Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.
Narsistlər özlərini sevən, özlərinə heyran olan, hər işi başqasından yaxşı bacardıqlarını zənn edən insanlardır. Onlar özlərinin “xüsusi” və ya “seçilmiş” olduqlarını düşünür, maraqları üçün başqalarından istifadə edir, onların uğurlarını qısqanır, hisslərinə və ehtiyaclarına qarşı biganə olurlar. Çox bəyənilmək istəyən bu cür insanlar həmişə özlərini haqlı, başqalarını günahkar sayır, daim hər şeyi idarə (manupilyasiya) etməyə çalışır, özlərinin qüsursuz olduğunu düşünürlər, onlara qüsurlarını qəbul etdirmək mümkün deyil.
Narsistlik bir xarakterdir, həm də dəyişməyən bir xarakter. Uşaq vaxtlarından ətrafdakı sosial mühitdən təsirlənən, ailədaxili münasibətlərdən pay alıb bu xarakterləri içində formalaşdırmağa başlayan fərd daha sonrakı həyatında, yəni böyüdükcə, yaşa dolduqca, bu xüsusiyyətləri daha da “inkişaf” etdirir və sonda narsistə çevrilir.
Narsizm kişilər kimi, qadınlar üçün də olduqca xoşagəlməz bir keyfiyyətdir. Hələ nəzərə alanda ki, qadın sabah həm ana, həm də qayınana olacaq, bunun nə qədər dəhşətli olduğunu düşünmək də çətin deyil. Belə isə narsist anaların eyni zamanda həm də narsist qayınana olmasından söhbət açaq. Və onların ətrafındakı insanların, doğmalarının hansı problemlərlə üz-üzə qaldığına nəzər salaq.
Ana narsist olanda...
Narsist qadın ailə qurmazdan əvvəl ətrafındakı insanlarla, eləcə də doğmaları-ata-anası, bacı-qardaşı, iş, tələbə yoldaşı, rəfiqəsi ilə necə münasibətdə olursa, həyat yoldaşı və ən dəhşətlisi isə dünyaya gətirdiyi körpəsi ilə də eyni münasibətdə olur. Çünki heç narsistlik olmasın, digər xarakterlər olsun, insan yaranandan dünyasını dəyişənədək ona yoldaşlıq edir və o, nə qədər çalışsa da, xasiyyətindən əl çəkə bilmir.
Narsist ana necə olur? Belə ana övladının ehtiyaclarından çox öz istəklərini ön planda tutan, empatiya qurmaqda çətinlik çəkən və uşağını öz ehtiyaclarını qarşılamaq üçün bir vasitə kimi görən valideyndir. Belə analar övladlarının emosional inkişafına mənfi təsir göstərərək uşaqlarda özünə inamsızlıq, dəyərsizlik hissləri, narahatlıq kimi problemlər yarada bilər.
Ətrafımızda empatiya hissindən məhrum, uşaqlarının duyğularını başa düşməkdə və onlara həssas olmaqda çətinlik çəkən, onlara qarşı tənqidi və mühakiməedici münasibəti olan analara çox rast gəlirik. Sadalananlar narsist anaların əsas xüsusiyyətləridir. Onlar davamlı olaraq övladlarını tənqid edir, səhvlərini göstərir və onları qeyri-adekvat hiss etdirirlər.
Bütün bunlarla yanaşı, narsist analar həm də övladlarının davranışlarına xüsusi nəzarət edirlər: onları istədikləri kimi istiqamətləndirməyə çalışır və sərbəst qərar qəbul etmələrinə imkan vermirlər. Günahkarlıq hissi ilə uşaqları manipulyasiya edir və öz istəklərinə çatmaq üçün onlardan istifadə edirlər.
Daim özünü düşünən, özünü hər kəsdən və hər şeydən önə qoyan bu cür qadınlar bütün bu keyfiyyətləri analıq hissinə də daşıyır, övladlarının şəxsi həyatına hörmət etmirlər. Uşaqlarını onlarla rəqabətdə görür, onların uğurlarını qısqanır və ya bunun heç də böyük uğur olmadığını təlqin etməyə çalışırlar
Narsisit ana uşaqlarının emosional ehtiyaclarını görməzliyə vurur, onlara sevgi və diqqət göstərə bilmir. Lakin öz nailiyyət və ya yaxşı davranışlarına görə daimi tərif gözləyir, bunu görməyəndə isə çox qəzəbli olurlar.
Belə anaların uşaqları üzərindəki təsiri: özünə inamın olmaması, özlərini dəyərsiz və qeyri-adekvat hiss etmək, başqalarının təsdiqindən asılı olmaq, depressiya, narahatlıq və panik atak kimi emosional problemlər yaşamaq, sağlam əlaqələr qurmaqda çətinlik çəkmək, asılılıq və ya qaçma meylləri.
Narsist ana bəzi hallarda övladının şəxsiyyət pozuqluğu kimi problemlə üz-üzə qalmasına da səbəb olur. Bu zaman onlar özlərini qeyri-kafi hiss edir və başqalarının gözləntilərini yerinə yetirməkdə çətinlik çəkir, öz səhvlərini etiraf etmək əvəzinə, başqalarını günahlandırmağa meylli olurlar.
Bir sözlə narsist ana tərəfindən böyüdülmək uşağın sonrakı həyatında ciddi psixoloji problemlərə yol aça bilər. Ona görə də bu vəziyyətdən təsirlənən uşaqları dəstəkləmək vacibdir. Bu işdə psixoloqlar və terapevtlər kömək edə bilər.
Narsist valideynlik nəsildən-nəslə ötürülür
Necə ki, bəzi xəstəliklər var, o, bir neçə nəsil davam edir, eləcə də narsizm. Ananın məhəbbətlə tərbiyə edə bilmədiyi övladı çox halda sevməyi, sevgi verməyi bacarmır. Çox vaxt bu sevgisizlik silsiləsi nəsildən-nəslə keçir və ailənin “analıq” modelinə təsir edir. Oyun terapevti Bayron Norton deyir ki, bizim analıq münasibətimiz gələcək 5 nəslin valideynlik tərzinə də təsir edəcək. Yəni, analıq modeli gələcək nəsillərə miras və ya ailə mədəniyyətinin bir hissəsi kimi ötürüləcək.
Qızlarına xaraktercə kifayət qədər yaxşı olmadığını və sevgilərinə layiq olmaq üçün başqa birisi olmaları lazım gəldiyini bildirən analar onlarda ömürləri boyu qarşılaşacaqları bir güvənsizlik və bədbəxtlik hissini yetişdirir. Anası ilə münasibətində razılıq ala bilməyən qız dünyada heç bir dəyəri olmadığını və nə etsə də, kifayət qədər sevilməyəcəyini öyrənir. O, anası ilə səmimi münasibət qurmaq üçün əlindən gələni edir, lakin heç bir real cavab ala bilmir. Bir müddət sonra bu sevgisizliyin özündən qaynaqlandığına qərar verir, kifayət qədər yaxşı olmadığına və nə etsə də, sevilməyəcəyinə inanır.
Qız hiss edir ki, ailədə dəyərli olmaq üçün anasının istəklərinə uyğun davranmalıdır. Seçdiyi paltarları, rəfiqələri, məktəbdəki uğurları onun özünün deyil, anasının istədiyi, uyğun gördüyü olmalıdır. Qızlar böyüdükcə nəyinsə çatışmadığını və səhv olduğunu dərindən bilir, lakin əsl problemin nə olduğunu anlaya bilmirlər. Uzun müddətdən sonra onlar valideynlərinin yüksək standartlarına və xoşbəxtliyinə həsr olunmuş bu həyatın öz həyat tərzlərinə və hətta emosional seçimlərinə necə təsir etdiyini dərk edirlər.
Narsist ana həm də narsist qayınana olur
Beləliklə, bayaqdan bəri haqqında danışdığımız analar bir gün övladı ailə quranda artıq narsist qayınanaya çevrilirlər. İndiyədək övladını öz istəkləri çərçivəsində böyüdən, onun arzu-istəklərinə dəyər verməyən, özünü ailədə hər kəsdən üstün, ağıllı zənn edən, davranışları ilə həyat yoldaşından da, övladlarından da yüksək səviyyədə olduğunu sərgiləyən ana, sözsüz ki, bütün bunları evinə yenicə qədəm qoyan gəlini üçün də təkrarlayacaq.
Evdə hakimiyyəti öz əlində saxlamaq, hər kəsi bacarıqsız zənn etmək, onun məsləhəti ilə oturub-durmağı arzu edən qayınanalar var. Bir zaman oğluna bəslədiyi münasibətlərin hər birini gəlininə də göstərən, sanki onu yenidən böyütməyə, tərbiyə etməyə, öz istəklərinə uyğunlaşdırmağa çalışan qayınanalar var. Gəlinin seçimlərinə qarışan, hətta öz uşağına geyim seçməkdə onunla məsləhətləşməyi tələb edən və çox vaxt bunu müxtəlif manipulyasiyalarla həyata keçirən, evdə hansı yeməyin bişirilməsinin yalnız öz istəyinə uyğun seçilməsini tətbiq edən qayınanalar var. Oğlu ilə gəlininin baş-başa qalmasını qısqanan, bunun üçün çoxsaylı maneələr yaradan, onların bir gənc kimi kinoya, teatra, konsertə getməsinə dözə bilməyən, bəzən özü də onlarla birlikdə gedən, hər hansı bir toya, ziyafətə gedərkən ondan icazə almağı tələb edən, gəlininə yalnız “bu paltarı geyinə bilərsən” iddiasında olan qayınanalar var.
Bəzən ailələr dağılır. Biz bundan çox narahat oluruq. Boşanmaların sayı artdıqca, axı nə üçün belə olsun, deyirik. Bəli, boşanmaların çoxsaylı səbəbləri var. Bunlardan biri də bax, narsist qayınanaların yeni qurulan ailələr üçün törətdiyi əngəllərdir.
Belə bir el misalı var: nə gözdən qoyur, nə yardan doyur. Bax, narsist analar narsisit qayınana kimi nə gənclərin ayrı bir evə çıxmasına imkan verir, nə də onlara evdə bir gün verir. Gənclərin ayrı yaşamasını öz hakimiyyətinin zəifləməsi hesab edir. Birlikdə yaşayanda isə narsistliyi ilə ailə üzvlərini bezdirir.
Ümumilikdə narsistlər ətrafdakı insanların həyatına çox mənfi təsir göstərməyi bacarır. Onlarla xoş münasibət, əlaqə qurmaq çox çətindir. Narsisistik şəxsiyyət pozğunluğu olan insanlar çox vaxt məhdud empatiyaya malik olurlar. Həm də çox vaxt fərqinə varmadan bir çox manipulyasiya taktikalarından istifadə edirlər. “Möhtəşəm bir mənlik duyğusuna” sahib olduqları üçün özlərini digər insanlardan üstün görürlər. Onlar başqalarından daha yaxşı rəftar edilməli olduğuna özlərini inandırır, bunu ailə üzvlərinə, ətrafdakı yaxın insanlara hərəkətləri ilə diktə edirlər.
Narsistik şəxsiyyət pozğunluğu olan insanlar davranışlarının qarşıdakı insanda hansı reaksiyaya səbəb olacağından xəbərsizdirlər və bu vəziyyəti düzəltmək qabiliyyətinə malik deyillər. Bu anlayışın olmaması ikitərəfli münasibətləri daha mürəkkəb edir və çətinləşdirir. Belə olan halda övladları, gəlini ondan uzqaqlaşmağa çalışır. Çünki ana böyük, ağbirçək olaraq gənclərin maddi və mənəvi ehtiyacları ilə maraqlanmır. Oğlu-gəlini ona həyatları və yaxud da vacib bir məsələ danışdığı zaman o, ehtiyatsızlıqla sözü kəsir və ya söhbəti özü ilə əlaqəli mövzulara yönəldir. Belə vəziyyətlərdə insan özünü dəstəksiz, diqqətsiz və ya emosional olaraq tərk edilmiş hiss edər, yoxsa etməz?..
Narsisist insanlar ana, qayınana olanda çox vaxt istədikləri hər hansı bir şeyi əldə etmək üçün fərqinə varmadan manipulyasiya taktikalarından istifadə edib övladının vaxtından, pulundan, münasibətlərindən və digər resurslarından məharətlə istifadə edir. Məsələn, evdə oğlu və gəlininin və yaxud da nəvəsinin danışdığı bir sözü öz istədiyi yönə çəkib özünü qurban kimi göstərə və ailə üzlərini günahkar hiss etdirə bilir. Bütün bunları sırf onlardan istədiyini almaq üçün edir. Uzun müddət təkrarlanan bu kimi hallar isə hər kəsin özünü yorğun və çarəsiz hiss etməsi ilə nətricələnir. Belə olanda isə gəlin evdən ayrılmaq istəyir və bunu çox vaxt da edir. Beləliklə, narsist qayınanalar çoxsaylı boşanmaların səbəb predmetinə çevrilir, lakin bunu qəti şəkildə üzərinə götürmək belə istəmir.
Çox təəssüf ki, əksər narsist ananın oğlu da evdə söz sahibi deyil. Çünki ana onun özgüvənini əlindən alır.
Narsist ana qayınana olaraq oğlu ilə yanaşı, qızı və onun ailəsi üçün də problem yaradır. Belə ki, qızına düzgün yol göstərmir, yoldaşına bu sözü de, bu hərəkəti et, belə davran deməklə onun ailəsində çoxsaylı problemlər yaranmsına səbəb olur. Çünki bu ana xəstədir, doğru-güzgün məsləhət, tövsiyə verə bilmir. Onun həyata baxışı bu cürdür. Heç kim onun doğru bildiyi fikrə müdaxilə edə bilməz. Bu halda narsizmin ayrı bir formasından istifadə edib hər kəsi haqlı ikən haqsız vəziyyətə sala bilər.
Bəs nə etməli?
Narsizm bir xəstəlikdir, psixoloji pozğunluqdur. Bu xəstəlikdən əziyyət çəkən insanlar bizim ata-anamız, bacı-qardaşımız, yaxın qohumumuz ola bilər. Bu doğmaları isə həyatımızdan çıxara bilmərik. Lakin həyatımız üçün maneçilik yaradırlarsa, onlardan kənarda yaşamaqda, bir qədər məsafə saxlamaqda heç bir qüsur ola bilməz.
Bir qayınana narsistdirsə və o, oğlunun və ya qızının ailəsi üçün problem yaradırsa, başqa bir evdə yaşamaqdan faydalı nə ola bilər? Ailənin dağılmasındandırsa, münasibətlərdə pərdənin aradan götürülməsindəndirsə, bu xəstəlik nəzərə alınmalı və ailə ayrı bir mənzildə yaşamağa qərar verməlidir.
Narsist anaların övladları bir qədər diqqətli olmalıdır. Çünki analarının bu xüsusiyyətləri şəxsi həyatlarına zərbə vura bilər. Ananın haqqı ödənməz, bəli, lakin ananın yeri başımızın üzəri olduğu kimi, həyat yoldaşımızın, övladlarımızın da yeri ürəyimizin başı olmalıdır. Onlara qarşı zorakılıq, sayğısızlıq bizi elə anamıza qarşı olubmuş kimi narahat etməlidir. Məhz bu təqdirdə onların hər birinin yerini və qədrini bilmiş olarıq.
Nəticə etibarilə, anamız narsist ola bilər, sabah qayınana olaraq da narsist ola bilər. Hətta onun tərbiyəsi altında özümüz də narsist ola bilərik. Birincisi kaş ki, nə anamız, nə qayınanamız, nə də özümüz bu cür xoşagəlməz keyfiyyətə malik olmayaq. Yox əgər, həyatın işini bilmək olmur, olarıqsa, bir-birimizi qurban etməyək. Çıxış yolu hər zaman var. Ta ki düşünüb tapa biləsən.
Mətanət Məmmədova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.