RU

Kristiano Ronaldo bütün zamanların ən yaxşı futbolçusu seçildi

Portuqaliya millisinin kapitanı və “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo bütün zamanların ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

Arena.az xəbər verir ki, bu, Portuqaliya çempionatının mükafatlandırma mərasimində elan edilib.

40 yaşlı futbolçunun bütöv bir dövrü müəyyənləşdirdiyi və dünya futbolunda silinməz iz qoyduğu diqqətə çatdırılıb. Ronaldo özü mərasimdə iştirak etməyib. Lakin təşkilatçılar hücumçunun mükafatla birlikdə nitq söylədiyi videonu nümayiş etdiriblər.

Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ronaldo cari mövsümdə “Əl-Nəsr”in heyətində 3 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 108 oyun, 95 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün (35 qol) və 2024/2025-ci illər mövsümünün (25 qol) ən sərrast qolçusu olub.

Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 223 oyuna 141 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

error: Məzmun qorunur!
Избранный
5
3
arena.az

10Источники