Rektor qeyd edib ki, bu il Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Qarabağ Zəfərinin beşinci ildönümünü qeyd edirik. Eyni zamanda, "UNEC-100 İnkişaf Strategiyası"nın növbəti, sonuncu beşillik mərhələsinə qədəm qoyuruq:
"Bu yeni tədris ilində əzmlə çalışmağa, yeniliklərə davam etməyə, daha böyük nailiyyətlər qazanmağa hazırıq. Beş ildən sonra Qarabağ Zəfərinin 10 illiyini UNEC artıq 100 yaşlı, müasir və daha güclü universitet kimi qeyd edəcəyinə əminəm," - deyə rektor bildirib.
Rektor UNEC-ə qəbul olmuş I kursları da tələbə adını qazanmaları münasibətilə təbrik edib:
"...Bu gün sizin həyatınızda yeni, fərqli və gözəl bir səhifə açılır. Siz yalnız universitetə deyil, böyük gələcək və fürsətlər dünyasına addım atırsınız. UNEC həm də dostluq, liderlik və özünüzü kəşf etmə yoludur.
Bu yolda bəzən yorğunluq, bəzən çətinliklər, bəzən şübhələr qarşınıza çıxacaq. Amma çətinliklər sizi qorxutmasın - hər maneə sizi daha da güclü edəcək. Hər zaman inamla irəliləyin! Biz isə hər zaman yanınızda olacaq, hər birinizin özünüzlə gətirdiyiniz arzuların, ümidlərin həyata keçməsi üçün durmadan çalışacağıq!"
Yeni dərs ilinin başlanması münasibətilə professor Ədalət Muradov müəllimlərə, tələbələrə və həmkarlarına möhkəm cansağlığı, böyük uğurlar və qələbələr arzulayıb.