AZ

Aleksey İsayev “Qarabağ”ı tərk etdi, “Sabah”a qayıtdı

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz yarımmüdafiəçisi Aleksey İsayev “Qarabağ”dan ayrılaraq “Sabah”a qayıdıb.

Arena.az bu barədə Ağdam və paytaxt klublarının mətbuat xidmətlərinə istinadən xəbər verir.

“Qarabağ”ın yaydığı məlumatda bildirilir ki, Ağdam klubu İsayevin transferi məsələsində Premyer Liqanın digər təmsilçisi “Sabah”la razılığa gəlib. Azərbaycan çempionu Alekseyə klub üçün göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

2024-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Aleksey bu klubla 2 dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub. O, Ağdam klubunun heyətində 56 oyuna çıxıb, 1 qola imza atıb.

“Sabah” da öz növbəsində keçmiş-yeni oyunçusu ilə 2 illik müqavilə imzalandığını bəyan edib.

İsayev 2020-ci ilin iyul ayından “Qarabağ”a keçənə qədər “Sabah”ın uğurları üçün çalışıb. O, bu müddət ərzində “bayquşlar”ın heyətində 108 oyun keçirib, 12 qola imza atıb, 23 məhsuldar ötürmə müəllifi olub.

Aleksey İsayev Azərbaycanda “Sumqayıt”ın da formasını geyinib. Yarımmüdafiəçi sözügedən komandada 43 oyun keçirib, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Aleksey Azərbaycana gələnə qədər Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “Zenit-2” (2016-18) komandalarında da çıxış edib. 29 yaşlı futbolçu 2021-ci ilin mart ayında debüt etdiyi Azərbaycan millisində 29 oyuna çıxıb, 1 qola imza atıb, 2 məhsuldar ötürmə verib.

error: Məzmun qorunur!
Seçilən
4
5
arena.az

10Mənbələr