İrəvandakı radikal qruplar xaricdən dəstəklənir — Deputat
“Ermənistanda Vaşinqton razılaşmalarına qarşı xalqı Paşinyandan narazı salmağa çalışan radikal qruplar xaricdən maliyyələşdirilib və dəstəklənir. Onlar Cənubi Qafqazda sülhün və əmin-amanlığın yaranmasından narahatdırlar. Son günlər Paşinyana qarşı etiraz aksiyalarının çoxaldığını görürük. Həmçinin respondentlərin 58 faizi konstitusiya dəyişikliklərinin əleyhinə, 60 faizi isə Zəngəzur dəhlizinin açılmasına qarşı olduqları ilə bağlı sorğunun nəticələri açıqlanıb”.
Bunu Demokrat.az-a açıqlamasında deputat Azər Badamov deyib. O bildirib ki, əslində keçirilmiş bu sorğu kimlərinsə maraqları əsasında hazırlanıb və reallığı əks etdirmir:
“Çünki sadə ermənilər Paşinyanı dəstəkləyir və Azərbaycanla sülhün olmasını arzulayırlar. Amma hakimiyyətə gəlmək istəyənlər xalqı Paşinyana qarşı çıxarmaq üçün hər vasitədən istifadə edirlər. Biz Ermənistanda eyni prosesi 2020-ci ildə – 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad ediləndə də görmüşdük. Radikallar özlərinə çox inanır, Paşinyanı istefaya məcbur etməyə çalışırdılar. Amma Paşinyan dərhal növbədənkənar seçkilər təyin etdi və öz mövqeyini yenidən möhkəmləndirdi.
İndi də eyni ssenarinin təkrarlanacağını düşünürəm. Əgər radikallar ölkəni yenidən narahat edici bir vəziyyətə gətirsələr, Paşinyan eyni addımı ataraq növbədənkənar seçkilər keçirə və vaxtından əvvəl özünü bir daha təsdiq edə bilər. Beləliklə, radikallar yenə də uğursuzluğa düçar olacaqlar, Paşinyan isə hakimiyyətdə qalacaq və Vaşinqtonda imzalanmış sülh gündəliyi dəyişməz olaraq qalacaq”.