RU

Azərbaycanın bütövlüyünün rəmzi günü: 19 20 sentyabr 2023 cü il

ain.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən iki il ötür. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən və cəmi 23 saat çəkən hərbi əməliyyat zamanı Qarabağda qeyri-qanuni xunta rejimi ləğv olundu. Azərbaycan dövləti özünün suverenliyini tam təmin etdi. Düşmənin bir zamanlar qurduğu, yaratdığı, “Arsax” adlı qondorma dövlətçilik oyunları və müstəqillik xəyalları iflasa uğradıldı. Prezident cənab İlham Əliyev bir daha sübut etdi ki, heç bir qüvvə Azərbaycanın milli maraqlarının qarşısını ala bilməz.

Ölkə başçısı cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində keçirilən paradda çıxışında bu barədə bildirib: “Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə, cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik. Eyni zamanda cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.”

Sentyabr ayının 19-da başlayan antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə çəkdi. Əməliyyatın ilk dəqiqələrindən gedişat Azərbaycan Ordusunun ən yüksək və modern döyüş imkanlarına malik olduğunu göstərdi. Cəmi bir neçə saata düşmənin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri sıradan çıxarıldı. Hər günü bir şanlı tarix olan 44 günlük Vətən müharibəsində olduğu kimi, ildırımsürətli antiterror əməliyyatında da ordumuz yenidən möhtəşəm zəfər tarixi yazdı. Antiterror tədbirləri ordumuzun şəxsi heyətinin, əsgər və zabitlərimizin hərbi peşəkarlığının və vətənpərvərliyinin növbəti təsdiqi oldu.

Vətən müharibəsində olduğu kimi bu dəfə də düşmənin mövqeləri əlverişli və üstün idi. Dağlıq ərazi separatçılar üçün təbii istehkam rolunu oynayırdı. Amma nə gücləndirilmiş müdafiə qurğuları, nə coğrafi relyef ordumuzun qarşısını kəsə bilmədi. Əməliyyat zamanı düşmənin min nəfərdən çox canlı qüvvəsi, yüzlərlə hərbi texnikası məhv edildi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontigenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrn 20-də günorta lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Antiterror tədbirlərində Azərbaycan hərbiçiləri Vətən müharibəsində olduğu kimi vətənpərvərliyin və vətəni sevməyin nümunələrini yaratdılar. Müzəffər Ali Baş komandan İlham Əliyev bu barədə deyirdi: “Biz Silahlı Qüvvələrimzlə fəxr edirik. Onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.”

Bu əməliyyat zamanı 192 hərbiçimiz şəhidlik məqamına yüksəldi, 500-dən artıq hərbiçimiz yaralandı. Bu gün doğma Qarabağ bizim üçün həm də ona görə müqəddəsdir ki, o torpaqlara qəhrəman şəhidlərimizin qanı hopub.

Böyük qürur hissi ilə qeyd etməliyəm ki, Silahlı Qüvvələrimizin sıralarında xidmət edən naxçıvanlılar da Vətən müharibəsində olduğu kimi antiterror əməliyyatları zamanı da qəhrəmancasına döyüşdülər, həlak oldular, yaralandılar. Vətən müharibəsində 3 mindən artıq şəhidimiz, eləcə də onlarla Naxçıvandan olan şəhidlərimiz kimi bu diyardan olan 10 hərbiçimiz Qarabağda milli suverenliyimizin təmin edilməsi uğrunda antiterror döyüşlərində şəhidlik zirvəsinə ucaldı. Müstəqil, suveren Azərbaycanımızın hər yerində olduğu kimi, bu gün ulu diyarımız olan Naxçıvanda şəhidlərimizin hər birinin xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirilir. Onların ailələri, qazilərimiz hərtərəfli qayğı ilə əhatə olunur, xüsusi diqqət mərkəzində saxlanılır.

Antiterror əməliyyatlarında qazanılan bu tarixi zəfər Ulu öndər Heydər Əliyev yolunun, Prezident cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin təntənəsinə çevrildi. Bir daha bu tarixi gerçəklik öz təsdiqini tapdı ki, xalqımız ümummilli lider Heydər Əliyevin ideyalarına söykənməklə, öz taleyini məhz İlham Əliyevə etibar etməklə böyük müdriklik və uzaqgörənlik nümayiş etdirib. Həm Vətən müharibəsində, həm də antiterror əməliyyatlarında qazanılan Zəfər onu göstərdi ki, Prezident İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsini, dövlətçiliyimizin güclənməsini, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasını təmin edib. Bu müharibə bir də onu göstərdi ki, heç bir qüvvə Azərbaycanı öz yolundan döndərə bilməz. Azərbaycan Rspublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi: “Dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni razılıqları qəbul etmişdir və bu da özlüyündə tarixi hadisədir. Çünki sirr deyil ki, həm işğal dövründə, həm də müharibə dövründə Ermənistanı dəstəkləyən böyük dövlətlər bizə hər zaman böyük problemlər yaradırdı və yarada bilərdi. Bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, Hərbi zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu-bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan, nəticədə, peşman olur.”

Səfiyar Abışov,

Naxçıvan Dövlət Universitetinin

Beynəlxalq Münasibətlər və Hüquq fakultəsinin

müəllimi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
56
sesqazeti.az

1Источники