RU

Azərbaycan ABŞ münasibətləri və ya skeptik rəylər

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanla ABŞ arasında çoxdan gözlənilən diplomatik fəallıq var. Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtondadır.

Hikmət Hacıyev yüksək səviyyəli görüşlər keçirib, Cənubi Qafqazda sülh gündəliyi, regional məsələlər, Yaxın Şərq müzakirələri olub. Strateji tərəfdaşlıq məsələsi ilə bağlı işlər başlayıb. Eyni zamanda ABŞ-dan Orta Dəhliz üzrə bir heyət gəlib, xarici işlər naziri Ceyhun Bayramov heyəti qəbul edib, görüş və danışıqlar olub.

Həmin günlərdə, daha dəqiq desək, sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası keçirilib. Bu iclas tamamilə 8 avqust Vaşinqton razılaşnalarına həsr olunub. Ölkə prezidentinin Azərbaycan-ABŞ münasibətlərini reanimasiya etmək, hətta yüksəltmək planlarına parlament dəstəyi ifadə olunub. Eyni zamanda bu, sülh gündəliyinə dəstəyin ifadəsidir. Milli Məclis Azərbaycanla Ermənistan arasında imzalanmış sülh bəyannaməsini tam bəyənir. Bununla parlament mesaj verdi: paraflanmış saziş imzalansa, dərhal ratifikasiya olunacaq. Ermənistanda da hakim çoxluq bu ölkənin Milli Məclisində sənədi dəstəkləyib.

Bu, xüsusilə bu günlərdə çox önəmlidir; çünki Cənubi Qafqazda sülhü istəməyən qüvvələr, təbii ki, ən birinci Rusiya Vaşinqton razılaşmalarına mane olmağın yollarını axtarır. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bu razılaşmalarla bağlı "ehtiyatlı optimizm" göstərib. Xarici işlər naziri Sergey Lavrov isə daha da irəli gedərək, Vaşinqton razılaşmalarının gerçəkləşəcəyinə şübhə ilə yanaşıb, əlavə edib ki, bu sənədlərə nmünasibətdə "skeptik rəylər" var.

Bu fikirlərin özü Rusiyanın Vaşinqton razılaşnalarından - bölgədə sülh perspektivindən narazı və narahat olduğunu göstərir. Ancaq istər Azərbaycan nümayəndə heyətinin ABŞ-a, istərsə də ABŞ nümayəndə heyətinin Azərbaycana səfərləri Bakı-Vaşinqton xəttində daha da yaxınlaşma getdiyini, bundan başqa Azərbaycan Ermənistan rəsmilərinin öz aralarında kontaktları sülh prosesinin də sürətləndiyini aydın göstərir. Eyni zamanda Pakistan-Ermənistan və Türkiyə-Ermənistan kontaktları da sülhün əslində Cənubi Qafqaz hüdudlarını aşscağını da ifadə edir. Bunlar bölgədə sülhə dair "skeptik" rəylərə tutarlı cavabdır.

Sosial şəbəkənin Azərbaycan seqmentində belə bir fikir də yer alıb: hazırda Rusiyanın yanında olmaq Rusiyanın qarşısında olmaq qədər təhlükəlidir. Rəsmi Moskva Azərbaycana qarşı elə bir çox yanlış və ifrat sərt mövqe tutub ki, onun rəqibi olmaqla müttəfiqi olmaq arasında fərq qalmayıb. Bu da Rusiyanın siyasi cazibəsini sıfırlayır. Azərbaycanın haqlı tələblərindən yayınmağı bir yana, üstəlik Azərbaycana haqsız tələblər irəli sürülməsi Rusiyanın dövlət ağlını itirməsi anlamına gəlir. Öz qonşuları, hətta dostları və müttəfiqləri ilə aşağılayıcı və ya hədələyici tonda danışmaqla Rusiya özünü getdikcə daha çox təcrid edir. Söhbət təkcə Azərbaycandan getmir; Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində guya müttəfiqlik etdiyi Qazaxıstanın təhlükəsizliyini Moskva zaman-zaman təhdid edir. Bu cür qeyri-adekvat davranışlar hətta Rusiyaya ən yaxın hökumətləri də düşünməyə məcbur edir. Bu baxımdan Azərbaycanın Qərblə, xüsusilə ABŞ-la dialoqu mühüm önəm daşıyır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
bizimyol.info

1Источники