RU

15 Sentyabr 1918-ci il- Bakı Şəhərinin Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu tərəfindən azad edilməsi



2020-ci il sentyabrın 15-də Prezident İlham Əliyev Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda deyilir ki, Azərbaycan xalqı üçün 15 sentyabr olduqca əlamətdar bir gündür: “Həmin dövrün çətinliklərinə baxmayaraq qardaş Türkiyə Azərbaycandan öz yardımını əsirgəmədi. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək mübarizəyə qoşuldu. Gəncədən Bakıya qədər şərəfli döyüş yolu keçən Qafqaz İslam Ordusu yeni yaradılmış Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdi. Bu yolda canlarını qurban verən şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirəm. Onların əziz xatirəsi daim bizim qəlbimizdədir”.
1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini yazdılar. Bakının işğaldan azad edilməsi ilə Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu. Başqa sözlə, Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir.
Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. Bu ordunun tərkibini Osmanlı və Azərbaycan türkləri təşkil edirdi. Bakı işğaldan azad edilənədək şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi. 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu, həmin hökumət idi ki, onun vaxtında Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağılasığmaz soyqırımı siyasəti həyata keçirilmişdi. Soyqırımının həyata keçirilməsində bolşevik hökumətinə rəhbərlik edən iblis Stepan Şaumyanın böyük rolu olmuşdu.
1918-ci ilin avqustunda Denstervilin komandanlıq etdiyi ingilis qoşunları Bakını zəbt etdi və şəhərdə Sentrokaspi adlı hökumət quruldu. Həmin ilin iyulundan Qafqaz İslam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçmişdi.
Hərbiyyə naziri Ənvər Paşadan Bakını daşnak-bolşevik əsarətindən ən qısa zamanda qurtarmaq əmri alan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa 8 sentyabr 1918-ci ildə əfsanəvi Çanakkala diviziyası ilə birlikdə döyüşlərin mərkəzi və kilid nöqtəsi olan Şərq cəbhəsinə gəlib. Nuru Paşanı igamətgahında ziyərət edən Mürsəl Paşa türk əsgərlərinin Qurd qapısı, Biləcər, Binəqədi, Yanardağ, Sabunçu və Balaxanını tam nəzarətdə saxladıqları barədə raport verdi. Bakı cəbhəsinin o vaxt ümumi uzunluğu 29 km. imiş və bunun da 13 km.-i dağlıq, təpəlik və qayalıq yerlər olduğundan Sentrokaspi “strateqləri” və daşnaklar o ərazilərdən türklərin hücum edə biləcəyini güman etmirdilər. Lakin Nuru Paşanın qəhrəman əsgərləri Mürsəl Paşanın komandanlığı altında məhz az ehtimal olunan yerlərdən hücum edərək 1918-ci ildə 13 sentyabrdan 14 sentyabra keçən gecə şəhərə hakim Bibiheybət və Badamdar yüksəkliklərini tutmağa nail olmuşdular. Türklərin şəhərə girməsinin an məsələsi olduğunu anlayan S.Şaumyan və quldur bandası lap əvvəlcədən qarət etdikləri əşyaları 13 katerə yükləyib Bakıdan qaçmışdılar. Bu hadisələrin bilavasitə iştirakçısı və Qafqaz İslam Ordusuna qarşı döyüşlərin komandanı olmuş general L.Denstervil həmin məqamı özü xatirələrində belə təsvir etmişdir: “Yer üzündə heç bir güc Bakını TÜRKlərdən qurtara bilməz. Müdafiəni davam etmək fəlakət anını ancaq gecikdirməkdir, lüzumsuz yerə insan həyatına bais olmaq deməkdir.” 1918-ci ilin 14 sentyabr axşamının qaranlığını fürsət bilən ingilis hərbi birləşmələri də şəhəri tərk etmişdilər.
1918-ci il sentyabrın 15-də-Qurban bayramı günündə Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç də asan getmədi. Osmanlı ordusu təkcə Bakının azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlar zamanı 1130 şəhid vermişdi. Ümumiyyətlə isə xilaskar türk ordusu Azərbaycan uğrunda 5 minə yaxın şəhid vermişdir.
Azərbaycan xalqı Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun tarximizə qızıl hərflərlə yazılan bu qəhrəmanlığını heç vaxt unutmur, şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Избранный
33
aia.az

1Источники