RU

Səudiyyə Ərəbistanı günəş enerjisinə keçir

Krallıq dünyanın ən iri günəş elektrik stansiyaları və enerji anbarları qurur...

Poliqon xəbər verir ki, Səudiyyə Ərəbistanı neft nəhəngi statusunu qorusa da, sürətlə alternativ enerji mənbələrinə yönəlir. ABŞ-ın Wall Street Journal nəşrinin yazdığına görə, krallıq dünyanın ən iri günəş elektrik stansiyalarından bəzilərini və gün işığı bitdikdən sonra elektrik enerjisini saxlamağa imkan verəcək nəhəng akkumulyator sistemlərini inşa edir. Bu sürətli genişlənmə Səudiyyə Ərəbistanını qlobal miqyasda ən sürətlə böyüyən günəş enerjisi bazarlarından birinə çevirir.

Rəsmi Riyad hesab edir ki, günəş işığının səmərəli istifadəsi ölkə iqtisadiyyatını transformasiya edə, həmçinin dövlət büdcəsini yeni gəlir mənbələri ilə təmin edə bilər. Enerji tələbatının artması, xüsusilə yeni turizm kompleksləri, sənaye müəssisələri və süni intellekt mərkəzlərinin fəaliyyətə başlaması fonunda alternativ mənbələrin əhəmiyyəti daha da artır.

Yaşıl enerji həmçinin Səudiyyə Ərəbistanına özünün əsas sərvəti olan neftdən daha səmərəli yararlanmaq imkanı verəcək. Hazırda krallıq elektrik enerjisinin istehsalı üçün xeyli həcmdə neft yandırır. Günəş və digər alternativ mənbələrə keçid bu xərci azaldacaq və əlavə neft həcmlərinin ixracı üçün yeni imkanlar yaradacaq.

Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər elektrik enerjisinin yarısını təmiz mənbələrdən əldə etməyi hədəfləyir. Bu plan ölkənin “Vision 2030” strateji proqramı çərçivəsində həyata keçirilir və həm daxili enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, həm də qlobal bazarlarda rəqabət gücünün artırılması məqsədi daşıyır.

Poliqon.info

Избранный
54
poliqon.info

1Источники