“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 4-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Tovuz təmsilçisi Bakıda baş tutmuş bu oyunda 1:0 hesablı qələbəyə sevinib.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Güman etdiyimiz kimi, çətin oyun keçdi. “Qəbələ” çox yaxşı komandadır, sürətli hücumçuları var. İkinci hissədə daha yaxşı oynadıq və qələbə qazandıq. Ötən illə müqayisədə gərəkli nəticələri çıxarmışıq. Müdafiə xəttini gücləndirmişik”.
Kurban Berdıyev Tovuz təmsilçisinin transfer fəaliyyətinə də qiymət verib:
“Prinsipcə, kimləri dəvət eləmişiksə onlardan razıyıq. Mərkəz müdafiəçisi almaq istəyirdik ki, lakin alınmadı”.
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Oyun haqqında çox qısa deyə bilərəm ki, gərəksiz qol buraxdıq. Komanda əslində yaxşı oynayır, amma qol vəziyyətlərindən istifadə edə bilmirik. Klubda da hər kəs bilir ki, heyətin gücləndirilməsinə ehtiyac var. Bu istiqamətdə işlər aparılır.
İlk 4 turun ağır olduğunu deyə bilərik. Amma hansı turda olmasından asılı olmayaraq, bu komandalarla oynamalı idik. Bu oyuna gəlsək, səmimi deyə bilərəm ki, rəqib bizi çox da üstələmədi. Ehtiyat oyunçularımız azdır. Komandada rəqabət olmalıdır. Ötən oyunlara baxsaq, yalnız “Araz-Naxçıvan” bizi qoldan sonra üstələdi”.