüz keçmək, banklara və sosial xidmətlərə getmək mümkündür".

Amma bu dəyişiklik çox baha başa gəldi.

İranda etirazlar: Məhsa Əminin ölümü diqqəti əxlaq polisinə yönəldib

Müstəqil mənbələrin hesabatlarına görə, 2022-ci ildə etirazların ilk bir neçə ayında aralarında uşaqlar da olmaqla 500-dən çox etirazçı polis və təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü.

Çoxlu insan ağır yaralandı.

Minlərlə adam həbs olundu.

Son üç ildə isə etirazlara qatılan ən azı 12 nəfər müxtəlif ittihamlarla edam edilib.

Fəallar bildirirlər ki, bu məhbuslara ədalətli mühakimə hüququ verilməyib.

Məhkumların ailələri çoxunun işgəncə altında etirafa məcbur edildiyinə inanır.

İran etirazlara yad deyil.

Keçmişdə də mövcud hakimiyyət müxalifəti, demək olar ki, həmişə güc tətbiq edərək yatırıb.

Sadəcə, nümayişləri deyil, ümidin özünü də boğub.

Hökumət Əmininin ölümündən sonra küçə etirazlarını yatırmağı bacardı, amma İran daxilində və xaricində bir çox insan hökumətin özünə artıq yer eləmiş dəyişikliklərin qarşısını ala bilmədiyini deyir.

Onlar əlavə edirlər ki, Məhsa hərəkatından sonra İran artıq əvvəlki ölkə deyil.

Bəs, həqiqətən elədirmi?

Dr. Conduit kimi bəzi mütəxəssilər hökumətin taktikasının yumşalmadığını, əksinə dəyişdiyini və institusional səviyyədə hələ də sərtlik tərəfdarlarının söz sahibi olduğunu bildirir.

İran parlamenti 2023-cü ildə qadınların ictimai məkanda geyimi və görünüşü ilə bağlı sərt məhdudiyyətlər nəzərdə tutan "Hicab və İffət" qanun layihəsini təsdiqləyib.

Lakin geniş narazılıq və müqavimət hökuməti bu layihəni kənara qoymağa məcbur edib.

Buna baxmayaraq, bir çoxları bunun hökumətin qadın hüquqları mövzusunda güzəştə getdiyi anlamına gəlmədiyini deyir.

BMT-nin Beynəlxalq Müstəqil Həqiqətə Çatmaq Missiyasının İran üzrə mütəxəssisləri bu ilin mart ayında "Nur Planı" adlı təşəbbüs barədə xəbərdaredici hesabat yaydılar.

Bu planla örtünmə qaydalarının tətbiqində pilotsuz uçuş aparatları, üz tanıma texnologiyası və xəbərdarlıq tətbiqləri kimi inkişaf etmiş nəzarət vasitələrinin istifadəsi nəzərdə tutulur.

Hesabatda həmçinin qaydaları pozan qadınlara verilən ağır həbs cəzalarının artırıldığı vurğulanır.

İran bu hesabatla bağlı heç bir açıqlama verməyib.

Bütün bunlar baş verərkən ölkə küçələrində, kafelərin qarşısında, parklarda və ticarət mərkəzlərində gənc qadınlar və kişilər əvvəllər təsəvvür edilməyəcək şəkildə ünsiyyət qurur və birlikdə vaxt keçirirlər.

Onlar bir dəyişiklik yaşayırlar, amma bu, kifayətdirmi?

BBC-yə danışan Sonia deyir: "Şəhərlər daha gözəldir, hicab tabusu zəifləyib, bu doğrudur. Amma etirazçılar bundan daha çox şey istəyirdi. Biz söz azadlığı, inanc azadlığı, siyasi məhbusların azadlığı və dünyəvi hökumət istəyirik".

BBC-yə danışan bir çox insan bu fikri bölüşür.

Aliyə deyir: "Başörtüsü aradan qalxıb, amma qadınların məşğulluq səviyyəsi hələ də aşağıdır və çoxu maddi baxımdan kişilərin qazancından asılı qalır".

O əlavə edir: "Qanun dəyişmədiyi və qadınlar küçəyə çıxmaqdan qorxmadığı müddətcə heç nə həqiqi mənada dəyişməyəcək".

Bütün bunlara baxmayaraq, İranda zamanın geri çevrilməyəcəyinə və 2022-ci ildə yüksələn güclü narazılıq şüarlarının asanlıqla susdurula bilməyəcəyinə inananlar da var.

Savadi deyir: "İndi hər zamankından daha çox qadın, qanun dəyişdiyi üçün yox, qanuna açıq şəkildə meydan oxuyaraq və risklərin tam fərqində olaraq ictimaiyyətə hicabsız çıxır".

O davam edir:"Müzakirə yeni mərhələyə keçib. Məcburi hicaba qarşı mübarizə artıq daha geniş mənada azadlıq mübarizəsinin simvolu sayılır. Hazırda sanki küllərin altında yatırılmış, basdırılmış bir köz var. Amma əminəm ki, o köz yenidən alovlanacaq".

Bunlar, şübhəsiz ki, Məhsa Əmininin qəbrinə əl yazısı ilə bu sözləri qoyan şəxsin də hissləri ilə üst-üstə düşür:

"Adın bir simvol oldu".

Избранный
24
bbc.com

1Источники