Almaniya hökuməti Avropa İttifaqının Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi çərçivəsində Rusiya vətəndaşlarına Şengen zonasına səfərlər üçün viza verilməsini sərtləşdirilməyi təklif edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, Berlin tərəfindən hazırlanan sənəddə Avropa Komissiyasının 2022-ci ildə dərc etdiyi tövsiyələrin tam şəkildə həyata keçirilməsinə çağırış yer alır. Həmin tövsiyələr rusiyalılara turist vizalarının verilməsinin ciddi şəkildə məhdudlaşdırılmasını nəzərdə tutur.
“Avropa İttifaqının statistikasına görə, 2024-cü ildə Rusiya vətəndaşlarına təxminən 542 min qısamüddətli Şengen vizası verilib. Bu, 2023-cü illə müqayisədə 20% çoxdur, lakin 2019-cu ilin göstəricilərindən xeyli azdır”, – DPA qeyd edir.
Almaniya tərəfindən verilmiş Şengen vizalarının sayı isə 2024-cü ildə 27,3 min təşkil edib. Bundan əlavə, təxminən 11,3 min milli viza verilib. Bu vizalar ölkədə uzunmüddətli qalmaq üçün – məsələn, təhsil və ya iş məqsədilə – tələb olunur.
Almaniya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın Ukraynaya qarşı “xüsusi əməliyyatı” başladığından sonra artıq həm milli, həm də Şengen vizalarının verilməsi üçün meyarlar sərtləşdirilib.