Güclü dövlət – güclü cəmiyyət, güclü ailə deməkdir
Min illərə dayanan yüksək milli-mənəvi dəyərləri ilə hər zaman seçilən və digər xalqlar tərəfindən hörmətlə qarşılanan Azərbaycan ailə modeli, müasir gəncliyin gələcəyə aparacağı ən dəyərli mirasdır. Xalqımızın minilliklərə söykənən şanlı tarixi, bu tarixi yazan qəhrəmanların igidliyi və onları yetişdirən vəfalı, sədaqətli anaların ailə tərbiyəsi, ailə mədəniyyətinin təbliği bu gün olduqca vacib məsələlərdəndir. Məşhur bir atalar sözündə deyildiyi kimi: “Ot kökü üstə bitər.” Bu məsələni gələcəyimizi etibarlı əllərə tapşırmaq prizmasından dəyərləndirsək, uşaqların və gənclərin maarifləndirilməsi, düzgün istiqamətə yönləndirilməsi üçün müntəzəm təbliğat və təşviqatın aparılması zəruridir.
İlkin olaraq, bu istiqamətdə uşaqlar və gənclər arasında milli dəyərlərin və ailə modelinin təbliği gücləndirilməli, cəmiyyət tərəfindən qəbul olunmayan və zərərli sayılan həyat tərzlərinin qarşısının alınmasına yönəlik maarifləndirici tədbirlər həyata keçirilməlidir. Milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi, gənclərin sağlam düşüncəli, möhkəm əqidəli və vətənpərvər ruhda yetişməsi üçün əsas amillərdəndir.
Danılmaz faktdır ki, müasir dövrün uşaqları və gəncləri telefon, planşet, televizor və kompüterlərin fəal istifadəçiləridir. Respublikamızın iqtisadi inkişafı ölkə əhalisinin, o cümlədən uşaqların və gənclərin bu texniki vasitələrlə, eləcə də internetlə təminatına geniş imkanlar yaradır. Bu gün təkcə şəhərlərdə deyil, hətta ucqar dağ kəndlərində belə internetə çıxış yüksək səviyyədə təmin olunub. Bu, iqtisadi inkişaf baxımından müsbət haldır. Dünyada və ölkədə baş verən proseslərdən xəbərdar olmaq, elm və təhsil sahəsində yeniliklərlə tanış olmaq, ictimai-sosial hadisələrdən agah olmaq, mədəniyyət, incəsənət və idman kimi sahələrdəki yenilikləri izləmək vətəndaşların informasiya ilə təminatında mühüm rol oynayır.
Lakin təəssüflər olsun ki, hər bir texnologiya kimi, internet də həm müsbət, həm də mənfi məqsədlərlə istifadə oluna bilər. Bəşəriyyəti qarşıdurmalara sürükləyən, xalqları və dövlətləri düşmən edən qaranlıq qüvvələr öz xəbis niyyətlərini məhz internet vasitəsilə həyata keçirməyə çalışırlar. Bu qüvvələr çirkin və zərərli ideyalarını sarmaşıq kimi faydalı görünən məzmunların arxasında gizlədərək yayırlar. Sosial şəbəkələrdə yayılan bu informasiyalar heç kəs – xüsusilə də uşaqlar və gənclər – üçün təhlükəsiz deyil. Yeniyetmələrin təmiz və formalaşmaqda olan beyinləri bu təsirlərə daha çox məruz qalır və nəticədə onlar bu niyyətlərin təsir dairəsinə düşə bilirlər.
Çirkin məqsədlərlə yaradılan oyunlar və platformalar üzərində nəzarət və məhdudlaşdırıcı mexanizmlərin olmaması bu prosesi daha da təhlükəli edir. Mərkəzləşdirilmiş şəkildə idarə olunan bu zərərli informasiya axını bir çox ölkələrdə geniş yer almışdır. Belə bir vəziyyətdə vətənin və xalqın gələcəyi olan uşaqların qorunması üçün hansı addımlar atılmalıdır?
İlk növbədə, bu məsuliyyət ailə və təhsil müəssisələrinin üzərinə düşür. Müəllim və valideynin birgə fəaliyyəti bu təbliğatın uğurla həyata keçirilməsinin təminatıdır. Məktəbdə müəllim, evdə isə valideyn uşaqlara və gənclərə internetdən düzgün və faydalı şəkildə istifadə etməyin yollarını öyrətməlidir. Onlara informasiya toplamaq, oxumaq və öyrənmək üçün sosial şəbəkələrdən istifadə etmək vərdişi aşılanmalı, sosial mediada məqsədsiz vaxt keçirməkdən çəkindirilməlidirlər.
Uşaqlar və yeniyetmələr mütləq şəkildə valideyn və müəllim nəzarəti altında olmalıdır. Əgər bu nəzarət yetərli deyilsə, onlar zərərli saytlara yönələcək və orada keçirdikləri vaxt virtual aləmdə mənfi təsirlərə məruz qalaraq onların mənəvi və əqli inkişafını zədələyəcək. Bu, nəinki ailənin, bütövlükdə cəmiyyətin və dövlətin gələcəyinə zərbə vura bilər. Belə təsirlərə məruz qalan gənclər nə əqli, nə də fiziki cəhətdən sağlam böyüyə bilir. Nəticədə, həm zehni, həm də fiziki sağlamlıq təhlükə altına düşür.
Bu mənfi təsirlərin qarşısının alınması üçün müasir texnologiyaların imkanlarından istifadə olunmalıdır. Xüsusilə süni intellekt əsaslı süzgəc sistemləri ilə uşaqlara uyğun olmayan məzmunların avtomatik bloklanması vacibdir. Bu sahədə mütəxəssislərin bilik və bacarığından istifadə edilməlidir.
Valideynlər uşaqlarla daha çox və keyfiyyətli zaman keçirməyə çalışmalıdır. Birgə oyunlar, ailəvi film izləmələri, maraqlı və mənalı söhbətlər uşaqların yaddaşında silinməz iz buraxır. Bu cür fəaliyyətlər uşaqlar üçün gələcəkdə unudulmaz xatirələr yaradır. Uşaqlar bu qayğını hiss etməli, sevgi və diqqətdən məhrum qalmamalıdır.
Uşaqlara kitab oxumağın, idmanla məşğul olmağın faydaları geniş şəkildə izah edilməlidir. Dövlət xadimləri, yazıçılar, alimlər və sərkərdələrin həyat və fəaliyyətini əhatə edən əsərlərin oxunması təşviq edilməli, elm və texnikanın inkişafına maraq artırılmalıdır.
Uşaqlar və yeniyetmələr kiçik yaşlardan onların maraqlarına uyğun müxtəlif sənət sahələrinə yönəldilməli, onlara sənət öyrədilməlidir. Bu, onların həm indiki, həm də gələcək həyatında faydalı olacaq.
Onlara internetin imkanlarından istifadə edərək öz intellektual bacarıqlarını nümayiş etdirmək öyrədilməlidir. Məsələn, uşaqlar öz hekayələrini yazıb paylaşa, kiçik videolar çəkib nümayiş etdirə bilər. Onlar öz ölkələrinin, dövlətlərinin haqq səsini dünyaya çatdıra bilərlər. Unutmamalıyıq ki, ölkəmiz məkrli düşmənlərin əhatəsindədir və bu düşmənlərin məqsədi müasir gəncliyin beynini zəhərləyərək onları öz təsir dairəsinə almaqdır.
Uşaqları və yeniyetmələri internetin və sosial medianın təhlükələrindən qorumaq üçün onlar düzgün istiqamətləndirilməlidir. Evdə valideyn, məktəbdə isə müəllim bu yönləndirmənin fəal və ardıcıl təbliğatçısı olmalıdır. Bu düzgün yönləndirmə və maarifləndirmə uşaqları zərərli vərdişlərdən, maddi və mənəvi zəhərlənmələrdən qoruyacaq. Müəllim-valideyn əməkdaşlığı ilə həyata keçirilən yönləndirmə mexanizmi uşaqların parlaq gələcəyə doğru düzgün istiqamət götürməsinə imkan yaradacaq. Bu isə xalqımızın və dövlətimizin taleyinin etibarlı əllərə tapşırılmasına zəmin olacaq.
Vətəndaş Cəmiyyəti İnstitutları da bu sahədə üzərlərinə düşən məsuliyyəti dərk etməli, ardıcıl təbliğat və təşviqatla xalqımıza və dövlətimizə qarşı aparılan ideoloji hücumların qarşısını almalı, gənc nəslin milli-mənəvi dəyərlərə sadiq və sağlam ruhda formalaşmasına töhfə verməlidir.
Rəsul Mirhəşimli
Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Uşaq və gənclərin zərərli təsirlərdən qorunması” adlı layihəsi çərçivəsində çap olunur.
"Cebheinfo.az"