RU

Gələcəyə çağırış

Azərbaycanın Dövlət Suverenliyi Günü — dövlətçiliyimizin əsası, mövcudluğumuzun təminatı və gələcəyimizin zəmanətidir

 Tarixin axarında hər bir xalqın həyatında dönüş nöqtəsi olan mühüm hadisələr mövcuddur. Azərbaycan xalqı üçün belə dönüş nöqtələrindən biri və ən önəmlisi dövlət suverenliyinin bərpası və onun təntənəli şəkildə qeyd olunduğu 20 Sentyabr Dövlət Suverenliyi Günüdür. Bu gün təkcə müstəqilliyin rəmzi deyil, eyni zamanda dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi baxımından mühüm strateji və ideoloji əhəmiyyət daşıyır. Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib.

 Azərbaycan xalqı uzun əsrlər boyu müxtəlif dövlətlər qurmuş, öz torpaqlarında idarəetmə ənənələrini formalaşdırmışdır. XX əsrin əvvəllərində — 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalqımız ilk dəfə demokratik və suveren dövlət quruculuğu təcrübəsi qazandı. Lakin bu müstəqillik cəmi 23 ay davam etdi və 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olundu. Nəticədə, ölkəmizin suverenliyi itirildi və uzun illər sovet imperiyasının tərkibində yaşamaq məcburiyyətində qaldı.

 1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi və iqtisadi böhranlar fonunda Azərbaycan xalqı yenidən azadlıq uğrunda mübarizəyə başladı. Bu mübarizə 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Ali Sovetinin qəbul etdiyi "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə öz hüquqi təsdiqini tapdı. Bu sənəd Azərbaycanın suveren dövlət kimi tanınmasını rəsmiləşdirdi və milli dövlətçiliyin bərpasına əsas yaratdı.

 Dövlətin suverenliyi onun daxili və xarici siyasətdə müstəqilliyini, öz qanunları ilə idarə olunmaq hüququnu, sərhədlərinin toxunulmazlığını və beynəlxalq münasibətlərdə bərabərhüquqlu subyekt kimi tanınmasını ifadə edir. Suverenlik olmadan nə dövlətin varlığından, nə də onun xalqının azad iradəsindən danışmaq mümkün deyil. Azərbaycan Respublikasının müstəqilliyinin bərpası ilə xalqımız öz taleyinə özü sahib çıxmağa başladı. Bu, həm də siyasi, iqtisadi, sosial və mədəni sahələrdə müstəqil qərarlar qəbul etmək, milli maraqları əsas götürən siyasət yürütmək imkanı demək idi.

 Müstəqilliyin qazanılması nə qədər çətin idisə, onun qorunması və möhkəmləndirilməsi bir o qədər məsuliyyət və ardıcıl siyasi iradə tələb edirdi. 1993-cü ildən etibarən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərpa edildi, hüquqi dövlətin əsasları qoyuldu və dövlət institutları formalaşmağa başladı. İnstitusional davamlılıq – yəni dövlətin idarəetmə orqanlarının, hüquq sistemi, ordu, iqtisadiyyat və sosial strukturlarının davamlı və effektiv fəaliyyət göstərməsi – məhz bu mərhələdə formalaşdı. Bu institutlar dövlətin suverenliyinin real daşıyıcıları və təminatçılarıdır. Möhkəm dövlət qurumları olmadan suverenlik yalnız kağız üzərində mövcud ola bilərdi.

Son onilliklər ərzində Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri — Ermənistan tərəfindən həyata keçirilən işğal siyasəti və onun nəticəsində yaranan fəlakətlərdir. Beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən BMT Nizamnaməsinin əsas müddəalarını kobud şəkildə pozaraq Ermənistan, hərbi gücə əl atmaqla Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı açıq təcavüz etmişdir. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı.

Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi. Hazırda Azərbaycan dövləti güclü icra hakimiyyətinə, müstəqil məhkəmə sisteminə, çevik qanunvericiliyə və müasir orduya malikdir. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər də dövlətin suverenliyinin və institutlarının güclü şəkildə işləməsinin bir nəticəsi oldu.

Dövlət Suverenliyi Günü — sadəcə keçmişin qeyd olunması deyil, həm də gələcəyə bir çağırışdır. Bu gün gənc nəsildə dövlətçilik təfəkkürünü formalaşdırmaq, milli kimliyi və azadlıq anlayışını təbliğ etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün bizə xatırladır ki, azadlıq və müstəqillik birdəfəlik verilmiş nemət deyil; onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək hər bir vətəndaşın borcudur.

“Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunur: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Azərbaycanın Dövlət Suverenliyi Günü — dövlətçiliyimizin əsası, mövcudluğumuzun təminatı və gələcəyimizin zəmanətidir. Bu gün, xalqın azad iradəsinin, milli birliyin və siyasi müdrikliyin rəmzidir. Dövlət suverenliyi Azərbaycanın beynəlxalq münasibətlərdə bərabər hüquqlu subyekt kimi çıxış etməsinə, öz yolunu özü seçməsinə və gələcəyini azad şəkildə qurmasına şərait yaradır. Bu günə qədər gəldiyimiz yol qürurvericidir, lakin qarşıda hələ görüləcək çox işlər var. Suveren, müasir və güclü Azərbaycan qurmaq — bu günün və gələcəyin əsas çağırışıdır.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Избранный
64
azerforum.com

1Источники