RU

Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə Bilik Günü qeyd edilib

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək müəllim və şagirdləri yeni dərs ili münasibətilə təbrik edib, məktəbin 227 şagirdlə yeni tədris ilinə başladığını bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında məktəbin qədim tarixi və rəmzi əhəmiyyətinə toxunaraq müəllim və şagirdlərin üzərinə düşən məsuliyyəti qeyd edib. Nazir bildirib ki, məktəb yalnız biliklərin ötürülməsi deyil, həm də vətənpərvərlik, milli dəyərlərə hörmət formalaşdıran mühitdir. Emin Əmrullayev çıxışının sonunda müəllim və şagird heyətinə uğurlar arzulayıb, təhsil sahəsində islahatların davam etdiriləcəyini diqqətə çatdırıb.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov məktəb kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, Şuşada bərpa olunan təhsil infrastrukturunun önəmini vurğulayıb.

Tədbir məktəblilərin hazırladığı bədii hissə ilə davam etdirilib.

Şagirdlər və valideynlərlə yanaşı, tədbirdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin direktoru Tural Novruzov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və şəhid ailələrinin üzvləri də iştirak ediblər.

 

Избранный
20
20
azertag.az

10Источники