Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının 2025/2026-cı tədris ili üçün ilk iclası keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iclasda ADPU-nun rektoru professor Cəfər Cəfərov ötən dövr ərzində universitetdə həyata keçirilmiş əsas tədbirlər, tədris və elmi fəaliyyət sahəsində edilən yeniliklər, beynəlxalq əməkdaşlıq istiqamətində atılan addımlar barədə ətraflı danışıb. Rektor, həmçinin universitetin professor-müəllim heyəti və tələbələrinin qazandığı uğurlara diqqət çəkərək, onların respublika və beynəlxalq səviyyədə əldə etdikləri nailiyyətləri qeyd edib. Cəfər Cəfərov vurğulayıb ki, bu nəticələr ADPU-nun elm və təhsil sahəsində nüfuzunun daha da artmasına xidmət edir və gələcək inkişaf üçün mühüm stimul yaradır.
Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ADPU-da yay semestrinin yekunları, ötən tədris ili üzrə məzunların məşğulluğu, 2025/2026-cı tədris ili üzrə tələbə qəbulunun nəticələri, yeni tədris ilinə hazırlıq və qarşıdakı hədəflər barədə hesabatla çıxış edib. Qeyd edilib ki, ötən tədris ilinin sonunda universitetdən 2194 bakalavr məzun olub. Onlardan 567 nəfəri Azərbaycanda magistraturaya qəbul olunub, 61 nəfəri isə müxtəlif pillələr üzrə xaricdə təhsil üçün müraciət edib. Məzunlardan 987 nəfəri müəllimlərin işə qəbulu üzrə müsabiqənin imtahanlarına qatılıb, onlardan 786 nəfəri keçid balını toplayıb və 618 nəfər işə qəbul edilib. 81 məzun dövlət orqan və müəssisələrində, 303 nəfər isə özəl sektor və təhsil müəssisələrində çalışır.
2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsinə qəbulun nəticələrinə əsasən ADPU-nun plan yerləri tam dolub. Qəbul olunanların 57 faizi (1507 nəfər) dövlət sifarişi, 43 faizi (1145 nəfər) isə ödənişli əsaslarla qəbul olunub. Həmçinin ödənişli əsaslarla qəbul olunan tələbələrin 15.5 faizi (178 nəfər) güzəşt kateqoriyası üzrə qəbul edilib. Bu isə qəbul olunan tələbələrin ümumilikdə 64 faizə qədərinin dövlət hesabına təhsil alacağı deməkdir. Ödənişli əsaslarla qəbul olunan tələblərin 16.8 faizi (192 nəfər) təhsil tələbə kreditindən faydalanıb. Magistratura səviyyəsi üzrə ayrılan 608 plan yerindən 594-ü dolub. ADPU və onun filiallarında 13 ixtisasda dövlət sifarişi üzrə keçid balı 500-dən yüksək olub. 2025/2026-cı tədris ilində ADPU-da təhsil almaq üçün portal.edu.az üzərindən 74 əcnəbi vətəndaş müraciət edib. Onlar Türkiyə, Pakistan, Gürcüstan, Rusiya, İran və digər ölkələrin vətəndaşlarıdırlar.
Prorektor “ADPU-da elmi-tədqiqat prosesində süni intellekt texnologiyalarından istifadəyə dair Qaydalar”, “ADPU-da akademik mikrokreditləşmənin tətbiqinə dair yeni Qaydalar” və “ADPU-da professor-müəllim heyətinin tədris yükünün azaldılması Qaydası”nın təsdiq edilməsi ilə bağlı təkliflə çıxış edib.
Şura işini cari məsələlərin müzakirəsi ilə davam etdirib. Sonda müzakirə edilən məsələlər səsə qoyularaq qəbul edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.