AZ

Emin Əmrullayev Bilik Günündə Şuşa və Xıdırlı məktəblərində olub Fotolar Yenilənib

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Sentyabrın 15-i Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin direktoru Tural Novruzov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, şəhid ailələrinin üzvləri, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova giriş nitqi ilə çıxış edərək müəllim və şagirdləri yeni dərs ili münasibətilə təbrik edib, məktəbin 227 şagirdlə yeni tədris ilinə başladığını bildirib.

Emin Əmrullayev çıxışında məktəbin qədim tarixi və rəmzi əhəmiyyətinə toxunaraq müəllim və şagirdlərin üzərinə düşən məsuliyyəti qeyd edib. Nazir bildirib ki, məktəb yalnız biliklərin ötürülməsi deyil, həm də vətənpərvərlik, milli dəyərlərə hörmət formalaşdıran mühitdir.

E. Əmrullayev çıxışının sonunda müəllim və şagird heyətinə uğurlar arzulayıb, təhsil sahəsində islahatların davam etdiriləcəyini diqqətə çatdırıb.

Aydın Kərimov çıxış edərək məktəb kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, Şuşada bərpa olunan təhsil infrastrukturunun önəmini vurğulayıb.

Tədbir məktəblilərin hazırladığı bədii hissə ilə davam etdirilib.

***

Elm və təhsil naziri Emin Əmrullayev Ağdam rayonunda yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində də olub.

İşğaldan azad edildikdən sonra bu il ilk dəfə tədris prosesinə başlayan məktəbdə nazir dərs gedişatını izləyib, şagird və müəllim heyəti ilə görüşərək onlarla söhbət aparıb. 

Görüş zamanı Emin Əmrullayev şagirdləri yeni dərs ilində uğurlar əldə etməyə, müəllimləri isə gənc nəslin bilik və bacarıqlarının inkişafına töhfə verməyə səsləyib. Nazir həmçinin işğaldan azad edilmiş bölgələrdə təhsil infrastrukturunun yenidən qurulmasının önəmini vurğulayıb.

Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan və Qırğızıstan prezidentləri tərəfindən qoyulub. Xıdırlı kənd tam orta məktəbində 2025-2026-cı tədris ilində 123 şagird təhsil alacaq. Onlardan 11 nəfəri birinci sinif şagirdidir. 9 uşaq isə məktəbəhazırlıq qruplarında təhsilə cəlb olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
20
qafqazinfo.az

10Mənbələr