RU

Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix

2023-cü il oktyabrın 15-də dövlət başçısı İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltmasından ötən iki il müstəqillik tariximizin Zəfər səhifələrini daha da zənginləşdirdi.

Prezident İlham Əliyev bu tarixdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Bayrağını ucaltdı və Xankəndi şəhərindən xalqımıza müraciət etdi. Bu müraciət böyük Qələbəmizin doğurduğu qürur hissinin xalqımızla bölüşməsi idi: «Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.»

Azərbaycan xalqı 30 ildən çox öz böyük Qələbəsini gözləmişdir. Xalqımıza qələbə yaraşır. 30 ilə yaxın müddətdə torpaqlarımızın işğal altında, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına baxmayaraq Azərbaycan xalqı gələcəyə, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunacağı günə inamını itirmədi. Bu inama əsas verən dövlətimizin qətiyyəti, münaqişənin həlli ilə bağlı prinsipial mövqeyimizin dəyişməməsi, ən yüksək tribunalardan səsləndirilən bəyanatların real həyatda öz əksini tapması idi.

Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.

Azərbaycan Ordusu beş il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, eyni zamanda, 2023-cü il cəmi 23 saat davam edən antiterror əməliyyatı gücümüzü göstərdi. Düşmən yenə də ağ bayraq qaldıraraq təslim oldu.

30 illik zaman keçdi. Azərbaycan hər zaman məsələnin sülh yolu ilə həllində maraqlı olduğunu bildirdi. Heç zaman qan tökülməsini istəməyən Azərbaycan dövləti 30 il qarşı tərəfdən ədalətli mövqe, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllini gözlədi. Cənab İlham Əliyevin vurğuladığı kimi, artıq son illərdə münaqişənin həlli ilə bağlı danışıqların aparılması heç bir məna daşımırdı.

Vətən müharibəsi Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr, tarixi anlar, təkrarolunmaz hadisələrlə qalmaqdadır. Tarixi Zəfərimizdən 3 il sonra oktyabrın 15-də Azərbaycan Bayrağının Xankəndidə ucaldılması tarixi hadisədir. Dövlət başçısının xalqa müraciəti bugünümüz və gələcəyimizlə bağlı bütün məqamları özündə ehtiva edir.

Dövlət başçısı İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 illiyində separatçılardan təmizlənən əzəli torpaqlarımıza səfəri və Azərbaycan Bayrağını ucaltması özündə mühüm mesajları ehtiva edir. Cənab İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Sərsəng su anbarının ərazisində oldu və Azərbaycan Bayrağını ucaltdı.

Reallıq budur ki, məhz 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə Prezident seçilmiş cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. Cənab İlham Əliyev yeni reallıqları yaradaraq xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazandı, əxlaqi və liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer etdi.

Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqa müraciətində o zaman Vətən müharibəsinin Azərbaycanın Qələbəsi ilə başa çatacağına əminliklə yanaşdığını bildirdi. Reallıq budur ki, Azərbaycan bütün istiqamətlərdə üstünlüyə malik idi. Prezident İlham Əliyev hər bir çıxışında bildirir ki, ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması Prezident kimi başlıca vəzifəm idi.

Suverenliyimizin bərpasından, Azərbaycan Bayrağının Xankəndidə ucaldılmasından ötən iki il tariximizə daha möhtəşəm uğurları yazdı. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri genişlənir, soydaşlarımızın qayıdış ünvanlarının sayı artır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə suverenliyimizin tam bərpa olunduğu tarix- 20 Sentyabr – Dövlət Suverenliyi Günü, həmçinin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü kimi təsis edildi.

Vahid İsmayılov

Tarix üzrə fəlsəfə doktoru

Избранный
23
1
moderator.az

2Источники