RU

Turizm biznesindən necə davamlı gəlir əldə edək? — BİZNES MƏSLƏHƏTLƏRİ

Azərbaycanın turizm sektorunda ən aktiv dövr hesab olunan yay mövsümü artıq başa çatmaq üzrədir. Sentyabr ayının ikinci yarısı ilə birlikdə çimərlik və yay istirahətinə əsaslanan turizm obyektlərində qonaq axını azalır. Lakin bu vəziyyət heç də passiv dövrə keçid və ya gözləmə rejiminə keçmək demək deyil. Əksinə, hazırda sahibkarlar üçün ən mühüm strateji qərarların verilməsi, biznes fəaliyyətinin illik planlamaya uyğunlaşdırılması və xidmətlərin rəqabətədavamlı şəkildə yenilənməsi üçün olduqca əlverişli bir mərhələdəyik.

Ənənəvi olaraq Azərbaycanda turizm fəaliyyəti daha çox yay mövsümünə yönəldilmiş olsa da, ölkəmizin təbiəti, coğrafiyası və mədəni potensialı ilin bütün fəsillərində turizm üçün əlverişli imkanlar təqdim edir. Bu imkanlardan səmərəli istifadə etməyən sahibkarlar illik gəlir potensialının böyük bir hissəsini itirirlər. Bəs, nə etməliyik? Bunun üçün ilk npvbədə fəaliyyət modeli düşünülməlidir. Yalnız yay aylarında gəlir gətirən biznes modeli uzunmüddətli və dayanıqlı deyil. Sahibkarlar payız, qış və yaz mövsümləri üçün də xidmət paketləri formalaşdırmalıdır. Məsələn, payız üçün təbiət gəzintiləri, kənd turizmi, regional kulinariya festivalları keçirilə bilər.  Qış fəslində təbii ki, xizək və dağ turizmi, spa və sağlamlıq xidmətləri göstərmək mümkündür. Baharda ekoturizm, Novruz ənənələrini əhatə edən mədəni turlar təşkil edilə bilər. 

Xidmətlırin fərqləndirilməsi isə çox vacibdir. Bugünkü turist təkcə yerləşmə və qida ilə kifayətlənmir. Onlar təcrübə və fərqlilik axtarır. Bu baxımdan yerli mədəniyyətə əsaslanan turlara - aşpazlıq master-klasslarına, yerli ailələrdə qonaqlamağa üstünlük verilməlidir. Tematik tur paketləri - taruxi marşrutlar, incəsənət turları, botanika gəzintiləri maraq doğurar. Ailəvi, korporativ, cütlüklər və fərqli auditoriyalar üçün fərqli xidmət paketləri də təklif edilə bilər. 

Belə bir şəraitdə turistləri cəlb etmək üçün qiymət siyasətinə yenidən baxılmalıdır. Bazarda qiymət rəqabəti aparmaq üçün bəzən sahibkarlar xidmətin dəyərini azaltmaq yolunu seçirlər. Bu, uzunmüddətli perspektivdə zərərlidir.  Əsas diqqət "ucuz xidmət" yox, dəyərli təklif üzərində olmalıdır. Dinamik qiymət siyasəti tətbiq olunmalıdr. Mövsümdənkənar dövrlərdə paketlərə əlavə dəyərlər- endirimli restoran kuponları, ödənişsiz transfer, əlavə tur xidməti və s. daxil edilməlidir.

Turizm sektorunda rəqəmsal platformalarda aktivlik artırılmalıdır. Çünki müasir turistlərin əksəriyyəti səyahətlərini internet vasitəsilə planlaşdırır. Bu səbəbdən vebsayt yaradılmalı, onlayn bron və ödəniş funksionallığı təmin edilməlidir. Sosial media kanalları - Instagram, Facebook, TikTok aktiv şəkildə idarə olunmalıdır. Üstəlik, Booking.com, Airbnb, TripAdvisor kimi beynəlxalq platformalarda təmsilçilik gücləndirilməlidir.

Daha bir vacib məqam isə turizmdə şəffaflığın və idarəetmədə dayanıqlılığn təmin olunmasıdır.  Bir çox turizm obyektlərində qeydiyyatsız fəaliyyət, əmək müqavilələrinin olmaması və ya vergi öhdəliklərinin yerinə yetirilməməsi müşahidə olunur. Bu isə sahibkarı hüquqi risklərə məruz qoyur və biznesin böyüməsinə mane olur. Müəssisələrin hüquqi statusu tam rəsmi qaydada qeydiyyatdan keçməli, əmək  müqavilələri bağlanmalıdır. Mühasibat uçotu şəffaf şəkildə aparılmalıdır.

Əslində, yay mövsümünün bitməsi sahibkarlar üçün yeni imkanlar dövrünün başlanğıcıdır. Gələn mövsümə hazırlıq, təlim, bazar araşdırması, məhsul və xidmətin yenilənməsi baxımından bu mərhələ qızıl fürsət hesab oluna bilər.

Azərbaycan turizminin potensialı yalnız bir mövsümlə məhdudlaşmır. İlin dörd fəslini əhatə edən, milli kimliyimizi və təbiətimizin gözəlliyini təqdim edən turizm modeli sahibkarlara həm daha sabit gəlir, həm də uzunmüddətli inkişaf perspektivi qazandıra bilər.

Çinarə Ağayeva, 
Biznes məsləhətçi
 
 
 
 

Избранный
38
2
7news.az

3Источники