RU

Bakı fatehi Nuru paşa -məzarı olmayan xilaskar

107 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də məhz Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi, bununla da həm Azərbaycanın müstəqilliyi təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu

Onun adı hər zaman Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə yanaşı çəkilir. Azərbaycanda doğulmasa da, taleyi ömrü böyu unutmadığı bu müqəddəs torpaqla bağlı oldu. Cümhuriyyətin qurulmasında iştirak etməsə də, Azərbaycanın ürəyi olan Bakının xilas edilməsi ilə tariximizdə elə Cümhuriyyət qədər dərin iz qoymağı bacardı. Xalq yaddaşında hər zaman onu böyük xilaskar əsgər kimi xatırlayır... Bu, əfsanəvi Osmanlı komutanı Nuru paşadır. Əhməd bəy oğlu Nuru Killilgil... 1890-cı ildə Osmanlı İmperiyasının paytaxtı İstanbulda, tüccar Əhməd bəyin ailəsində anadan olub. Ailədə hərbə maraq böyük olduğundan Nuru Killigil də hərbçi olmaq arzusu ilə təhsil alır və böyük qardaşı Ənvər paşa və əmisi Xəlil paşa ilə birlikdə Osmanlı ordusunda xidmət edir. Lakin onun hərbi karyerası əsasən Qafqaz İslam Ordusu ilə bağlıdır.

Qafqaz İslam Ordusunun yaradılması

Qafqaz İslam Ordusu Osmanlı dövlətinin 1918-ci ilin mart-avqust ayları arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklərdən biri olub. Osmanlının hərbiyyə naziri Ənvər paşanın əmri ilə yaradılmış bu ordu tamamilə müsəlmanlardan ibarət olub. Birinci Dünya müharibəsi zamanı Qafqaz cəbhəsindəki döyüşlərdə iştirak edib. Qafqaz İslam Ordusunun komandanlığına Ənvər paşanın kiçik qardaşı yarbay (podpolkovnik) Nuru bəy təyin edilmişdir. 12-14 min Osmanlı əsgərindən ibarət olan Qafqaz İslam Ordusu Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min ətrafında olmuşdur. 1918-ci il 31 mart Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədərki zaman kəsiyində fəaliyyət göstərmişdir. Orduya komandir təyin edilən yarbay Nuru bəyə vaxtından əvvəl fəxri general-leytenant hərbi rütbəsi verilir və beləliklə, paşa titulunu qazanır. Bu zaman onun cəmi 29 yaşı vardı...

Cümhuriyyətin elanı - Bakının xilas edilməsi

28 may 1918-ci ildə Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi elan ediləndən sonra yaradılan birinci hökumət Gəncə şəhərində yerləşir. Lakin yeni yaradılan müstəqil dövlətin paytaxtı Bakı şəhəri olmalı idi. Paytaxt isə erməni-rus bolşeviklərinin, daşnakların işğalı altında idi. Yeni yaradılan AXC hökuməti paytaxtı hərbi yolla azad etmək imkanlarından məhrum idi. Bu zaman hərbi dəstək məqsədilə Osmanlı İmperiyası ilə danışıqlar aparılması qərarlaşdırıldı. Batumda Azərbaycana hərbi yardımın edilməsi xahişi ilə Osmanlı dövləti ilə aparılan danışıqlar müsbət nəticələndi. Lakin Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu hələ Cümhuriyyətin elanından 3 gün əvvəl - 25 may 1918-ci ildə artıq Gəncə şəhərinə daxil olmuşdu. Ordu şəhər əhalisi tərəfindən böyük sevgi və coşqu ilə qarşılanmışdı. İyunun 18-də hərəkətə keçən Ordu, ilk növbədə, Azərbaycanın müxtəlif bölgələrini erməni-daşnak silahlı quldurlarından təmizləməyə başladı. Avqustun 5-dək bu əməliyyatlar uğurla davam etdirildi və Bakının azad edilməsi hazırlıqlarına başlandı. Sentyabrın 10-da qəti hücuma keçən Qafqaz İslam Ordusu ayın 15-də Bakını erməni-rus və ingilis hərbi birləşmələrindən tamamilə azad etdi. Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv etmək və "böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Amma türk qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Bakının azad olunması həm də türklərin humanistliyini bir daha sübut etdi. Sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə şəhərə daxil olan Nuru paşa Bakıda qalmış rus zabitləri ilə hörmətlə davrandı. O, nəinki Nargində türk hərbi əsirlərinə göstərilən amansızlığa görə onlardan intiqam almağa çalışdı, hətta belə bir mürəkkəb vəziyyətdə onların ailəsinə maddi yardım göstərilməsini təmin etdi.

Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldular.

Faciəli ölüm, məzarı olmayan böyük əfsanə...

1924-cü ildə hərbidən uzaqlaşan Nuru Killigil öz işini qurur və silah istehsalı ilə məşğul olmaq məqsədilə əvvəlcə kiçik sexlər, sonra isə İstanbulun Sütlücə məhəlləsində bir fabrik alır. 1949-cu il martın 2-də fabrikdə baş verən güclü partlayış nəticəsində 16 nəfər fəhləsi ilə birlikdə Nuru paşa da həlak olur. Onun cəsədi tapılmadığından dəfn etmək mümkün olmur. Burada Nuru paşaya yaraşan bir hərəkət də diqqəti cəlb edir. Fabrikin 150-dək fəhləsini xilas etmək məqsədilə Nuru paşa öz həyatını riskə atır və cəsarətilə, həyatı bahasına fəhlələrin əksəriyyətini ölümdən qurtarır...

Nuru paşa xatirələrində Azərbaycanla bağlı hər zaman sevgi və hörmətlə bəhs edib. Azərbaycana olan sonsuz məhəbbətini bütün söhbətlərində ifadə edib. Elə Azərbaycan xalqı da əfsanəvi xilaskarını heç vaxt unutmur, onu qan yaddaşında əbədi məhəbbətlə yaşadır...

Sevinc Azadi, “İki sahil”

Избранный
26
ikisahil.az

1Источники