“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hədəfləri çərçivəsində görülən işlərin cari ilin birinci yarımili üzrə monitorinq və qiymətləndirilməsinə dair “Ekoloji məsələlər üzrə” İşçi qrupun iclası baş tutub.
Ekologiya.az bildirir ki, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, Strategiyanın “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədi üzrə nəzərdə tutulan tədbirlər icraçı qurumlar tərəfindən uğurla həyata keçirilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Museyibov çıxış edərək Strategiya çərçivəsində görülən işlər, qarşıda duran vəzifələr barədə danışıb.
Sonra İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədinin icrası üzrə monitorinq və qiymətləndirmənin nəticələri ilə bağlı hesabatı təqdim edib.
Təqdimatdan sonra İşçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib, icra prosesinin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.
“Ekoloji məsələlər üzrə” İşçi qrupun tərkibində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, İqtisadiyyat, Maliyyə, Elm və Təhsil, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika nazirlikləri, həmçinin Dövlət Statistika Komitəsi, Dövlət Turizm, Dövlət Su Ehtiyatları, Qida Təhlükəsizliyi agentlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, TƏBİB, AMEA, Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” QSC və “Təmiz Şəhər” ASC-nin müvafiq rəhbər şəxsləri təmsil olunurlar.