Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə təbriklərini çatdırıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor təbrikində bu il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Qarabağ Zəfərinin beşinci ildönümünün qeyd edildiyini diqqətə çatdırıb. Professor Ədalət Muradov, eyni zamanda, “UNEC-100 İnkişaf Strategiyası”nın növbəti, sonuncu beşillik mərhələsinə qədəm qoyduğunu bildirib: “Bu yeni tədris ilində əzmlə çalışmağa, yeniliklərə davam etməyə, daha böyük nailiyyətlər qazanmağa hazırıq. Beş ildən sonra Qarabağ Zəfərinin 10 illiyini UNEC-in artıq 100 yaşlı, müasir və daha güclü universitet kimi qeyd edəcəyinə əminəm”.
Rektor UNEC-ə qəbul olmuş I kurs tələbələrini də təbrik edib: “...Bu gün sizin həyatınızda yeni, fərqli və gözəl bir səhifə açılır. Siz yalnız universitetə deyil, böyük gələcək və fürsətlər dünyasına addım atırsınız. UNEC həm də dostluq, liderlik və özünüzü kəşf etmə yoludur.
Bu yolda bəzən yorğunluq, bəzən çətinlik, bəzən şübhələr qarşınıza çıxacaq. Amma çətinliklər sizi qorxutmasın - hər maneə sizi daha da güclü edəcək. Hər zaman inamla irəliləyin! Biz isə hər zaman yanınızda olacaq, hər birinizin özünüzlə gətirdiyiniz arzuların, ümidlərin həyata keçməsi üçün durmadan çalışacağıq!”
Yeni dərs ilinin başlanması münasibətilə professor Ədalət Muradov müəllimlərə, tələbələrə və həmkarlarına möhkəm cansağlığı, böyük uğurlar və qələbələr arzulayıb.