Rumıniyanın Yassı şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Aleksandr İohan Kuza Universiteti və Yassı Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq Yay Məktəbi təşkil olunub.
Mərkəzin mətbuat xidmətindən bildirilib ki, “Qara dəniz və Xəzər hövzəsi: Tarix, ənənələr və multikultural perspektivlər” mövzusuna həsr olunan məktəbdə Azərbaycan, Rumıniya, Moldova, Bolqarıstan, Gürcüstan, Ukrayna və Türkiyədən tələbə və araşdırmaçılar iştirak ediblər.
Məktəbdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri dosent İrina Kunina “Multikulturalizmin Azərbaycan modelinin xüsusiyyətləri” mövzusunda mühazirə ilə çıxış edib. Mərkəzin Himayəçilik Şurasının sədri akademik Kamal Abdulla ilə məktəb iştirakçılarının onlayn görüşü təşkil olunub.
Qeyd edək ki, Mərkəzin önəmli layihələrindən biri olan və mütəmadi formada ildə iki dəfə təşkil edilən beynəlxalq multikulturalizm məktəbi ilk dəfə Azərbaycandan kənarda həyata keçirilib. Yay məktəbi “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Layihənin məqsədi xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələrin multikultural və tolerant dəyərlərin qorunduğu ölkəmizdə nəzəri biliklərlə əyani şəkildə tanış olmalarına şərait yaratmaqdır.