RU

Öz dövrünün Pol Makkartnisi səhnəyə qayıtdı: Musiqini tərk etdim, amma o məni tərk etmədi

ain.az bildirir, Oxu.az portalına istinadən.

Azərbaycan musiqi səhnəsində özünəməxsus dəst-xətti ilə seçilən, bir vaxtlar musiqi fəaliyyətinə fasilə verdiyini açıqlayan, lakin indi səhnəyə qayıdışı ilə böyük maraq doğuran Şahin Əlibəyli ilə söhbətləşdik. O, həm musiqi, həm də biznes sahəsində qazandığı təcrübəni paylaşaraq tamaşaçıları qarşıda gözləyən yeniliklər barədə danışıb.

Oxu.Az "öz dövrünün Pol Makkartnisi" adlandırılan Şahin Əlibəyli ilə müsahibəni təqdim edir.

- Uşaqlıqdan pianoda, sonra gitarada ifa etmisiniz. Bu sevgi sizi musiqiyə necə bağladı və ilk ilham qaynağınız nə idi?

- Musiqi ilə tanışlığım çox erkən yaşlarda başladı. Uşaqlıqda pianoda sadə melodiyalar öyrənirdim və hər dəfə o sədalar otağı dolduranda içimdə izaholunmaz bir rahatlıq yaranırdı. Daha sonra gitara ilə tanış oldum - o artıq mənim özümə daha yaxın idi, çünki melodiyanı öz əllərimlə formalaşdırmaq, duyğularımı ifadə etmək imkanım daha genişləndi. İlk ilhamım isə sadə idi - ətrafımda eşitdiyim musiqilər, ailəmin və dostlarımın dəstəyi, bir də içimdəki o ifadə ehtiyacı. Mənim üçün musiqi sadəcə sənət deyil, həm də özümü anlamaq və ifadə etmək vasitəsidir.

- Sonuncu konsert proqramınızı "Shahin Incredible" adlandırmısınız və bununla da musiqi ilə sağollaşdığınızı bildirmişdiniz. Bu yaxınlarda sosial şəbəkə hesabınızda solo konsertinizin olacağını qeyd etmisiniz. Yenidən səhnədəsiniz - bu geridönüş sizdə hansı hissləri yaradır?

- "Shahin Incredible" proqramı mənim üçün bir vida idi. O zaman həqiqətən düşünürdüm ki, musiqi həyatımı bağlayıram, çünki diqqətimi biznes və beynəlxalq layihələrə yönəltmişdim. Amma zaman keçdikcə anladım ki, musiqi insanın içindən silinmir. Səhnədən uzaq qalmaq məni daha da darıxdırdı. İndi yenidən səhnədə olmaq mənim üçün möcüzə kimidir - sanki uzun illərdən sonra evə qayıtmışam. Düzünü desəm, bu enerji məni artıq yeni planlar üzərində düşünməyə vadar edir və yaxın aylarda Bakıda keçirilməsi nəzərdə tutulan növbəti konsert proqramına hazırlaşırıq.

- Musiqi illər ərzində sizə nə qazandırdı və səhnədə yaşadığınız ən yaddaqalan an hansıdır?

- Musiqi mənə dözüm, intizam və emosiyaları düzgün idarə etməyi öyrətdi. Mənə öyrətdi ki, ən çətin anlarda da bir melodiyanın gücü ilə insanlara ümid, enerji və sevinc bəxş etmək olar. Səhnədə isə ən yaddaqalan an ilk böyük konsertim idi - minlərlə insanın eyni anda mənim mahnımı zümzümə etməsi və gözlərindəki parıltını görmək. Bu hissi mən heç vaxt unudulmayacağam və gələcək çıxışlarımda da həmin enerjini yenidən yaşamaq istəyirəm.

- Hüquq və biznesin idarəedilməsi üzrə təhsilləriniz var, üstəlik beynəlxalq biznes şəbəkəsi qurmusunuz. Bu bilik və təcrübə musiqidə və iş həyatında sizə necə kömək edib?

- Hüquq və biznesin idarəedilməsi üzrə təhsil mənim üçün möhkəm bünövrə oldu. Hüquq bilikləri qərarları daha dəqiq verməyə, riskləri düzgün görməyə imkan yaratdı. Biznes təhsili isə strategiya qurmaq, komanda idarə etmək və layihələri davamlı şəkildə inkişaf etdirmək baxımından böyük rol oynadı. Beynəlxalq biznes şəbəkəsi qurmaq isə mənə fərqli mədəniyyətləri, bazarları, insanları yaxından tanıtdı. Bütün bunların musiqiyə də təsiri oldu - konsertlərin təşkili, albom istehsalı, hətta mahnıların insanlara çatdırılması prosesində belə bu bacarıqlar mənə güclü dəstək verdi. Yəni təhsil və iş təcrübəm musiqidə də, biznesdə də hər addımımı daha peşəkar etməyə kömək edib.

- Musiqi və biznes həyatınızı necə balanslaşdırırsınız? Fəaliyyətiniz bir neçə ölkəni əhatə edir - yorucu olmurmu?

- Əslində balans tapmaq heç vaxt asan olmayıb. Bəzən yorucu olur, çünki müxtəlif ölkələr arasında səfərlər, biznes görüşləri və musiqi fəaliyyətini eyni vaxtda idarə etmək çox enerji tələb edir. Amma mən çalışıram ki, hər şeyin öz vaxtı olsun. Musiqi mənim üçün ruhun qidasıdır, iş isə məsuliyyət və inkişaf vasitəsidir. Hər ikisi bir-birini tamamlayır. Yorulduğum anlarda isə dostlarımla vaxt keçirmək, səyahət etmək, sadə həyat anlarından zövq almaq mənə güc verir.

- Tamaşaçılar sizi "öz dövrünün Pol Makkartnisi" adlandırırlar. Gələcəkdə özünüzü daha çox musiqidə, biznesdə, yoxsa hər ikisində görürsünüz?

- Bu müqayisə mənim üçün böyük şərəfdir. Pol Makkartni yalnız musiqiçi deyil, həm də yaradıcılıq və liderlik simvoludur. Mən də özümü yalnız bir sahədə görmürəm. Musiqi mənim ürəyimdədir, biznes isə düşüncə və fəaliyyətimin başqa bir tərəfidir. Gələcəkdə özümü hər iki sahənin vəhdətində görürəm - musiqi ilə insanlara emosional dəyərlər bəxş etmək, bizneslə isə davamlı yeni işlər qurmaq. Məncə uğurun sirri də budur: insan yalnız bir istiqamətdə yox, bütöv şəxsiyyət kimi inkişaf etməlidir.

- Musiqi və biznes arasında daim səfərdə olursunuz. Bu qədər templi həyatın içində şəxsi həyatınıza necə zaman ayırırsınız?

- Çox gözəl və maraqlı sualdır, amma mən şəxsi həyatımı hər zaman gizli saxlamağın tərəfdarıyam. İnanıram ki, insanın özəl həyatı onun özündə qalmalıdır. Mənim üçün önəmli olan musiqim, işim və tamaşaçılarımla paylaşdığım dəyərlərdir. Ona görə bu mövzunu açmaq istəməzdim.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
oxu.az

10Источники