RU

Rusiya patı ya oturub

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Azərbaycan quru sərhədlərini bağladıqdan sonra İrandan ölkəmizə axıdılan narkotik vasitələrin qarşısı tədricən alınıb. Hədəfi əsasən Azərbaycan gəncləri olan bu təxribatlar zamanı İran "patısı”ndan beynini itirmiş yeniyetmələrə bölgələrdə və paytaxtda tez-tez rast gəlinirdi. Hazırda bu mövzuda KİV-lərdə də yayılan xəbərlərə görə hiss olunur ki, artıq ölkədə narkotik vasitələrin dövriyyəsi əvvəlki illərə nisbətən kəskin azalmaqdadı. 

Şükür, biz yaxşı qurtarmışıq, ancaq bu gün "Rusiyanın başı” tamam dumanlanmaqdadı. Mən bu mövzu ilə bağlı Rusiyanın hazırkı durumunu statistik məlumatlarda araşdırdım. Məlum oldu ki, başqa narkotik vasitələr bir yana, təkcə 2025-ci ilin əvvəlindən Rusiyada təxminən 13 milyon qutu narkotik tərkibli antidepressant satılıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 36% çoxdur. Bu da ölkədə psixoloji gərginliyin getdikcə dərinləşdiyini göstərir. 

Maraqlıdı, narkomanlar ən çox Moskva, Sankt-Peterburq şəhərlərində və Moskva vilayətində alıcılıq ediblər. Bu bölgələrdəki satışların həcmi ümumi bazarın təxminən 40%-ni təşkil edir. Həmçinin Samara və Kalininqrad vilayətlərində antidepressantların satışı demək olar ki, iki dəfə çoxalıb.

Mütəxəssislər bildirir ki, Rusiyada son illərdə psixotrop dərmanlara maraq ardıcıl şəkildə artmaqdadır. 2022-ci ildə antidepressantlara çəkilən xərclər 810 milyon rubl, 2023-cü ildə 983 milyon rubl, 2024-cü ildə isə 1.340 milyon rubl olub. Lakin 2025-ci ilin ilk aylarından müşahidə edilən sıçrayış əvvəlki illərin artım tempini xeyli üstələyib.

Buna əsas səbəb kimi isə Rusiya-Ukrayna müharibəsinin yaratdığı sosial-psixoloji gərginlik göstərilir. Ölüm xəbərlərinin evlərə girməsi, yaxınlarını itirən ailələrin sayının çoxalması, hərbi çağırış qorxusu, iqtisadi çətinliklər və ölkənin qeyri-müəyyən gələcəyi insanlarda xroniki stress və depressiya  yaradır.

Real təhlükədən başqa, mətbuat və sosial şəbəkələrdə yayılan xəbərlər cəmiyətin psixoloji yükünü daha da artırır. Nəticədə, insanlar çıxış yolu kimi spirtli içkilərə, həkimlərin təyin etdiyi antidepressantlara və yaxud özbaşına qəbul olunan narkotik vasitələrə üz tuturlar.

Ekspertlərin fikrincə, yaxın illərdə Rusiyada psixi sağlamlıqla bağlı böhranın daha da dərinləşməsi qaçılmaz olacaq. Müharibənin yaratdığı sosial travmalar uzunmüddətli psixoloji nəticələr doğurur və bu nəticələrin yalnız dərman vasitəsilə aradan qaldırılması mümkünsüzdür. Cəmiyyətin psixoloji reabilitasiyası üçün daha geniş sosial dəstək proqramlarına və sülhün təmin olunmasına ehtiyac var.

Moskvalı psixoterapevt Andrey Smirnov bildirib ki: "Müharibə şəraitində insanlar yalnız real itkilərdən deyil, həm də daimi qorxu hissindən əziyyət çəkirlər. Bu vəziyət kütləvi olaraq insanları spirtli içkilərə, bir çoxlarını psixotrop dərmanlara üz tutmağa məcbur edir. Aydındır ki, bu cür vasitələr problemi kökündən həll etməyə qadir deyil, sadəcə, simptomları müvəqqəti olaraq yumşalda bilir. Antidepressantların həddindən artıq yayılması isə cəmiyyətdə asılılıq riskini artırır. Bu da kollektiv psixoloji sabitliyi daha da zəiflətməkdədi.”

Mütəxəssislərin fikrincə, Rusiyada hazırkı tendensiya davam edəcəyi təqdirdə, ölkə yaxın illərdə psixi sağlamlıq böhranı ilə üz-üzə qalacaq.

Həqiqi reabilitasiya üçün insanlara təkcə dərman deyil, sosial dəstək proqramları, psixoloji yardım və ən əsası sülhün bərpası lazımdır. 

Murad Köhnəqala

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
qaynarinfo.az

1Источники