RU

Reabilistasiya mərkəzinin rəhbəri: “Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu”

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, tanınmış jurnalist Ceyhun Əsgərovun müalicəsini öhdəsinə götürən “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov Ceyhun Əsgərovun videolarını paylaşdığı üçün tənqid edilməsinə, bunu reklam məqsədilə ictimailəşdirdiyini deyənlərə cavab verib.

 

C.Salmanov Pravda.az-a açıqlamasında deyib ki, sözügedən videolar Ceyhun Əsgərovun icazəsi ilə paylaşılıb.

 

“Bu cür videoları çəkib paylaşmalıyıq, gənc nəsil də görsün ki, narkotikin fəsadları insanı hansı vəziyyətə salır. Bilsinlər ki, vəzifəsindən, mövqeyindən asılı olmayaraq narkotik insanı zəlil gününə qoyur. Hətta içki satanlar, onu reklam edənlər belə bu cür insanların halını görüb, utansınlar. Bəlkə, özlərini yığışdırarlar. Paylaşdığımız üçün tənqid edirlər ki, Ceyhun Əsgərov şəhid övladıdır. Nə olsun, şəhid övladıdır? İnsanın öz mövqeyindən söhbət gedir. Ağıllı, savadlı insandır, amma təəssüf ki, belə vəziyyətə düşüb. Ceyhun Əsgərovun vəziyyətini buna görə göstərdik ki, hətta efirdə tanınan, ağıllı insanlar belə bu bəlaya düçar ola bilər. Belə bir insan başqalarına daha çox örnək olar ki, pis vərdişlərdən çəkinsinlər. “Qurtuluş” Reabilitasiya Mərkəzi olaraq 8 min nəfər aludəçi olan qardaşımızı müalicə etmişik. Qəhrəmanlardan danışırlar, qoy bu cür qəhramları da tanısınlar.  Qəlbimizi Allah bilir. Təbii ki, ən əsas mövqeyimiz insanları maarifləndirməkdir. Bunu həmişə televiziya verilişlərində də deyirəm. Kimsə reabilitasiya mərkəzinə gəlmək üçün zəng edəndə, demirəm ki, bizim Mərkəzə gəlin. Amma faktdır ki, bu xəstəlik mərkəzlərdə müalicə olunur. Paylaşımlarımızı Ceyhun Əsgərovun özü görüb, heç bir etirazı yoxdur. Son paylaşdığımız videoda da qeyd etdi ki, haqqı gizlətmək olmaz. Bu, onun öz sözüdür”, - mərkəz rəhbəri deyib.

 

C.Salmanov bildirib ki, Ceyhun Əsgərovun “Qurtuluş” Reabilitasiya Mərkəzinə yerləşdirilməsini izləyicilər xahiş ediblər: “Tanınmış jurnalist Nəsimi Nəbizadənin ilk videosuna yüzlərlə insan şərh yazdı. Bizdən xahiş etdilər ki, Ceyhun Əsgərov da pis vəziyyətdədir, onu da Mərkəzə yerləşdirin, kömək edin. Müraciətləri nəzərə aldıq. Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi. Bir növ bu da bizim reklamımız oldu. Qoy insanlar ölkəmizdə belə bir reabilitasiya mərkəzinin olduğunu bilsinlər, tanısınlar. Açıq şəkildə deyirəm. Burada reklam da var, niyə də olmasın? Bilinsin ki, bu cür müalicə mərkəzi fəaliyyət göstərir. Burada nə var ki? Biz imanlı insanlarıq. Reklam edirəm ki, öz mərkəzimizi də tanıdaq. Bir həftənin içində beş nəfəri Mərkəzimizə pulsuz yerləşdirmişik. Onların tam müalicələri bitənə qədər səkkiz min manata başa gəlir. Ümumilikdə, qırx min manat edir. Öz hesabımızdan bu qədər pul xərcləyiriksə, qoy bu da bizim reklamımız olsun. Təkrar edirəm, Ceyhun Əsgərov özü videolara baxıb, etiraz da etməyib”.

 

Aytəkin Qardaşova

Tarix: 15 Sentyabr 2025, 11:48   
Избранный
43
pravda.az

1Источники