Bakıda balıq yarmarkası fəaliyyətə başlayıb - FOTO
Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi iştirakı ilə paytaxtda balıq yarmarkası fəaliyyətə başlayıb. 1news.az xəbər verir ki, yarmarka paytaxtın Nəsimi rayonunda Keşlə Balıq Bazarı (3-cü mikrorayon dairəsi yaxınlığı) ərazisində təşkil olunub. Açılış mərasimində Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, rəsmi şəxslər, fermerlər, sahibkarlar iştirak ediblər. 3 gün davam edəcək yarmarkada dünyanın müxtəlif bölgələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsulları alıcılara təqdim edilir. Burada satışa çıxarılan balıq məhsulları digər bazarlara nisbətən daha münasib qiymətlərlə təklif olunur. Qeyd edək ki, yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq, bazarlarda süni qiymət artımının qarşısını almaqdır. Əhaliyə təqdim olunan məhsulların qiyməti bazar qiymətindən 25-30 faiz aşağıdır. Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər.