RU

Mütəxəssis: Açıq ünsiyyət uşaqların yeni dərs ilinə inamla uyğunlaşmasına kömək edir

Bakı, 15 sentyabr, AZƏRTAC

Məktəbə başlamaq həm uşaqlar, həm də valideynlər üçün çətin ola bilər. Bu mərhələdə narahatlıq hissi təbiidir, çünki uşaqlar müəyyən yaşa qədər əsasən valideynləri ilə sıx bağlı həyat yaşayırlar. Məktəbə başlama ilə bu dinamika dəyişir. Qeyd etmək istərdim ki, məktəb hər bir uşağın həyatında mühüm addımdır. Valideyn və müəllimlərin münasibəti uşağın inkişafına mühüm təsir göstərir. Uşağın ilk müqaviməti onun öyrəşməyəcəyi demək deyil. Keçid dövrü hər uşaqda fərqlidir. Bəziləri tez uyğunlaşır, digərləri isə daha çox vaxt tələb edir. Ayrılıq narahatlığı yaşayan uşaq valideyninin qayıtmayacağından qorxa bilər. Zamanla öyrənirlər ki, ayrılıq müvəqqətidir. Məktəb bitdikdən sonra valideynləri mütləq onları qarşılayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov səsləndirib.

O bildirib ki, tətil günlərinin rahatlığından sonra məktəb mühitinə uyğunlaşmaq uşaqlarda həyəcan yarada bilər. Səhər tezdən oyanmaq və dərs məsuliyyəti keçidi bir qədər çətinləşdirir. Valideynlər üçün əsas məqam bu narahatlığın normal olduğunu anlamaqdır. Yeni vəziyyət öncəsi hiss olunan həyəcan beynin dəyişikliklərə hazırlaşmasına kömək edir. Buna görə də uşaqlara bu çətinliklərin müvəqqəti olduğunu izah etmək vacibdir: “Uşağın hisslərini qəbul etmək və başa düşüldüyünü göstərmək təsirli dəstək yoludur. Məsələn, “Mən başa düşürəm ki, məktəbə qayıtmaq sənə bir az çətin görünə bilər” demək uşağa güvən verir. Uşaqlar streslə mübarizəni valideynlərdən öyrənirlər. Böyüklərin çətinliklərə sakit yanaşması onlar üçün nümunədir. Valideynin “Mən yorğun oluram, amma sakitləşmək üçün dərin nəfəs alıram” deməsi uşağa narahatlığını idarə etməyi öyrədə bilər. Açıq ünsiyyət və nümunəvi davranış uşaqların yeni dərs ilinə inamla uyğunlaşmasına kömək edir. Uşaqların yeni müəllim və sinif yoldaşlarına uyğunlaşması üçün də ünsiyyət və empatiya bacarıqlarının öyrədilməsi vacibdir. Həmyaşıdları ilə münasibət qurmaq, başqalarını dinləmək sosial mühitə tez uyğunlaşmağa kömək edir. Başqalarına kömək etməyə təşviq də mühüm rol oynayır. Uşaqlara dəstək göstərdikcə, onlar özlərini həm faydalı hiss edir, həm də daha tez qəbul olunurlar. Gündəlik rejimə sadiq qalmaq, öyrənmə ilə oyun arasında balans yaratmaq adaptasiyanı asanlaşdırır. Hisslərin idarəolunması streslə mübarizə bacarıqlarının inkişafında faydalıdır. Dərin nəfəs almaq, istirahət və yaradıcılıq uşağı rahatladır. Özünə qulluq, düzgün qidalanma və kifayət qədər yuxu psixoloji sabitliyi gücləndirir. Kiçik nailiyyətlərin qeyd olunması motivasiyanı artırır. Keçmiş çətinliklərin öhdəsindən gəlmək xatırladıldıqda uşağın özünə inamı möhkəmlənir. Açıq ünsiyyət və dəstək onların uyğunlaşmasını asanlaşdırır”.

Rövşən Nəcəfov məktəb dövrünün başlanğıcı ilə bağlı uşaqların yuxu və gündəlik rejiminin tənzimlənməsi üçün bir sıra tövsiyələr verib: “Dərslərin başlamasına iki həftə qalmış yatmaq və oyanmaq vaxtları tədricən tezləşdirilməlidir. Bu, uşağın məktəb cədvəlinə uyğunlaşmasını asanlaşdırır. Yuxu cədvəli yaradıldıqdan sonra ona hər gün əməl olunmalıdır. Yatmazdan əvvəl sakitləşdirici fəaliyyətlər faydalıdır. Duş qəbul etmək və kitab oxumaq rahatlaşdırıcı təsir göstərir. Elektron əyləncələr məhdudlaşdırılmalı, ağır yeməklərdən uzaq durulmalıdır. Yuxu mühiti qaranlıq və sakit olmalıdır. Yataq rahat, otaq temperaturu isə normal saxlanmalıdır. Kompüter və televizor kimi vasitələr yuxu mühitindən çıxarılmalıdır. Valideynlər də yuxu rejiminə əməl etməklə nümunə göstərməlidirlər. Sağlam yuxu vərdişləri uşağın məktəbə enerjili başlamasına kömək edir”.

Məktəbə marağın və motivasiyanın artırılmasında valideynlərin dəstəyinin əsas olmasına diqqət çəkən psixoterapevt bildirib ki, onlar övladlarının təhsil prosesində iştirak etdikdə, uşaqlar dərslərə daha çox həvəs göstərir və özlərinə inam qazanırlar. “Evdə öyrənməni təşviq edən mühit yaratmaq müsbət təsir göstərir. Oxu vərdişləri formalaşdırmaq, ev tapşırıqlarına maraqla yanaşmaq və məktəb hadisələrindən danışmaq vacibdir. Müəllimlərlə davamlı əlaqə və məktəb tədbirlərinə qatılmaq uşaqların məktəbi daha dəyərli görməsinə kömək edir. Kiçik yaşlardan müsbət mühit yaratmaq təhsilə marağı gücləndirir. Belə uşaqlar sinifdə özlərini inamlı aparır və motivasiya qazanırlar. Valideynlərin real gözləntilər qoyması mühümdür. Uşaqlar dəstəkləndiyini hiss etdikdə daha çox səy göstərirlər. Məktəb və ailə əməkdaşlığı şagirdlərin həm akademik, həm də sosial inkişafını dəstəkləyir”,-deyə R. Nəcəfov əlavə edib.

Onun sözlərinə görə, uşaqlarda diqqət çatışmazlığı və laqeydlik həm nevroloji, həm də psixoloji amillərlə bağlı ola bilər. Bəzən uşaqlar sakit oturmaqda və diqqəti toplamaqda çətinlik çəkirlər:”Motivasiya zəifliyi və özünəinamın azalması da bu çətinliyi artırır. Valideynlər həm nevroloji xüsusiyyətləri nəzərə almalı, həm də psixoloji dəstək göstərməlidirlər. Müəllimlərlə əməkdaşlıq etmək vacibdir. Tapşırıqları kiçik hissələrə ayırmaq, qısa fasilələr vermək və vizual öyrənmədən istifadə etmək diqqəti artırır. Hərəkət ehtiyacını qarşılamaq, idman və açıq hava fəaliyyətlərinə imkan yaratmaq faydalıdır. Psixoloji tərəfdən uşağın nailiyyətlərini dəyərləndirmək, motivasiya etmək və özünəinamını gücləndirmək önəmlidir. Valideyn yalnız nəticələrə deyil, cəhdlərə də dəyər verməlidir. Uğurlar müsbət rəy və emosional dəstək ilə möhkəmləndirilməlidir. Uşağın ehtiyaclarını müəllimlərə çatdırmaq və əməkdaşlığı ardıcıl aparmaq onun həm öyrənmə, həm də sosial mühitdə uğur qazanmasına kömək edir”.

Избранный
17
7
azertag.az

8Источники