AZ

Səhiyyə Nazirliyi: Açıq ünsiyyət uşaqların yeni dərs ilinə inamla uyğunlaşmasına kömək edir

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov nazirrliyin saytına müsahibə verib.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

- Rövşən müəllim, məktəbə ilk dəfə başlayan uşaqların valideynləri hansı düzgün yanaşmanı seçməlidirlər?

- Məktəbə başlamaq həm uşaqlar, həm də valideynlər üçün çətin ola bilər. Bu mərhələdə narahatlıq hissi təbiidir, çünki uşaqlar müəyyən yaşa qədər əsasən valideynləri ilə sıx bağlı həyat yaşayırlar. Məktəbə başlama ilə bu dinamika dəyişir.Qeyd etmək istərdim ki, məktəb hər bir uşağın həyatında mühüm addımdır. Valideynlərin və müəllimlərin münasibəti uşağın inkişafına mühüm təsir göstərir. Uşağın ilk müqaviməti onun öyrəşməyəcəyi demək deyil. Keçid dövrü hər uşaqda fərqlidir. Bəziləri tez uyğunlaşır, digərləri isə daha çox vaxt tələb edir.

Ayrılıq narahatlığı yaşayan uşaq valideyninin qayıtmayacağından qorxa bilər. Zamanla öyrənirlər ki, ayrılıq müvəqqətidir. Məktəb bitdikdən sonra valideynləri mütləq onları qarşılayacaq.

- Tətildən sonra məktəbə geri dönən uşaqların dərs prosesinə adaptasiyası üçün hansı psixoloji dəstək üsulları tövsiyə olunur?

- Tətil günlərinin rahatlığından sonra məktəb mühitinə uyğunlaşmaq uşaqlarda həyəcan yarada bilər. Səhər tezdən oyanmaq və dərs məsuliyyəti keçidi çətinləşdirə bilər. Valideynlər üçün əsas məqam bu narahatlığın normal olduğunu anlamaqdır. Yeni vəziyyət öncəsi hiss olunan həyəcan beynin dəyişikliklərə hazırlaşmasına kömək edir. Buna görə də uşaqlara bu çətinliklərin müvəqqəti olduğunu izah etmək vacibdir.

Uşağın hisslərini qəbul etmək və başa düşüldüyünü göstərmək təsirli dəstək yoludur. Məsələn, “Mən başa düşürəm ki, məktəbə qayıtmaq sənə bir az çətin görünə bilər” demək uşağa güvən verir. Uşaqlar streslə mübarizəni valideynlərdən öyrənirlər. Böyüklərin çətinliklərə sakit yanaşması onlar üçün nümunədir. Valideynin “Mən yorğun oluram, amma sakitləşmək üçün dərin nəfəs alıram” deməsi uşağa narahatlığını idarə etməyi öyrədə bilər.Açıq ünsiyyət və nümunəvi davranış uşaqların yeni dərs ilinə inamla uyğunlaşmasına kömək edir.

- Uşaqların yeni müəllim və sinif yoldaşlarına uyğunlaşmasını asanlaşdırmaq üçün hansı psixoloji yanaşmalar daha səmərəli hesab olunur?

- Uşaqların yeni müəllim və sinif yoldaşlarına uyğunlaşması üçün ünsiyyət və empatiya bacarıqlarının öyrədilməsi vacibdir. Həmyaşıdları ilə münasibət qurmaq, başqalarını dinləmək sosial mühitə tez uyğunlaşmağa kömək edir. Başqalarına kömək etməyə təşviq də mühüm rol oynayır. Uşaqlara dəstək göstərdikcə onlar özlərini həm faydalı hiss edir, həm də daha tez qəbul olunurlar.

Gündəlik rejimə sadiq qalmaq, öyrənmə ilə oyun arasında balans yaratmaq adaptasiyanı asanlaşdırır. Hisslərin idarə olunması, streslə mübarizə bacarıqlarının inkişafı faydalıdır. Dərin nəfəs almaq, istirahət və yaradıcılıq uşağı rahatladır. Özünə qulluq, düzgün qidalanma və kifayət qədər yuxu psixoloji sabitliyi gücləndirir. Kiçik nailiyyətlərin qeyd olunması motivasiyanı artırır. Keçmiş çətinliklərin öhdəsindən gəlmək xatırladıldıqda uşağın özünə inamı möhkəmlənir. Açıq ünsiyyət və dəstək onların uyğunlaşmasını asanlaşdırır.

- Məktəb dövrünün başlanğıcı ilə bağlı uşaqların yuxu və gündəlik rejiminin tənzimlənməsi üçün hansı tövsiyələr mövcuddur?

- Dərslərin başlamasına iki həftə qalmış yatmaq və oyanmaq vaxtları tədricən tezləşdirilməlidir. Bu, uşağın məktəb cədvəlinə uyğunlaşmasını asanlaşdırır. Yuxu cədvəli yaradıldıqdan sonra ona hər gün əməl olunmalıdır. Yatmazdan əvvəl sakitləşdirici fəaliyyətlər faydalıdır. Duş qəbul etmək və kitab oxumaq rahatlaşdırıcı təsir göstərir. Elektron əyləncələr məhdudlaşdırılmalı, ağır yeməklərdən uzaq durulmalıdır. Yuxu mühiti qaranlıq və sakit olmalıdır. Yataq rahat, otaq temperaturu isə normal saxlanmalıdır. Kompüter və televizor kimi vasitələr yuxu mühitindən çıxarılmalıdır. Valideynlər də yuxu rejiminə əməl etməklə nümunə göstərməlidirlər. Sağlam yuxu vərdişləri uşağın məktəbə enerjili başlamasına kömək edir.

- Uşaqlarda məktəbə qarşı maraq və motivasiyanın artırılması məqsədilə valideynlər hansı üsullardan istifadə edə bilərlər?

- Məktəbə maraq və motivasiyanın artırılmasında valideynlərin dəstəyi əsasdır. Onlar övladlarının təhsil prosesində iştirak etdikdə, uşaqlar dərslərə daha çox həvəs göstərir və özlərinə inam qazanırlar. Evdə öyrənməni təşviq edən mühit yaratmaq müsbət təsir göstərir. Oxu vərdişləri formalaşdırmaq, ev tapşırıqlarına maraqla yanaşmaq və məktəb hadisələrindən danışmaq vacibdir. Müəllimlərlə davamlı əlaqə və məktəb tədbirlərinə qatılmaq uşaqların məktəbi daha dəyərli görməsinə kömək edir.Kiçik yaşlardan müsbət mühit yaratmaq təhsilə marağı gücləndirir. Belə uşaqlar sinifdə özlərini inamlı aparır və motivasiya qazanırlar. Valideynlərin real gözləntilər qoyması mühümdür. Uşaqlar dəstəkləndiyini hiss etdikdə daha çox səy göstərirlər.Məktəb və ailə əməkdaşlığı şagirdlərin həm akademik, həm də sosial inkişafını dəstəkləyir.

- Məktəbə qayıdan uşaqlarda diqqət çatışmazlığı və dərslərə qarşı laqeydlik müşahidə olunduğu təqdirdə, valideynlər hansı addımları atmalıdırlar?

- Diqqət çatışmazlığı və laqeydlik həm nevroloji, həm də psixoloji amillərlə bağlı ola bilər. Uşaqlar sakit oturmaqda və diqqəti toplamaqda çətinlik çəkə bilərlər. Motivasiya zəifliyi və özünəinamın azalması da bu çətinliyi artırır. Valideynlər həm nevroloji xüsusiyyətləri nəzərə almalı, həm də psixoloji dəstək göstərməlidirlər.

Müəllimlərlə əməkdaşlıq aparmaq vacibdir. Tapşırıqları kiçik hissələrə ayırmaq, qısa fasilələr vermək və vizual öyrənmədən istifadə etmək diqqəti artırır. Hərəkət ehtiyacını qarşılamaq, idman və açıq hava fəaliyyətlərinə imkan yaratmaq faydalıdır. Psixoloji tərəfdən uşağın nailiyyətlərini dəyərləndirmək, motivasiya etmək və özünəinamını gücləndirmək önəmlidir.

Valideyn yalnız nəticələrə deyil, cəhdlərə də dəyər verməlidir. Uğurlar müsbət rəy və emosional dəstək ilə möhkəmləndirilməlidir. Uşağın ehtiyaclarını müəllimlərə çatdırmaq və əməkdaşlığı ardıcıl aparmaq həm öyrənmə, həm də sosial mühitdə uğur qazanmasına kömək edir.

- Valideynlərin uşaqlarına məktəbə alışma dövründə dəstək olmaq istəyərkən ən çox yol verdikləri səhvlər hansılardır?

- Əsas səhvlərdən biri valideynlərin “redaktor” rolunu öz üzərinə götürməsidir. Uşağın yazılarını xırda səhvlərlə doldurmaq öyrənməni təşviq etmir. Əksinə, uşağın özünü mühakimə altında hiss etməsinə səbəb olur. Daha faydalı yanaşma sadə ipucları vermək və uşağın səhvləri özünün düzəltməsinə şərait yaratmaqdır.

Digər səhv uşağın suallarına münasibətdə ifratçılıqdır. Bəzən valideynlər sualları görməzlikdən gəlirlər, bəzən isə həddən artıq uzun cavablar verirlər. Bu, ya marağın itməsinə, ya da yalnız böyüklərin cavabları ilə kifayətlənməyə gətirib çıxarır.

Ən düzgün yanaşma uşağı düşünməyə sövq etməkdir. Valideynlər çox vaxt faktların əzbərlənməsinə üstünlük verirlər. Riyaziyyatda qısa yollar öyrətmək və ya söz siyahılarını əzbərlətmək biliklərin mahiyyətini kölgədə qoyur. Halbuki, əsas məqsəd uşağın düşündüyünü izah etməsi və öyrəndiklərini tətbiq edə bilməsidir.

Digər səhv inkişaf mərhələlərinə həddən artıq fokuslanmaqdır. Valideynlər uşağın müəyyən yaşda mütləq oxumağı və ya riyaziyyatda nəticə göstərməsini tələb edirlər. Halbuki, inkişaf hər uşaqda fərqli gedir. Gündəlik kiçik nailiyyətləri görmək və dəyərləndirmək daha sağlam yanaşmadır.

Valideyn uşağın ən mühüm dəstəkçisidir. Səhvləri öyrənmənin bir hissəsi kimi qəbul etmək, pozitiv ünsiyyət qurmaq və nailiyyətləri dəyərləndirmək uşağın məktəbə uyğunlaşmasını asanlaşdırır. Öyrənməni isə davamlı prosesə çevirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
7
bakivaxti.az

8Mənbələr