XOCAVƏND, 15 sentyabr. TELEQRAF
Füzuli və Xocavənd rayonları ərazisinə təşkil olunmuş “Prezidentin izi ilə” ənənəvi media tur başa çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, media nümayəndələri son olaraq Sos qəsəbəsində olublar.
Burada jurnalistlərə məlumat verilib ki, Sos kəndi 2023-cü ildə Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın tam nəzarətinə keçib. İndiyədək kənddə mövcud elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunub, 2 transformator quraşdırılıb, sayğaclaşdırma prosesinə başlanılıb, 3 su anbarı təmir edilib, təqribən 5 kilometr uzunluğunda təbii qaz xətti çəkilib.
Həmçinin qeyd olunub ki, Sos kəndində 259 mövcud fərdi evin 70-i yararsız, 189-u isə qismən yararlıdır. Hazırda 10 ev istismara hazırdır. İlin sonunadək daha 75 ev istismara hazır olacaq. 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur.
Qeyd edək ki, indiyədək 10 ailə (46 nəfər) sözügedən kəndə qayıdıb.