RU

“Putin dayandırılmasa, yeni müharibələr qaçılmazdır” – Almaniyadan sərt xəbərdarlıq

Avropa aqressiv Rusiyanı dayandırmaq üçün aydın və sərt sərhədlər müəyyən etməlidir. Çünki Vladimir Putin yalnız ona imkan verildiyi qədər irəliləyir.

Turkustan.az xəbər verir ki, bunu sentyabrın 16-da Almaniyanın xarici işlər naziri İohan Vadeful isveçli həmkarı Mariya Marmeld Stenerqard ilə Berlində keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Nazir vurğulayıb ki, Rusiyanın Ukraynada qalib gəlməsi sülh gətirməyəcək, əksinə, növbəti təcavüzlərə yol açacaq. O qeyd edib:

“Son günlər Rusiya pilotsuz uçuş aparatları ilə əvvəlcə Polşanın, sonra isə Rumıniyanın hava məkanını pozub. Bu, açıq təxribatdır. Putin biz ona boşluq göstərənə qədər eskalasiyanı davam etdirəcək.”

Vadeful həmçinin Rusiyanın casusluq fəaliyyəti, kritik infrastruktura PUA-ların buraxılması, sualtı kabellərin zədələnməsi və Avropa ölkələrinin GPS sistemlərinə müdaxilə kimi təxribatlarını xatırladaraq, bunların hamısının Avropa müttəfiqlərinin təhlükəsizliyinə birbaşa təhdid olduğunu vurğulayıb.

O, bu hadisələrin Putinin sülh deyil, gərginlik istədiyini göstərdiyini və bu vəziyyətdə Rusiyaya qarşı təzyiqlərin artırılmasının vacibliyini qeyd edib.

Almaniya naziri bildirib ki, Avropa İttifaqı artıq 19-cu sanksiya paketi üzərində işləyir və Almaniya bu məsələ ilə bağlı Fransa ilə birlikdə öz təkliflərini təqdim edib. Vadeful paketin tezliklə razılaşdırılacağına ümid etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
17
1
turkustan.az

2Источники